“Bununla bağlı Səhiyyə Nazirliyinə tabe olmayan bir komissiya yaradılacaq”
Uzun müddətdir ki, “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin nə vaxt qəbul olunacağı, qanunun necə işləyəcəyi ictimai müzakirə mövzusudur. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün Modern.az Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevdən müsahibə alıb.
- “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin yaz sessiyasında müzakirə olunacağı gözlənilirmi?
– Xeyr, bu qanun layihəsi yaz sessiyasına çıxarılmayacaq, çünki tam hazır deyil. İkinci tərəfdən, bu qanun layihəsinin işləməsi üçün hələ ölkədə müvafiq şərait yoxdur. “Pasiyent hüquqları haqqında” qanun layihəsinin işləməsi üçün gərək icbari sığorta ölkə ərazisində tam və geniş şəkildə tətbiq olunsun. Bizim hazırladığımız qanun layihəsi daha geniş və yüksək tibbi xidmətin həyata keçirilməsini və pasiyentlərin daha bahalı tibbi müdaxilə və ya müayinə tələb etməsinə hüququ əsaslar yaradan bir layihədir. Bu qanun layihəsi qəbul olunduğu halda icbari tibbi sığorta tətbiq olunmadığı üçün istər dövlət müəssisəsində, istər özəl müəssisələrdə çox ciddi konfliktlər ortaya çıxacaq. Həm həkimlə müəssisə rəhbərliyi arasında, həm müəssisə ilə vətəndaş arasında. Buna görə də şəxsən özüm bu qanun layihəsinin indi qəbul olunmasının tərəfdarı deyiləm. O zaman qanun layihəsinin qəbul olunmasına ikiəlli səs verəcəyəm və hazırlanmasında iştirak edəcəyəm ki, icbari tibbi sığorta ölkədə tətbiq olunsun. Amma bu o demək deyil ki, pasiyentlərin Azərbaycanda tamam hüquqları yoxdur və ya müdafiə olunmur. 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” çərçivə qanununda pasiyentin hüquqları haqqında müddəalar var və əsas müddəalar xəstənin xəstəxananı, müalicə həkimini seçmək hüququ, müalicədən imtina etmək və ya müalicə tələb etmək hüququ, öz sağlamlığı barəsində məlumat almaq, yaxud məlumatın başqasına verilməsini qadağan etmək hüququ, ona lazımi tibbi müdaxilənin, yaxud tibbi müayinənin nəticələri ilə razı qalmadığı halda şikayət vermək kimi fundamental hüquqlar verilir. Amma daha geniş və bahalı müalicə və ya müayinə tələb etmək hüququ yalnız düşünürəm ki, icbari tibbi sığorta işə düşəndən sonra vətəndaşa verilə bilər. Biz bu hüquqları indi vətəndaşa versək, çox ciddi konfliktlər ortaya çıxacaq.
- Hüquqları qeyd etdiniz, bəs bu hüquqlar pozulduğu halda hansı cəzalar tətbiq olunacaq?
– Bu hüquqlar var və bu gün də qorunur. İstər İnzibati Xətalar Məcəlləsi, istər Cinayət Məcəlləsində vətəndaşların hüquqlarının pozulması ilə bağlı müddəalar var: xəstəyə lazımi kömək göstərməmək, xəstə həyatını təhlükədə qoymaq, onun diaqnozu və ya müalicəsində səhlənkarlıq göstərmək və s. Həmin tibb işçisinə cərimədən, işdən müəyyən müddət kənarlaşdırılmasından tutmuş həbs-qəti imkan tədbirlərinə qədər uyğun tələblər tövsiyyə oluna bilər.
- Bəs “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsində tətbiq olunacaq cəzalar nədən ibarət olacaq?
– “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanun layihəsində cəzalar nəzərdə tutulmur. Cəzalar Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində tutulur. Orada yalnız vətəndaşın hansı hüquqlardan istifadə etməsi və hansı hüquqları tələb etməsi var. Qanun layihəsi qəbul olunduqdan sonra hüquqlar pozularkən indiki qanunvericiliyə ehtiyac olarsa əlavə və dəyişiklər olunacaq. Tam əhatə edirsə o zaman ehtiyac qalmayacaq.
- Necə müəyyən olunacaq ki, həkim pasiyentə düzgün diaqnoz qoyub ya yox?
– Bunlar hamısı layihədə var və o qəbul olunmayana qədər bunları desəm, subyektiv fikir kimi qəbul olunacaq. Həkimin pasiyentə düzgün diaqnoz qoyub-qoymasını müəyyən etmək üçün Səhiyyə Nazirliyinə tabe olmayan bir komissiya yaradılacaq. Komissiyanın tərkibində təcrübəli və öz sahəsi üzrə ən azı 5 il stajı olan mütəxəssislər, Həmkarlar İttifaqının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar olacaq, yəni ictimai nəzarət komissiyası olacaq və bu komissiyaya vətəndaş öz ərizəsi ilə müraciət edəcək. Birinci növbədə komissiya araşdıracaq ki, vətəndaşın şikayəti əsaslıdır, ya əsassız, subyektivdir, yoxsa burada obyektiv əsaslar var. Əgər əsassızdırsa və vətəndaş öz emosiyaları ilə bağlı şikayətini edirsə, onda izahat veriləcək ki, həkimin burada səhvi və ya səhlənkarlığı yoxdur, tibb müəssisəsi öz üzərinə düşən vəzifəni yerinə yetirib. Yox, əgər komissiya tapsa ki, burada hər hansı həkim səhlənkarlığı və ya tibb müəssisəsi tərəfindən qanun pozuntusu var, artıq komissiya qərarını bildirir ki, bəli vətəndaşın şikayəti filan səbəblərdən haqlıdır. Ondan sonra vətəndaş özü Səhiyyə Nazirliyinə və ya həmin müəssisənin baş idarəsinə, hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməyə qərar verəcək.
- Qeyd etdiniz ki, qanun layihəsi hələ Milli Məclisin yaz sessiyasının müzakirəsinə salınmayacaq, bəs bu sənədin nə vaxt tətbiq olunacağı gözlənilir?
– Büdcə müzakirə olunanda çıxış edən deputatların əksəriyyəti dedi ki, icbari tibbi sığorta işə düşməlidir. Hökumət də bu istiqamətdə addımlarını atıb. İcbari tibbi sığorta bəlkə bu il tətbiq olunacaq? Onda payız sessiyası və ya gələn ilə bu qanun layihəsini hazırlayıb verə bilərik. Qanun əsas müddəaları, onun qaralama variantı hazırdır. Onun üzərində bir az işləyib o qanun iclasa təqdim etmək olar.
- Eyni zamanda apteklərdə dərmanların vahid qiymətə satılmasının tətbiqi nəzərdə tutulur, fikrinizcə, bunun xeyri və ya ziyanı olacaq?
– Dərman strateji məhsuldur və strateji məhsulların dövlət tərəfindən qiymətinin tənzimlənməsi bir çox ölkələrdə tətbiq olunur, eyni zamanda Azərbaycanda da strateji məhsulların qiyməti dövlət tərəfindən uyğunlaşdırılır, tənzimlənir. Düşünürəm ki, dərmanı da bu cür tənzimləmək olar və ölkə ərazisinin hər yerində eyni qiymətə satılması, yaxud müxtəlif şirkətlərdən alınmasına baxmayaraq Azərbaycana eyni qiymətə gətirilməsi ölkə vətəndaşının dərman təminatının həm yaxşılaşdırılmasına, həm də lüzumsuz xərclərin aradan qaldırılmasına gətirib çıxarda biləcək. Heç şübhəsiz ki, bu layihə o ölkələrdə daha effektli işləyir ki, onlar özləri çox dərman istehsal edirlər. Təəssüf ki, Azərbaycanda dərmanların 95 faizə qədəri yalnız idxal olunur, bizdə istehsal yoxdur. Hesab edirəm ki, dərmanların üzərinə vahid qiymətin yazılmasının tətbiqi həm də ölkə daxili dərman istehsalını da stimullaşdıran amillərdən biri ola bilər.
- Vahid qiymətin tətbiqi ölkə əhalisinin büdcəsinə uyğun keçiriləcək, əlavə qiymət artımı olmayacaq, ümumiyyətlə qiymət necə tənzimlənəcək?
– Dərmanın maya dəyəri var. Səhiyyə Nazirliyinin əczaçılıq fəaliyyətini tənzimləyən böyük qurumu var. Bu qurum necə illərdir işləyir və böyük dərman şirkətləri ilə əlaqələri var. Bilir ki, həmin şirkətdə dərmanın maya dəyəri necəyədir, Azərbaycan gətirilib çıxarılan maya dəyəri necəyədir və sahibkara da 5-10 faiz öz qazancı və marağı üçün imkan verir və bunların hamısı hesablanandan sonra dərmanın qiyməti onun üzərinə yazılır. Bunlar hamısı həm elmi, həm də nəzəri-hüquqi cəhətdən əsaslanandan sonra yazılacaq.
- Bazar iqtisadiyyatı dövründə bu cür sistemin tətbiqi sizcə, narazılıq yaratmayacaq?
– Təbii ki, sahibkarın marağına uyğun olmaya bilər, amma millətin marağına uyğundur.
- Bəs bu nə vaxtdan ölkə ərazisində tətbiq olunacaq?
– Bunu müvafiq icra hakimiyyəti orqanları-İqtisadi İnkişaf Nazirliyi ilə Səhiyyə Nazirliyi müəyyənləşdirir. Hesab edirəm ki, 2013-cü il ərzində bu tətbiq oluna bilər.
- Vahid qiymət bütün dərmanlara tətbiq olunacaq?
– Bütün dərmanlara aid olmalıdır.
Aytən Əliyeva