Uşaqları tərbiyələndirəndə bəzən özümüz də bilmədən xətalara yol veririk. Sonradan isə ha nəsihət veririk, xeyri olmur. Uşaq düzəlmir ki, düzəlmir. Çünki bu ruhda tərbiyə veririk. Mən özüm də etiraf etməliyəm ki, bu yöndə tərbiyə alanlardanam.
Söhbət mədəni dildə desək, mərcdən gedir. Amma nədənsə futbol mərclərinə xalq arasında qumar deyirlər. Çünki nəfsini saxlamayanda mərc qumara çevrilir, sonu isə bədbəxtçilik, bəzi hallarda isə intihara.
Uşaqlıqda qoyun, qurbanlıq kəsəndə atam xüsusi olaraq onun oynaq aşıqlarını yığırdı. Deyirdi ki, uşaqlığı yadına düşür. “Aşıq”ları müxtəlif rənglərə boyayırdı. Hərdən bir oynayırdıq da. Kimdə çox aşıq alçı dururdu, o da qalib gəlirdi. Sonradan bildim ki, bu oyunu həm də qumar kimi oynayıblarmış. Bu “aşıq”lar neçə-neçə evlər yıxıbmış.
Dayılarım tez-tez nərd oynayırdılar – pivədən, araqdan, qonaqlıqdan. Şamaxıya gedəndə 10-15 nəfər bir yerə toplaşıb loto oynayırdıq. 5-10 qəpikdən. Kim tez “gözləyib, qurtarırdı” pula da o yiyə dururdu. Böyüklərdən bir nəfər də demirdi ki, bu qumardı - oynamayın.
Toyuq əti yeyəndə də onun haça döş sümüyünü axtarırdım. Tezcənə evdəkilərlə mərc qoşurdum. Bəxtim gətirəndə “apardım, apardım” deyə səsim evi götürürdü.
Tez-tez rayona gedirdik. Getməmişdən qabaq atam 1 rubl ayırırdı ki, sağ-salamat gedək qayıdaq, qabağına çıxan birinci dilənçiyə verəcək pulu. Adına nəzir deyirdi. Amma şərt kəsirdi. Kiminlə bilmirəm. Bəlkə də mərc qoşurdu – müasir dildə desək.
Universitetə qəbul imtahanı verirdim. Elmlər Akademiyası metrosundan BDU-ya uzanan yol dilənçilərlə, qaraçılarla dolu olurdu. İmtahana gedəndə hamı onlara pul verirdi. İmtahandan çıxanda bir qism onlara sevinclə, bir qism isə qəzəblə baxırdı. Amma heç kim daha pul vermirdi. Artıq mərc başa çatmışdı axı.
Üstündən illər keçdi. Böyüdüm. Günlərin bir günü evdə oturmuşdum. Qapı döyüldü. Bacanağımın oğlu idi. Qurban payı gətirmişdi. “Mahir əmi, anam demişdi ki, məktəbi öz gücünə qurtar, qurban kəsəcəyik. Mən də öz biliyimlə imtahanları verdim. Bu gün qurban kəsdik”. Bir anlıq fikrə getdim. Əcaba, görəsən məktəbi tapşırıq və ya pulla qurtarsaydı qurban kəsməyəcəkdilər? Axı niyyət məktəbi – orta təhsili başa vurmaqdan gedir, rüşvətsiz buraxılış imtahanları verməkdən yox.
Deməli bu niyyət yox, mərc imiş. Bacanağımın oğlu udmuşdu. Atasını, anasını 500, 1000, 1500 manat rüşvətdən qabaq salmışdı. 2-3 aydan sonra uşaq ata-anasını mərcdə bir daha uddu. Universitetə öz başıyla girdi. Çox qəribədir. Görəsən test üsulunun mövcud olduğu bir dövrdə ali məktəbə girməyin daha hansı yolları var?
Tez-tez bacanağımın işlədiyi kafeyə gedirəm. Birinci oturub domino oynayırlar. Birinci oyunda araq, ikincidə salatlar, üçüncüdə isə kabab mərc obyekti olur. Adı da o olur ki, “mırt”a oynayırlar.
Görəsən bütün bunlar qumarın cücərtiləri deyilmi?
Kafedə işləyən cavanların tez-tez futbol mərcinə qoşulduqlarını görürəm. Tez-tez deyəndə ki, hər gün. Mərclərinə görə elə həqiqətə bənzər mübahisə edirlər ki, bəzən mən də yoldan çıxıram. Avtobus sürücüləri sərnişinlərə 20 qəpiklik sikkə kimi baxdıqları kimi, bu ofisantlar da müştəri görəndə sanki 1, 2, 3 manat görürlər. Çox hallarda ümidləri boşa da çıxır. Müştərilər nəinki “çaypulu”, heç içdikləri çayın da pulun vermirlər. Yazılır yazıq uşaqların ayağına. Onlar da bütün ümidlərini bağlayırlar “Topaz”a. Qazandıqlarını da aparıb qoyurlar ora. Özlərinə haqq da qazandırırlar. Arqumentləri də güclüdür: Günorta 1-2 radələrində mərc qoşurlar. Əmsalları da yüksək olur. “Topaz” onlara 1 manat qoyub 100, 1000, 10 min, 100 min, hətta 250 min qazanmaq şansı verir. Futbol oyunu başlayanadək, yəni gecə saat 11 - 12-yədək ümidlər, xəyallar bir-birini əvəz edir. Səhər yuxudan zəngin oyanacaqlar. Elə həmin gün filan restoranı bağlatdıracaqlar, kafedəkilərə qonaqlıq verəcəklər. Sonra avtomobil, ev alacaqlar. Özləri kimi kasıb qardaş-bacılarına maddi köməklik edəcəklər. Bir sözlə adam olacaqlar. “Caypulu” alandan, “çaypulu” verənə çevriləcəklər. Öz kafelərini açacaqlar. Danlaq yeyəndən danlayana çevriləcəklər. Arzuları çox, ümidləri isə gecə saat 11-12-də oynanılacaq oyunlaradır. Haradasa 11-12 saatlıq bir milyonerlik, zənginlik xülyası.
Görəsən bu dövrdə kim və ya hansı təşkilat dərdləri yalnız pul olan bu insanlara bu qədər ümid verə bilər? Heç “Azərlotoreya”da da bu qədər cek-pot yoxdur. Gərgin iş günündən sonra gecə saat 2-yədək yuxusuz qalır bu uşaqlar televizorda, internetdə canlı izləyirlər oyunları. Sonu isə: səhər yenidən həmin qiyafədə, həmin evdə yuxudan oyanırlar. Evdəkilərin qınaqlı baxışları altında işə yollanırlar. Amma uduzmaqları yenə də onlara dərs olmur. Yenə də beyinlərində futbol oyunları, əllərində futbol mərc qəzetləri, ürəklərində isə böyük, sonu görünməyən arzular. Ən əsası isə sabaha ümidlə baxırlar. Onları sabaha qanadlandıran isə futbol mərcləridir. Onların ümidləri “Topaz”dır. Daha doğrusu isə qumar. Bu cavanlar çox gözəl bilirlər ki, ümid sonda ölür. Bilirlər ki, nə qədər futbol var, ümidləri də ölməyəcək.
Birinə ağıl vermiş kimi qınadım. Sonu olmayan bu yoldan geri qayıtmağını məsləhət etdim. Cavab qaytardı: - Əgər mərc qoşmaq belə pis şeydirsə, onda niyə dünya katoliklərinin lideri Roma Papasının seçkiləri başlayar-başlamaz birinci bukmeykerlərin səsi gəldi? Niyə dünya informasiya agentlikləri birinci namizədləri yox, bukmeykerləri reklam etdi.
Hərif gülürdü. Elə bilirdi ki, sözlə bağlayıb məni. Amma başa düşmürdü ki, Roma Papası 10, 15, 20, 30 ildən bir seçilir. Vatikanın başındakı bacadan ağ tüstü çıxandan sonra da hər şey başa çatır. Bacadan tüstü bir dəfə çıxır. Bu həriflərin başından, evlərinin bacalarından isə tüstü hər gün çıxır. Özü də qara tüstü.
Səhər, günorta, axşam, gecə. Futbol kuponları “yandıqca”, futbol kuponları yandıqca.
Futbol oyununa böyük hörmətlə...