Modern.az

Aksiya anlaşılmazlığı

Aksiya anlaşılmazlığı

Ölkə

18 Mart 2013, 12:09

Akif Nağı

Mənim müşahidələrimə görə, bizdə etiraz aksiyaları ilə bağlı yanlış təsəvvür hökm sürür, anlaşılmazlıq baş alıb gedir. “Əsgər ölümlərinə son!” adı altında keçirilən aksiyalar da birmənalı qarşılanmadı, mənim bu aksiyalara münasibətimə də münasibətlər müxtəlif oldu. Bu aksiyalara, yəni mitinq, piket, yürüş və sair formalara dağıdıcı bir vasitə kimi baxırlar. Bir tərəf bu dağıdıcı vasitədən istifadə edib əks tərəfi dağıtmaq istəyi ilə yaşayır, digər tərəf isə bu dağıdıcı vasitədən çəkinərək, beşiyindəcə boğmağa çalışır. Hər iki yanaşma kökündən yanlışdır. Hər iki tərəf yanlışlığa yol verir, nəticədə isə uduzan dövlət və cəmiyyət olur.

Bir neçə cümlə ilə aksiyaların tarixinə toxunuram. Elə böyük tarixi də yoxdur, ötən əsrin əvvələrindən o tərəfə keçmir. Aksiyalar dövlətlə cəmiyətin, hakimiyyətlə xalqın münasibətlərini nizamlamaq vasitəsi kimi ortaya gəlib. O vaxta qədər bu münasibətləri silahlı qarşıdurma, çevriliş, üsyan və sair vasitələrlə yoluna qoymağa çalışırdılar. Çox vaxt da bu vasitələr istənilən nəticələri vermir, əksinə, vəziyyəti daha da pisləşdirirdi. Həyatın özünün tələbatına uyğun olaraq yeni vasitələr, yəni aksiyalar ortaya gəlir, tədricən münasibətləri nizamlayan əsas alətə çevrilir. Sivil cəmiyyətdə belədir ki, hakimiyyət özü aksiyaların keçirilməsində maraqlı olur, bu aksiyalardan öz siyasətində  düzəlişlər etmək üçün istifadə edir. Elə həmin sivil cəmiyyətdə siyasi partiyalar, hər hansı narazı sosial təbəqələr də etirazlarını aksiyalar vasitəsi ilə bildirməyə üstünlük verirlər. Ağıllı hakimiyyət aksiyaların tələblərini nəzərə alır, düzgün nəticələr çıxarır, bununla öz ömrünü uzadır. Axmaq və dayaz düşüncəli hakimiyyət isə xalqın etirazlarına, aksiyaların tələblərinə reaksiya vermir, nəticədə ixtişaşlara, kortəbii üsyanlara yol açırlar. Mən “əsgər ölümlərinə son” aksiyalarını xüsusi olaraq qabartmaq istəmirəm.  Amma daha çox fikir ayrılığı yaratdığına, həm də dediyimiz fərqli münasibətləri daha aydın  şəkildə nümayiş etdirdiyinə, mümkün təhlükələri açıq şəkildə göstərdiyinə görə bu nümunənin üzərində dayanıram. Digər tərəfdən, bu aksiyanın davamlı olacağı ehtimalı böyükdür. Təsəvvür edin ki, bu aksiyaların qarşısını almaq mümkün olmur, hadisələr nəzarətdən çıxır, kimin əlinə harda nə keçirsə, dağıdır, məhv edir. Çox böyük ehtimalla  hakimiyyətsizlik vəziyyəti yaranır. Bundan kim və nə qazanacaq? Nəisə qazanacağına ümid edənlərin, “bundan da pis olmayacaq ki”, “prosesi başlayaq, sonrasına baxarıq” sarsaqlığı ilə düşünənlərin (inanın ki, belələri kifayət qədərdir), hakimiyyətdən narazı, çox vaxt da haqlı olaraq narazı qalanların, dəliqanlı gənc “inqilabçılar”ımızın, bu hakimiyyəti heç cür qəbul etmək istəməlyənlərin də nəzərinə məlum aksiomanı çatdırmaq istəyirəm: ən pis hakimiyyət də hakimiyyətsizlikdən yaxşıdır. Xahiş edirəm heç kəs bunu yaddan çıxartmasın. Hadisə baş verəndən, ölkə viran qalandan sonra başa-gözə döyməyin heç bir faydası olmayacaq. Necə ki, İraqda, Misirdə, Liviyada, Suriyada başına-gözünə döyənlərin heç bir faydası yoxdur. Bu, bizim üçün əyani misaldır: hakimiyyətdə olanlar etiraz səslərinə reaksiya verib, vaxtında düzgün qərar qəbul edə bilmədilər, hakimiyyətin üstünə gedənlər, qabaqlarına çıxanı dağıdanlar isə  hakimiyyəti, hakimiyyətdə olanları deyil, öz ölkələrini dağıtdıqlarının, özü də biryolluq dağıtdıqlarının fərqinə varmadılar. Qazanan olmadı, hamı uduzdu, indi oturublar öz əlləri ilə yaratdıqları cəhənnəmin içərisində, başa da düşmürlər ki, Dante demişkən, “oradan geriyə yol yoxdur!”. Mən Azərbaycanın çıxılmazlığa düşməsini, dövlətimizin param-parça, məhv olmasını istəmirəm. Bəzi ağıllı hesab etdiyim adamların da məni başa düşmədiyini, “yox ey, bu hakimiyyət getməsə xeyri yoxdur” deməyini eşidəndə, görəndə, mənə qarşı “bu da hakimiyyətə satıldı” ittihamları ilə üz-üzə gələndə çox pis oluram, Xudu müəllim demiş, daha heç nəyə təəccüblənmirəm, hərdən sadəcə təəssüflənirəm. Mixail Zadornovun bir sözü var: Sənə axmaq deyirlər və sən bundan inciyirsənsə, deməli, doğurdan da axmaqsan. Sən axmaq olmadığını bilirsənsə, sənə axmaq deyilməyindən inciməməlisən, deməli, deyənin özü axmaqdı, ya da qərəzlidir. Sonda hər iki tərəfə aksiyalarla bağlı mövqelərini dəyişməyi təklif edirəm. Hakimiyyət istənilən siyasi qüvvənin istənilən yerdə aksiya keçirməsinə şərait yaratmalıdır. Avropada, Türkiyədə, Rusiyada, lap elə bədbəxt Ermənistanda on minlərlə adam çıxır, sözünü deyir, bunda qorxulu bir şey yoxdur. Siyasi partiyalar, müxalifət də aksiyalara haranısa dağıtmaq, “urrey”nən hakimiyyətə gəlmək üçün vasitə kimi baxmamalıdır. Məsələn, antiqlobalistlər, PKK-çılar aksiyalara məhz bu mövqedən yanaşır, xırda bir məqamdan haranısa dağıtmaq üçün istifadə etməyə çalışırlar. Onları başa düşmək olar, dağıtdıqları onların deyil. Biz isə, əgər hələ də başa düşmək istəməsək, dağıdacağımız öz dövlətimiz olacaq. Gəlin, bir daha düşünək, doğurdanmı, 3-5 il hansısa kresloda oturmağın xatirinə dövlətimizin taleyi ilə oynamağına dəyər?! Xahiş edirəm bu sualın cavabında heç kəs “biz Azərbaycana demokratiya gətirəcəyik, ölkəni xilas edəcəyik” kimi gülünc ibarələrlə özünü və bizi aldatmasın. Mən mətbuatda, sosial şəbəkələrdə bu cür bəyənatları eşidirəm, görürəm. Bunu deyənləri çox yaxşı tanıyıram. Özlərini təlxək yerinə qoymasınlar, bir faydalı işlə məşğul olmaq istəyirlərsə, özlərindən başlasınlar, əvvəlcə özləri demokrat olsunlar, təmiz, ədalətli olsunlar və, ən əsası, milləti, ölkəni xilas etməyə ehtiyac yoxdur, özlərini xırda, cılız hisslərdən xilas etsinlər. Hər kəs özündən, öz içərisindən başlasa, çox tezliklə yeni və möhtəşəm xalq hərəkatının şahidi olarıq. Hakimiyyətin, müxalifətin tərəfində deyil, dövlətin keşiyində dayanmalı və razı olmamaılıq ki, dövlətimizin taleyi küçələrdə, meydanlarda həll olunsun.  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı