Bizə elə gəlir ki, keçmiş SSRİ-də milli mədəniyyət və milli ədəbiyyatla bağlı əsas problemlərdən biri də milli əlifba məsələsi olmuşdur. Sovet ideoloqları tərəfindən bu problemin gündəmə gətirilməsi təsadüfi olmamış, əksinə, onlar Sovet Azərbaycanında yeni əlifbanın tətbiqi məsələsini ortaya atmaqla siyasi məqsədlər güdmüşlər. Bu cür siyasi gedişlər isə rus şovinizm siyasətində nə birinci, nə də sonuncu idi. Belə mənfur siyasi gedişlərdən biri 1917-ci ildə Leninin imzası ilə bolşevik hökumətinin adından, guya bütün Rusiya ərazisində yaşayan xalqların milli müqəddəratlarını özlərinin təyin edə biləcəyi bəyannaməsi şəklində baş vermişdi. O zaman çox keçmədən əsil niyyətlərini, imperiya məqsədələrini ortaya qoyaraq Azərbaycanı və başqa türk ölkələrini işğal edən, bununla da türk-tatar xalqlarının siyasi müstəqilliyinə son qoyan Lenin və onun silahdaşlarının bu dəfə hədəflərində «yeni əlifba» ideyası altında milli mədəniyyətin assimilyasiya edilməsi dururudu.
Sovet ideoloqları üçün Azərbaycan türklərinin əlifbasının dəyişdirilməsi milli mədəniyyətin beynəlmiləlçilik-mərkəzçilik adı altında assimilyasiya edilməsi baxımdan lazım idi. Başqa sözlə, Sovet Rusiyasının yeni əlifba siyasəti Azərbaycan türklərini türk dünyasından ayırmaq üçün əvvəlcədən düşünülmüşdü. Azərbaycan Cümhuriyyətinin siyasi müstəqilliyinə son qoyan Sovet Rusiyası, yeni əlifbanı (latın əlifbasını) Sovet Azərbaycanında tətbiq etməklə, onun milli mədəniyyətini də zərbə altında qoyurdu. Bu baxımdan sovet ideoloqları üçün bu müstəmləkəçiliyə hədəfələnmiş «yenilik» idi. Başqa sözlə, tələm-tələsik yeni əlifbaya-latın əlifbasına keçmək Azərbaycan türk xalqının keçmişi ilə gələcəyi arasında körpünün tez yandırılmasına, eyni zamanda dünənə qədər onunla eyni əlifbanı paylaşan islam və türk xalqları, xüsusilə Anadolu türkləri ilə mənəvi və siyasi bağların qırılmasına hesablanmışdı.
Qeyd edək ki, hələ 19-cu əsrdə çar Rusiyası Qafqaz və Azərbaycan türklərinin əlifbasını dəyişdirmək niyyətində olmuşlar. Hətta 19-cu əsrin ortalarında Azərbaycan türklərini çıxmaq şərti ilə digər türksoylu və qafqazdilli xalqlar bu prosesə cəlb edilmiş, onların məktəblərində latın əlifbası tətbiq edilmişdir. Məhz bundan ilhamlanaraq Azərbaycan türk mütəfəkkiri Mirzə Fətəli Axundzadə də 1860-1870-ci illərdə əvvəlcə ərəb əlifbasında islahatlar aparılması tərəfdarı olmuş, daha sonra isə latın əlifbasına keçmək ideyası ilə çıxış etmişdir. Sonralar bu cür layihələri Məhəmməd Ağa Şahtaxtlı və başqaları da hazırlamışlar. Ancaq çar Rusiyası dövründə bu ideyaların heç biri gerçəkləşməmişdir.
Milli ideoloq Əli bəy Hüseynzadə 1909-cu ildə nəşr olunan «Yazımız, dilimiz və «ikinci il»imiz» məqaləsində yazırdı ki, əlifba və dil ilə bağlı islahatçı ideyaların, ancaq Qafqazda, xüsusilə Tiflisdə M.F.Axundzadə, M.A.Şahtaxtlı və b. tərəfindən irəli sürülməsi düşündürücüdür: «Üç yüz milyon islamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmi-qaraquşilə türkün, islamın mərkəzindən uzaq olan yuvalarından birdən dəyişmək istəyirlər! Halbuki, böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasını islahı üçün deyil, sərf və nəhvi mükəmməl bilmək, bəlkə bütün türklərin tarixinə, ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqqı ilə aşina bulunmaq tələb edər». Bunu, müəyyən mənada Əbdürrəhim bəy Haqverdiyev də Sovet dövründə etiraf edərək yazmışdır ki, Azərbaycan türk ədəbi dilinin və əlifbasının formalaşmasında rus dilinin mühüm təsiri olmuşdur: «1890-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız, özümü də o cümlədən hesab edirəm, iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular».
Fikrimizcə, bu baxımdan Ə.Hüseynzadə xeyli dərəcədə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan türkcəsinin inkişafında, eləcə də əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası, sonralar Sovet Rusiyası ideoloqlarının maraqlı, hətta icraçı olmaları təsadüfi olmamışdır. Hər iki halda məqsədi Azərbaycanı türk dünyasından, xüsusilə cənubi Azərbaycan və Türkiyə türklərindəndən ayırmaq idi.
Hər halda, milli ideoloqların bütün səylərinə baxmayaraq SSRİ dövründə sovet ideoloqları müstəmləkə etdiyi müsəlman-türk xalqları üzərində əlifba məsələsində məkrli niyyətlərini həyata keçirməyə bacardılar.
Sovet ədəbiyyatında qeyd olunur ki, yeni əlifbanın birinci mərhələsində (1920-1929) bununla bağlı iki cərəyan: 1) latınçılar və 2) islahatçılar (ərəb əlifbası tərəfdarları) mövcud olmuşdur. Əslində əlifba məsələsi ilə bağlı «latınçılar» və «islahatçılar» məsələsi, məsələnin əsil mahiyyətini gizlətmək üçün uydurulmuşdur. Burada, əsas məsələ ideoloji savaş idi. Çünki bu məsələnin dərininə vardıqda görürük ki, burada problem yalnız köhnə və yeni əlifba məsələsi olmamışdır. Bu baxımdan məsələni tam dərk etmək üçün, ilk növbədə «latınçılar» və «islahatçılar»ın əlifba məsələsi ilə bağlı irəli sürdüyü mülahizələrə, ən əsası onların hansı siyasi-ideoloji dünyagörüşə və nəzəri-fəlsəfi ideyalara əsaslanmalarına diqqət yetirmək kifayətdir.
Qeyd edək ki, milli-demokratlar hələ Azərbaycan Cümhuriyyəti dövründə ərəb əlifbasından latın əlibfasına keçməyi təklif edirdilər. Bu məqsədlə Azərbaycan parlamentində bir komissiya təşkil olunmuş və bu komissiya latınlaşmış türk əlifbasının layihəsini parlamentə belə təqdim etmişlər. Ancaq bir tərəfdən «islam birliyi» ideyası ilə çıxış edən «ittihadçı»ların, digər tərəfdən isə bolşevizmin günü-gündən Azərbaycan Cümhuriyyətinə qarşı yönəlmiş təzyiqlərinin və s. nəticəsində latın əlifbasına keçid məsələsi həmin dövrdə öz həllini tapmamışdı. Eyni zamanda, Azərbaycan Cümhuriyyəti latın əlifbasına keçidlə bağlı Türkiyə Cümhuriyyəti ilə də ortaq addım atmaq niyyəti də güdmüşdü. Həmin vaxt isə istər Türkiyə, istərsə də Azərbaycan Cümhuriyyəti üzərinə xaricdən olan basqılar bu məsələnin öz həllini tapmasına əngəl olmuşdu.
Sovet dövründə ərəb əlifbasında dəyişkliklər edilməsinin tərəfdarı kimi çıxış edən «islahatçılar» əslində həmin milli qüvvələr idi. Vaxtilə ərəb əlifbasından imtina edilib latın əlifbasına keçmək istəyən Azərbaycan milli qüvvələrinin sovet işğalı dövründə bunu, istəməməsi təsadüfi deyildi. Əslində millətçiləri narahat edən latın qrafikasına keçmək deyil, latın əlifbasına keçmək adı altında ifratçılığa varlıması, millətlər arasında ayrı-seçkilik edilməsi, gələcəkdə kiril əlifbasına keçmək üçün bir vasitəyə çevrilməsi və s. idi. Çünki SSRİ xüsusilə, əsarət altına aldığı türk və müsəlman millətlərini özünəməxsus «beynəlmiləl siyasət»lə assimilyasiya etmək niyyəti güdmüşdü. Bu baxımdan SSRİ-nin Azərbaycanın və b. türk ölkələrinin və xalqlarının ərəb əlifbasından latın qrafikasına keçməsinə bilavasitə şərait yaratmasında məqsədləri yalnız türk millətlərini maarifləndirmək, elm və biliklərini inkişaf etdirmək ola bilməzdi. Əgər SSRİ, yəni Mərkəz belə səmimi niyyət güdürdüsə, nə üçün yeni əlifba məsələsinə əsasən, türk və müsəlman xalqları cəlb edilmişdi?! Yoxsa, Rusiya üçün ermənilər, gürcülər və başqa millətlər ikinci dərəcəli idilər? Deməli, bu məsələdə Rusiyanın başlıca məqsədi Azərbaycan türklərini və başqa müsəlman-türk xalqlarını SSRİ-nin əsarətindən kənarda qalan müsəlman ölkələrindən, xüsusilə Türkiyə türklərindən ayırmaq olmuşdur. SSRİ ideoloqları bu planını birdən-birə həyata keçirə bilməzdi və bu mərhələli şəkildə nəzərdə tutulmuşdu. Həmin dövrdə millətçilər də məhz sovet Rusiyasının bu ikiüzlü siyasətini ifşa etmişdilər ki, onların bu baxışları da bolşeviklər tərəfindən latın qrafikasının əleyhinə olan mülahizələr kimi dəyərləndirilmişdi. Əslində onların bu etirazı, latınlaşdırmadan daha çox onun növbəti mərəhələsi olan kirilləşdirməyə-ruslaşdırmaya qarşı idi.
Milli ideoloq Məhəmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirləri» əsərində yazırdı ki, o zaman (1921-1922-ci illər) bolşeviklərin bu niyyətindən xəbərdar olublar: «Bolşeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda gizli və əsil fikirlərini bildiyimizdən (ki, bu fikir sonradan həyata keçirilmiş, ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus hərflərinə təbddül edilmişdir) bir məqalədə türk elləri arasındakı mədəni əlaqləri tamamilə kəsdirməmək üçün yazılanı daha asan oxutdura bilmək məqsədini təmin edən inqilabçılara haqq verirdim». Yəni Rəsulzadə də bolşeviklərin əməllərindən xəbəri olduğu üçün latın əlifbasına keçilməsini deyil, ərəb əlifbasında islahatların aparılmasını müdafiə etmişdir.
Başqa bir milli ideoloq Mirzə Bala Məmmədzadə də milli qüvvələrin əvvəlcə ərəb əlifbasından latına keçilməsinə etiraz etmələrinə səbəb olaraq, bolşeviklərin məkrli niyyətlərini və bunun Azərbaycan ilə türk dünyası arasında əlaqələrə zərbə olmasını göstərmişdi.
Bu baxımdan ərəb əlifbasında islahatların aparılmasını məqsədəuyğun hesab edən «islahatçılar», latın qrafikasına keçilməsi ilə Azərbaycan xalqının islam mədəniyyətindən uzaq düşməsi, din və milli birliyin aradan qalxması məsələsini daha çox qabartmışlar. Bizə elə gəlir ki, bu cür mülahizələrin səslənməsi də təsadüfi olmamışdır. Bütün hallarda, yeni əlifbaya keçidlə bağlı imperiyanın maraqları olduğu kimi, bunun əleyhinə çıxan «islahatçılar»ın da öz mövqeyi olmuşdur. «İslahatçılar» ədəbi dilin yazısında ərəb əlifbasını saxlamaqla yalnız islah edilməsini, yəni bəzi dəyişikliklərin aparılmasını məqsədəuyğun hesab edirdilər. Onlar deyirdilər ki, yeni əlifba qəbul edilərsə, bununla da əski ədəbiyyat məhv olacaq, islam birliyi pozulacaq və türk dilini öyrənmək çətin olacaq.
Milli qüvvələrin əlifba məsələsində fikir dəyişdirməsinin əsil mahiyyətinə varmayan bolşeviklər, bunu tamamilə başqa yerə yozurdular. Məsələn, Sovet Azərbaycanının rəhbərlərindən Sultan Məcid Əfəndiyev hesab edirdi ki, yeni türk əlifbasının əleyhdarları millətçilər və islamçılardır. Millətçilər qısqanclıqdan bu məsələyə müsbət yanaşmırlar. Belə ki, əvvəllər ərəb əlifbasından latın əlifbasına keçmək istəyən millətçilər indi bunu həyata keçirənin bolşeviklər olduğu üçün yeni əlifba məsələsini tənqid edirlər. Əfəndiyevin fikrincə, millətçilərdən fərqli olaraq, islamçılar-ruhanilər isə ərəb əlifbasından daha çox onun təsiri məqsədilə möhkəm yapışırlar: «Latın əlifbasının qəbul edilməsi bizi ruhanilərin ağalığından xilas edir və beləliklə, mədəni dirçəlişimizə səbəb olan amilləri gücləndirir».
Fikrimizcə, ərəb əlifbasının əleyhinə çıxış edən «latınçılar» özlərini də bu məsələyə münasibətdə iki qrupa ayırmaq olar: 1) mədəni «latınçılar» - yeni əlifbaya keçməni daha çox mədəni inqilab kimi qiymətləndirənlər və məsələyə səmimi şəkildə yanaşanlar (F.Ağazadə, B.Çobanzadə, C.Məmmədquluzadə, M.Şahtaxtlı və b.); 2) siyasi «latınçılar» - yeni əlifbaya keçməni tamamilə siyasiləşdirərək, bunu, marksizm-leninzmin qələbəsi kimi qələmə verənlər (S.Ağamalıoğlu, R.Axundov, S.M.Əfəndiyev və b.).