st1:*{behavior:url(#ieooui) }
Azərbaycanın faunasında 18 yırtıçı məməli növü mövcuddur. Bunlar yenot, pələng, canavar, çaqqal, tülkü, qayalıq dələsi, gəlincik, porsuq, samur, vaşaq, ayı, meşə pişiyi, meşə dələsi, kaftar, çöl pişiyi, manul, bəbir, qamışlıq pişiyidir. Bu heyvanlardan bəzilərinin nəsli kəsilmək üzrədir ki, onlardan da biri bəbirdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, təbiətimizin nadir incisi sayılan bəbirlərə (leopard) Azərbaycanın cənub-qərb və cənub-şərq hissəsində, Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Ötən əsrin 50-60-cı illərindən isə Azərbaycanda bəbirin arealı sürətlə azalmağa başlayıb. Onların sayının azalmasının əsas səbəblərindən biri bu heyvanların ovlanması və areallarının yaşayış məntəqələrinə yaxın yerləşməsilə izah olunur. 1950-ci ilədək Azərbaycanda bəbiri kənd təsərrüfatına ziyan vuran vəşhi heyvan kimi məhv edirdilər. Nəhayət sovet alimlər bəbirlərə bu cür yanaşmanın zərərli olduğunu anladıqdan sonra 1967-ci ildə bu canlılar mühafizə edilən heyvan statusu alıb, 1989-cu ildə isə onlar Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, bəbirin öldürülməsinə görə cərimənin məbləği 3300 manat təşkil edir. Hadisə xüsusi mühafizə olunan təbiət ərazisində baş verərsə, bu rəqəm 3 dəfə artırılır. Qeyd edək ki, Azərbaycanda bəbir ovu ilə bağlı sonuncu fakt 2006-cı ilin noyabrında Cəlilabad rayonunun Axtaxana kəndi ərazisində qeydə alınıb. Ondan öncə isə oxşar hadisə 2002-ci ilin dekabrında da baş verib.
Hazırda bəbirlərin sıldırımlı dərələr və qayalıqlar, qalın, keçilməz dağ meşələrində yaşmasına dair məlumatlar var. Bu heyvanlara dəniz səviyyəsinin 1000-1500 m, hətta, 3000 m yüksəkliyində təsadüf edilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ehtimallarına görə indi Azərbaycanda bəbirlərin sayı 15-20 fərdə yaxındır.
Bəbirlər çox yaxşı və cəld qaça (saatda 100 km) bilən canlıdır. Onlar şikarlarının boyunlarını buraraq öldürürlər. Bu vəhşi heyvanların qidalanması çox müxtəlifdir. Onlar bütün canlılara hücum edir, hətta leşlə də qidalanır. Əsas qidasını isə vəhşi cütdırnaqlı heyvanlar olan dağ keçiləri və qoyunları, nəcib maral, cüyür, eləcə də çöldonuzu təşkil edir. Vəhşi cütdırnaqlılar az olan yerlərdə bəbirlər tülkü, çaqqal, canavar, porsuq, pişik, siçanabənzər gəmirici və hətta kəklik kimi quşlara da hücum edirlər. Bəbir bir dəfəyə 2-3 kiloqram ət yeyir. Yem olmadıqda bəbir 7-11 gün ac qala bilir və bu zaman aktivliyini itirmir. Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin məlumatına görə, hazırda İranın Azərbaycanla həmsərhəd dağlarında bəbirlərin kifayət qədər iri populyasiyası yaşayır. «Bizim populyasiya onlarla təmasın hesabına özünü qoruyub-saxlaya bilir»-deyə nümayəndəliyin məlumatında qeyd olunub.
Zooloqların qənaətinə görə, bir bəbirin yaşadığı ərazi 40 min hektaradək təşkil etməlidir və Azərbaycandakı şərait ən optimal halda ölkə ərazisində 100-dək belə heyvanın yaşamasına yetə bilər.
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyi hesab edir ki, hətta bir bəbirin itkisi ümumi populyasiyaya ağır zərbədir.
Zooloqların sözlərinə görə, bəbir çox nadir hallarda insana hücum edir. Əgər onu buna təhrik etməsən, ümumiyyətlə insandan yan keçməyə çalışır. Bununla belə Azərbaycanda bəbirin insana hücum etməsilə bağlf faktlar qeydə alınıb. 1980-ci ildə Talış dağlarında və Naxçıvanda 4 dəfə bəbirin insana hücumu baş verib.
Ölkəmizdə yaşayan bəbirlər adətən alatoranlıq və ya gecə həyatı tərzi keçirirlər. Onlar adətən gecənin 1-ci yarısında və ya səhər alatoranda ova çıxırlar. Hava yağmurlu və soyuq olanda bəbirlərin şikarlarını gündüzlər də təqib etməsi mümkündür. Alimlər bildirirlər ki, bu heyvanlar əksər hallarda ağacların budaqlarında yaşamaqla görünməz qalmağa çalışırlar. Bu heyvanları digər vəhşilərdən fərqləndirən cəhətlərdən biri də onların hiyləgərliyidir.
Alimlər bəbirləri bəzən təbiətin «həkim»ləri də adlandırırlar. Çünki onlar əsasən xəstə və zəif heyvanları tutub yeməklə xəstəliklərin yayılmasının qarşısını alır, vəhşi cütdırnaqlıların sayını tənzimləyirlər. Otyeyən heyvanların sayını məhdudlaşdırmaqla onların kütləvi surətdə artıb yem çatışmazlığından və yoluxucu xəstəliklərdən ölmələrinə imkan vermirlər. Bu, onu deməyə əsas verir ki, bəbirlər təbiətdəki tarazlığın qorunmasında xüsusi rol oynayırlar.
Vaxtilə Cənubi və Cənub-Şərqi Asiyada, Afrikada bəbirləri məhv etdikdən sonra məlum olub ki, onların xeyri ziyanından dəfələrlə çox imiş. Bu yırtıcının sayı kəskin surətdə azaldıqdan sonra çöldonuzları və digər cütdırnaqlıların, həmçinin meymunların sayı intensiv olaraq artmağa başlayıb. Onların tarlalara, əkin yerlərinə vurduqları zərər bəbirin maldarlığa vurduğu ziyandan xeyli çox olub. Buna görə də indi bəzi ölkələrdə bəbirin sayının artırılması istiqamətində iş aparılır.
ABŞ-dakı «Prinçeton» Universitetinin araşdırmalarına görə, körpə böyütməkdə ən yaxşı atalıq borcunu yerinə yetirən canlı insan deyil, məhz bəbirdir. Bu araşdırma nəticəsində Argentinada erkək bəbirin həm yaxşı ata, həm də körpəsinin təcrübəli böyüməsində insandan daha çox qabiliyyətli olduğunu göstərib. Ağacın budaqlarında da yaşayan bu heyvanlar ata olduqdan sonra vaxtlarının çoxunu yeni doğulan körpələrini böyütməklə keçirirlər. Onlar balalarını böyüyənədək bellərində daşıyır, yalnız qidalandırmaq üçün analarına verirlər. Buna görə də amerikalı elm adamları Argentinadakı bəbirləri dünyanın ən fədakar və qayğıkeş atası adlandırıblar. Hazırladı Adəm Qorxmaz