Modern.az

Atama məktub

Atama məktub

Ölkə

8 Aprel 2013, 16:11

Atamın 12 yaşı olanda atasını cəbhəyə yola salır. Evdə böyük uşaq olduğuna görə ailənin yükü onun üzərinə düşür. Anam isə atası cəbhəyə gedəndən iki ay sonra anadan olub. Böyük Vətən müharibəsində həlak olan hər iki ailə başçısı cəbhədən geri dönmür. Anam bu günədək ata nisgili çəkir. Ailəmizdə, evimizdə “Ata” qədər həm həzin və kədərli, həm də qürurverici və şərəfli ikinci ad olmayıb. Mənim atasız böyüyən atam bizə, öz övladlarına hər zaman dayaq, dəstək olub. Orta məktəb illərində sinfimizdə atasını çox erkən itirmiş bir qız vardı. Müəllimimiz bizə tapşırmışdı ki, heç kim onun xətrinə dəyməsin, çünki qəlbi sınıqdır, atasızdır. İlk dəfə atasızlığın acısını bəlkə də bu söhbətlərdən almışam. Amma o vaxtlar mən bunun nə olduğunu dərindən dərk etmədim. İndi atamın yoxluğunda bir an belə bu sözləri fikrimdən çıxara bilmirəm. Baxmayaraq ki, mən artıq kiçik yaşda deyiləm.

Deyirlər ki, 3 qız övladı böyüdüb tərbiyə edən kişi cənnətə düşər. Sən üç deyil dörd, beş, altı qızı böyütdün, həm öz övladlarını, həm də bəlkə də Allahın sənə əmanət göndərdiyini öz balan kimi əzizlədin, böyüdüb ailə sahibi etdin. Atasını itirmiş uşaqlara həm evinin, həm qəlbinin qapılarını açdın, həmişə dayaq durdun. Ən şirin loxmanı, ən böyük qismətini onlarla böldün. Amma haqsızlıqla üzləşdin. Lakin heç sınmadın, heç əyilmədin, çox rahat və soyuqqanlı qarşıladın bunu. Mən bilmirdim ki, sən o zaman da haqlıydın. Sən əvəzini gözləmədən yaxşılıq edib savab qazandın.

Sən şərəfli, təmiz və vicdanlı bir ömür sürdün. Sən övladlarını vətənpərvər, mərd və cəsarətli böyütmək istədin hər zaman. Sən cəmiyyətə savadlı, təhsilli övladlar verməyin vacib olduğunu bilirdin və bunu etdin. Haqqın heç zaman itmədiyini, ədalətin gec-tez qalib gələcəyini öyrətdin bizə. Sən ən uca adlara, ən gözəl təriflərə layiq əsl ata oldun. Sən atası olmayanlara bunu hiss etdirmədin, hamıya öz balan kimi baxdın. Sən mənim atam olduğun üçün deyil, sən əsl insan olduğun üçün bunları deməliyəm. Amma sənin yanında üzüm hələ də qaradır. Bağışla ki, bütün bunları vaxtında sənə demədim.

Dünən sənin doğum günün idi. Dünən mən bütün gün ərzində səni yanımda hiss edirdim. Yuxuda da səni görmüşdüm. Sən yamyaşıl, allı-güllü bir bağçada mənə nə isə danışırdın. Mən isə sənə başqa şey deməyə çalışırdım. Sənə nə qədər ehtiyacım olduğunu bilirsənmi?

Mən bu hissləri yaşayan nə birinci, nə də sonuncu deyiləm. Amma sənin ata nisgilini sanki indi mən çiyinlərimdə daşıyıram. Sən atanı on iki yaşında, müharibə, aclıq, safalət vaxtı itirdin, mən isə sənin sayəndə çox yaxşı yetişmiş, oxumuş, təhsilli və sənin tərbiyə etdiyin keyfiyyətləri özümdə daşımağa layiq olmağa çalışdığım kamil bir vaxtda. Mən həyatımın ən vacib dönəmində, ən gərgin anındaydım səni itirəndə.

Mən səni yuxumda cənnətdə gördüm, Lakin mən səni real həyatda, yanımızda, öz evimdə görmək və “Ata, ad günün mübarək!” demək istərdim.

Qızın Zeynəb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı