Paytaxtın bir sıra küçə və prospektlərində mikromobilliyin təmin edilməsi məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi hərəkət zolaqları, eləcə də parklanma məntəqələri yaradılıb.
Lakin bəzi vətəndaşlar istifadə etdikləri skuterləri ayrılmış parklanma yerlərində deyil, birbaşa hərəkət zolağında və ya səkidə saxlayaraq ərazidən uzaqlaşırlar. Bu isə həm piyadaların, həm də digər skuter və velosiped istifadəçilərinin hərəkətinə mane olur, qəza riskini artırır.
Modern.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Sürücülər də skuterlərin nizamsız park edilməsindən narazılıqlarını bildiriblər.
"Çox vaxt skuterləri yolun ortasında saxlayıb gedirlər. Bəzən də yolun kənarına aşmış vəziyyətdə atırlar. Bu həm piyadalara, həm də bizə maneə yaradır", - sürücülərdən biri deyib.
"Onlar üçün ayrıca zolaq ayrılıb. Orada hərəkət etsələr, bizim üçün problem yaratmaz", - başqa bir sürücü qeyd edib.