...Müsahibə bitdi. Diktafonun yazıb-yazmadığını bir də yoxladım. Əmin olduqdan sonra çantama qoydum. Redaksiyadan aldığım tapşırığın bir hissəsi yerinə yetirilmişdi. Xocalı faciəsinin 20 illiyinə həsr olunmalı yazı üçün material artıq hazırıydı.
Material deyəndə ki, 1992-ci il Xocalı faciəsi haqqında yazılmış məlumatları, o dövrün ölkə və xarici mətbuat orqanlarında çap olunan xəbərlərin bir qismini oxuyub, qeydlər götürmüşdüm.
Faciənin şahidləriylə görüşmək də çətin olmadı. Bir zamanlar oxuduğum Bakı Dövlət Universitetinin tələbə yataqxanasına baş çəkdim. Ancaq orada işlərim bir az müşkülə düşdü. Yataqxanada qarşılaşdığım xocalılı cavanları söhbətə tutmadım. 20 il bundan əvvəlki Xocalı onların bəziləri üçün dumanlı xatirələr, daha gəncləri üçün isə böyüklərindən eşitdikləri əsasında yaratdıqları təsəvvürlər, xəyallardır.
Orta yaşlılar və ahıllar isə yorulublar. Dərdlərini dilə gətirməkdən deyil, inamsızlıqdan usanıblar. Ötən 20 ildə əli diktafonluları, mikrafonluları çox görüblər. Dilə gətirməsələr də, ürəklərindən keçənləri üzlərindən oxudum: “İndiyədək yazdınız, nə oldu ki?”, - deyirdilər mənə. Onlara haqq qazandırıram, hər dəfə onsuz da sağalmayan yaralarının qaysağını qoparırıq. “Hər il işğal olunan ərazilərimizi itirdiyimiz günü yazılarla anmaq elə bizim üçün də əzabdır”. Mən də düşündüklərimi onlara söyləmədim...
Xocalılardan biri müsahibəyə razılıq verdi. “Xocalı şəhər sakini İsmayıl Cavadov”. Müsahibim özünü belə təqdim elədi: “Xocalı şəhər sakini...”. Ürəyimdə acı-acı gülümsəyib, onun sözlərini təkrar elədim. Xocalının işğalından danışmazdan əvvəl o, el-obasının ağsaqqallarını, ağbirçəklərini qınadı: “Müxtəlif illərdə erməni-azərbaycanlı münaqişəsi olub, 1992-ci ilədək üç dəfə Xocalı ermənilər tərəfindən yandırılıb. 1905-ci ildə, 1918-ci ildə və 1950-ci illərdə. Kəndimizin yaşlıları adbaad deyirdilər kənddə kimin qardaşını, kimin əmisini, dayısını, südəmər körpəsini, gəlinini, oğlunu, qızını ermənilər vəhşiliklə qətlə yetirib, əsir ediblər. Ancaq bir kərə də onların dilindən eşitmədik bizə anlatsınlar: “Ermənilər bizim düşmənimizdir, onlardan ehtiyatlı olun”. Biz tarixini unudan millət deyilik, amma düşməninə də acıyan millətik. Gəlin bunu etiraf edək”.
Etirafdan sonra o dəhşətli gündən danışdı Xocalı şəhər sakini. Bütün Azərbaycandan təcrid olunmuş Xocalının 1992-ci il fevralın 25-dən 26-sına keçən gecəsindən. Xocalının yağıların yağmaladığı gecəsindən. Xocalının tarixdən silindiyi gecəsindən. Xocalının qız-gəlinlərinin, uşaqlarının, yaşlılarının alçaldılıb təhqir olunduğu gecəsindən...
O gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalıya hücum edib şəhərı oda tutdular. Xocalıya vurulan o od hələ də xocalıların ürəyini korun-korun yandırır. Ömürlərini külə döndərir. O gecə canlarını götürüb evlərindən, şəhərlərindən qaçan xocalılar düşmən güllələrinə tuş gəldilər. Canlarını qurtaranlar Naxçivanik kəndi yaxınlığında erməni silahlı dəstələrinin pusqusuna düşdülər. Güllələrdən yayınıb meşələrə, dağlara qaçanları soyuq, şaxta pəncəsinə aldı. Əsir götürülənlər şəhid olanlara həsəd apardılar.
O gecə İsmayıl Cavadov da ailəsi ilə birlikdə Ağdama pənah gətirib. Kiçik bacısı Rayanın həyat yoldaşı 43 yaşlı Yelmar və 19 yaşlı oğlu Zahid hücum başlayanda binanın zirzəmisində daldalanıblar. Şəhərin yad əllərə keçdiyini anlayanda oradan çıxıblar. Gecənin qaranlığında çılpaq üzümlüklərdən keçiblər. Əsgərandan Xanabada gedən yola səhərəyaxın çatıblar. Qarşıda bir maşın dayanıbmış. Maşının işığında xocalılı qadın, kişi və uşaqların əsir götürüldüyünü görüblər. Ermənilər gəlinlərin boyun-boğazından, qulaqlarından zinət əşyalarını dartıb çıxarır, onları ələ salır, əylənir, söyür, təhqir edirdilər. Yelmar dözməyib erməni yaraqlılarının üstünə atılıb. “Sizin də ananız, bacınız var”... Bu Yelmarın son sözləri olub. Ermənilər onu güllələyiblər. “Yetimliklə böyümüşdü Yelmar”, - İsmayıl Cavadov dedi: “Altı uşaq atasıydı. Dişlə-dırnaqla özünə gözəl ev tikmişdi Xocalıda. Usta idi. Xocalının bəlkə elə evi yox idi ki, onda Yelmarıın əllərinin izləri olmasın. Təxminən bir həftə sonra əsirlikdən azad edilən qadınlar Yelmarın faciəsini danışdılar bizə. Onun cənazəsini alıb Ağdamda dəfn elədik”. Zahidin taleyindən də bu günədək xəbərsizdilər.
İsmayıl Cavadovun Cəmillidə yaşayan böyük bacısının oğlu Bəhram İsmayılov da Qarabağ müharibəsində şəhid olub. Təzə evlənibmiş. Həyat yoldaşı hamilə imiş...
Xüdahafizləşib getməyə hazırlaşırdım. Amma yaşlı Xocalı sakini, deyəsən, mənim yenidən oyatdığım dərdlərini ovuda bilmirdi. Ayaq saxlamalı oldum. İndi müsahib-müxbir kimi danışmırdıq. Sadəcə o, ürəyini boşaldır, mən dinləyirdim: “Raya bizim sonbeşiyimizdir. Görsən ürəyin ağrıyar. Oğul dərdindən yumağa dönüb”. Sonra ah çəkdi: “Əsirlikdən gələnlər deyirdilər ki, ermənilər Xocalının özünümüdafiə dəstəsinin üzvlərinə amansızlıqla divan tuturdular. Zahidin də əynində milli ordumuzun geyimi vardı. Onun əsirlikdən azad edilməsi üçün çox çalışdıq. 1992-cı ildə ailəsindən ayrı düşmüş iki erməni uşağını evimizə gətirdik. O vaxt müharibədə əsir düşənlər dəyişdirilirdi. Biz də ümid idik ki, qızları verib Zahidi geri alacağıq. Onlardan birinin 7, o birinin 9 yaşı vardı. Bacı idilər. Aclıq, qıtlıq illəriydi. Yemək tapmırdıq. Allah göydən baxır. Tapdığımız yeməkdən birinci onlara verirdik. Bir gün kiçik oğlum ağlayıb meyvə istədi. Bir kilo alma aldıq. Arvadım meyvələri yudu, birinci qızlara, sonra öz uşaqlarımıza verdik. Arvadıma deyirdim: “Sən Allah əvvəl onlara yemək ver, sonra öz uşaqlarımıza”. Xocalı sakini ağladı: “Allaha xoş getməzdi. Onlar uşaqdılar. Onların günahı yoxdu. Qorxmasınlar deyə qızları sakitləşdirirdik ki, sizi tezliklə ailənizə verəcəyik”.
Zahiddən səs-soraq çıxmayıb. Artıq üz-gözləri öyrəşmiş qızları buradan əzizləri kimi yola salıblar. Onları o zaman bir əsgərimizin meyitinə dəyişiblər. Ötən il yazını hazırlayanda hesabladım. O qızlardan birinin 27, digərinin 29 yaşı var. Allah eləsin, o günləri unutmasınlar və övladlarına hər şeyi olduğu kimi anlatsınlar.
Bir az öncə ermənilərin nadürüstlüyündən danışan yaşlı qaçqın kişi onların körpəsinin köməksiz hallarını yada salıb ağlayır, uşaqlara göz bəbəkləri kimi baxdığını deyirdi mənə və Allahı şahid gətirirdi.
Ötən il eşitdiyim bu hadisəni Əkrəm Əylislinin Azərbaycan cəmiyyətinin başına bir daş kimi vurduğu “Daş yuxular” əsərini oxuyandan sonra dönə-dönə xatırladım. Əkrəm Əylisli istedadlı yazıçıdır. Amma yeganə deyil. Bir də ki, erməni-Azərbaycan münaqişəsi barədə dünyaya səs salacaq əsərlər yazmaq üçün təxəyyülə, yuxuya, uydurmaya gərək yoxdur. Heç zəhmət çəkib arxivlərə getməmək, kitabları vərəqləməmək də olar. Hələ yaddaşlardan-yaddaşlara köçməyib, o tarixin şahidlərinin çoxu aramızdadır. Bizim yaddaşımızda o qədər gerçək hekayələr var ki. Birini mən dedim, həm də adı ilə ünvanı ilə.
Demək istədiyim budur: nə yaddaşımızı yuxulara verək, nə də “Daş yuxular”la atılan daşın altında qalaq. “Daş yuxular”ın uydurmaları ilə hiddətlənib yenidən uyumayaq, tariximizin gerçək üzünü əks etdirən əsərlərlə gözlərimizi açaq...