Modern.az

Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı

Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı

Ölkə

17 İyun 2013, 10:03

Sovet dövrünün ilk illərində Azərbaycan türk mütəfəkkiri Cəlil Məmmədquluzadə də hesab edirdi ki, latın əlifbasının üstünlüyü dilimizdəki qarışıqlıqlara son vermək, başqa millətlərdən aldıqları kəlmələri türkləşdirə bilmək və həmin sözləri bir qaydaya salmaq, öz dilimizin qanun və qaydalarını yaratmaq və s. baxımından önəmlidir. Belə ki, ərəb əlifbasından istifadə edən biz Azərbaycan türkləri bu dilin, eləcə də farscanın təsiri altında türk dilinin qanun və qaydalarını onların tərkiblərinə tabe edib dilimizi öldürmüşük. C.Məmmədquluzadə yazırdı ki,  «latınçılar» yeni türk əlifbasına keçmək yolundan dönməyəcək və məqsədinə yetişincə daha böyük əzmlə irəliləyəcəklər.

O, latın əlifbasına keçməklə Azərbaycan türklərinin başqa türk tayfalarından və müsəlman millətlərindən ayrılması məsələsinə gəlincə hesab edirdi ki, bunu istər Azərbaycanda, istərsə də başqa ölkələrdə, xüsusilə İranda problemə çevirmək istəyənlərin də öz maraqları var. Məsələn, onun fikrincə, bolşeviklərin bu məsələdə əsil məqsədinin nə olduğunu bilmək çətin olsa da, ancaq İranda türklərin fars dilində danışmağa məcbur edilməsi faktdır: «Əgər bolşeviklərin batində fikirləri bizi bir-birimizdən ayırmaqdır, bunu ancaq yeri-göyü yox yerdən yaradan bir Allah bilir, bəs sən Tehran hökumətinin qıp-qırmızı politikasına niyə bir söz demirsən ki, hazır qırmızıca bizim Araz otayının Zünuz və mərəndli qardaşlarımızı fars eləmək istəyirlər». Üstəlik, İranda farslarla türklər eyni əlifbanı və dini paylaşmalarına baxmayaraq, Azərbaycanda əyləşən məmurların hamısı farsdırlar və fars dilindən başqa dildə danışmırlar.

Beləliklə, mədəni «latınçılar» yeni əlifbaya keçidi yalnız elm və təlim baxımından dəyərləndirir, ərəb əlifbasında islahatlar aparılmasının mümkünsüzlüyünü irəli sürərək latın əlifbasının qəbul edilməsini zəruri hesab edirdilər. Bu mövqedən çıxış edən dilçi alim Fərhad Ağazadə yazırdı: «Əlifbanı yarımçıq islah etmək olmaz; ya gərək hamısı islah edilsin, birdəfəlik bu qüsurlardan yaxamız qurtarsın, ya da ki, heç əl vurulmasın, yoxsa qüsurların bəziləri rəf edilib bəziləri saxlanılarsa bizdən sonra yenə ikinci bir islahata ehtiyac görüləcəkdir».

Mədəni latınçılardan fərqli olaraq, siyasi «latınçılar» (R.Axundov, S.Ağamalıoğlu, S.M.Əfəndiyev və b.) bu məsələni ideolojiləşdirir və ona siyasi çalar əlavə edirdilər. Bu baxımdan Azərbaycan, Türkmənistan, Özbəkistan və b. türk dövlətlərində ərəb əlifbasından latın qrafikasına keçid məsələsində Moskvanın məkrli niyyətini bəzi yerli bolşeviklər görə bilməmiş, əksinə, bunu bolşevizmin nailiyyəti kimi təbliğ etmişlər. Bu cür düşüncədən çıxış edənlərdən Ruhulla Axund­ov qeyd edirdi ki, yeni əlifbanın tətbiq edilməsi təkcə Azərbaycan miqyasında deyil, ümuminqilabi miqyasda əzəmətli nailiyyətdir. O, ərəb əlifbasından latına keçilməsini kor-koranə müdafiə etdiyi kimi, sonralar bunun rusların əlində kiril əlifbasına keçid üçün bir vasitə olmasını anlayaraq qeyd edirdi ki, azərbaycanlılar Leninin, oktyabr inqilabının dili olan rus dilini də bilməlidirlər.

Siyasi «latınçı»lardan Səməd Ağamalıoğlu da R.Axundov, S.M.Əfəndiyev kimi, yeni əlifbaya keçilməsi məsələsini islamçılığa, millətçiliyə zərbə kimi dəyərləndirir, bunu millətçilərin və islamçıların məğlubiyyəti, Leninin qələbəsi kimi qələmə verirdi: «Leninin çəkdiyi plan üzrə, doğanaq yeli  ağacı kökündən çıxardığı kimi, böyük inqilab da köhnə millətçiliyi qoparıb tulladı, 120 milyon zəhmətkeşi özünə və Vətəninə sahib elədi». Onun fikrinə görə, müasir mədəniyyətin, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında və mürəkkəb texniki məsələlərin həllində islam qədər ərəb əlifbası da böyük maneçilik törədir: «Zəhmətkeş kütləyə ərəb əlifbası islam dini ilə birlikdə zorla qəbul etdirilmişdir. Bu əlifba mollalar üçün Quran oxuyub, dua yazmaqdan başqa bir şeyə yaramırdı. Ərəb əlifbasının qarmaqarışıqlığı əhalinin avam və əsarətdə qalmasına səbəb olmuşdur».

Ancaq türk-tatar xalqlarının ərəb əlifbasından latın qrafikasına keçməsi məsələsində SSRİ-nin siyasi manevra etdiyi, əsil məqsədinin türk xalqlarına kiril əlifbasının qəbul etdirilməsi olması çox keçmədən bəlli olmuşdu. Belə ki, sovet ideoloqları milli mədəniyyət məsələsində də «milli müqəddərat» məsələsində olduğu kimi, türk-tatar və müsəlman xalqlarının ərəb əlifbasından birbarşa rus-kiril əlifbasına keçilməsinin təhlükəli olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə reallaşdırmaq niyyəti güdmüşdür. Əgər SSRİ 1920-ci illərdə yeni əlifbanı rus qrafikasına keçidlə həll etsəydi, şübhəsiz «xilaskar» donu geyinmiş rus bolşeviklərinin bu addımı istər işğal etdiyi ölkələrdə, istərsə də dünyada birmənalı qarşılanmaycaqdı. Bu baxımdan ilk mərhələdə, latın əlifbasından istifadə edən bir çox Avropa dövlətlərini də razı sala bilən bir addım atılmışdı. Lakin imperiya ideoloqları yaxşı anlayırdılar ki, ərəb əlifbasından imtina etməklə SSRİ-nin tərkibindəki türk dövlətləri müsəlman dünyasından, islam mədəniyyətindən müəyyən dərəcədə uzaqlaşsa da, başqa tərəfdən eyni əlifbanı qəbul edən Türkiyə ilə isə bir o qədər yaxınlaşmış olmuşdur. Bunun gələcəkdə SSRİ üçün böyük bir təhlükə mənbəyi olduğunu görən, eyni zamanda, başdan imperiya əsarəti altında olan türk-tatar və müsəlman xalqlarının istər Türkiyə, istərsə də Avropa dövlətləri ilə əlaqəsində qətiyyən maraqlı olmayan sovet ideoloqları 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərindən etibarən Azərbaycanın və b. türk dövlətlərinin və xalqlarının, gələcəkdə rus əlifbasına keçə bilməsi ideyasını yaymağa başlamışlar.

Maraqlıdır ki, latın əlifbasını türk əlifbası adlandırıraq bir müddət onu müdafiə edənlər, rus əlifbasının zorla tətbiqi meylini hiss etdikdən sonra, bəzi beynəlmiləlçi bolşeviklər həm türk anlayışından, həm də müdafiə etdikləri türk əlifbasından imtina etdilər. Bu baxımdan S.Ağamalıoğlu Azərbaycanın SSRİ və bütün Şərqdə ilk dəfə olaraq rəsmən latın qrafikasına keçməsini böyük qələbə saydığı halda, həmin hadisənin üstündən bir il ötməmiş türk əlifbası adlandırdığı latın qrafikasından rus əlifbasına keçməyin zəruriliyindən bəhs etmişdir: «Azərbaycanlıların yeni latın əlifbasına keçmək yolu, gələcəkdə onların rus əlifbası qrafikası üzrə düzəldilmiş yeni əlifbaya keçmək işini bir qədər asanlaşdıracaqdır». Artıq türk əlifbası beynəlmiləçiliyin içində əriyərək yox olur, onun yerini rus əlifbası tuturdu. Beləliklə, yarım əsr ərzində bir millətin üç əlifbadan istifadə etmək məcburiyyətində qalması faciəsini görmək, bunu oybektiv qiymətləndirmək və etiraz etmək əvəzinə, bəzi Azərbaycan ziyalılarının bu cür mövqe tutması, ancaq təəssüf doğrur.

Sovet ədəbiyyatında 1940-cı ilin yanvarın 1-dən, latın qrafikasından rus əlifbasına keçilməsi belə əsaslandırılırdı ki, bu qrafika ümumiliyi rus dilindən söz və terminləri düzgün yazmağa kömək edəcək: «Bundan başqa, qrafika ümumiliyi nəşriyyat-mətbəə işlərini də asanlaşdırar, əlavə xərc və işləri azaldardı». Burada rus əlifbasına keçməyin zəruriliyi ilə bağlı gətirilən «arqumentlərə» təəccüb etməyə bilmirsən. Daha sonra bu müəlliflər yazırlar: «Əgər birinci dövrdə bir-birinə zidd cərəyanlar əmələ gəlmişdisə, ikinci dövrdə belə bir vəziyyət olmamış, hamı rus qrafikasına keçmək təşəbbüsünü bəyənmişdir. Lakin müzakirələrdə əsas iki fikir nəzərə çarpır. Bir çoxları dilimizin fonetik tərkib və xüsusiyyətinə uyğun olaraq bəzi dəyişikliklə rus əlifbasını qəbul etməyi, bəziləri isə rus əlifbasında heç bir dəyişiklik aparmadan, onu olduğu qaydada qəbul etməyi təklif edirdilər».

Bizə elə gəlir ki, Azərbaycanda latın qrafikasından rus əlifbasına keçilməsi ilə bağlı ciddi etirazların olmaması iki başlıca amillə bağlı idi:  1) milli ziyalıların böyük əksəriyyətinin, kütləvi şəkildə 1937-1938-ci illərdə repressiya olunması; 2) rus əlifbasına etiraz edə biləcək istənilən ziyalının həmin aqibətə düçar olacağı. Bu baxımdan bəzi ziyalılar yalnız bəzi dəyişikliklərlə rus əlifbasına keçilməsinin doğru olacağını deyə bilir, bundan artığına cəsarət edə bilmirdilər. 

Bu dövrdə xalq şairi Səməd Vurğun «Zəngin və mədəni əlifba yaradaq» (1939) məqaləsində yazırdı: «Lakin bu gün biz yeni əlifbanın yaranmasından söhbət edərkən bəzi yoldaşlar məsələnin həqiqi mənasını başa düşmür və belə izah edirlər ki, guya müasir Azərbaycan əlifbası mürtəcedir. Bu, düzgün deyildir. Biz yeni əlifbaya ona görə keçmirik ki, latın əlifbası pis olub. Məhz ona görə keçirik ki, rus əlifbası daha səmərəli, daha yaxşıdır… Biz deyirik: «Yoldaş latın əlifbası, biz səninlə dostuq, sən təzə ay kimi bizim evə gəlmisən, lakin indi öz gur şüaları ilə evimizə günəş gəlmişdir. Ona görə də sən bizdən incimə». Şəxsən mən belə düşünürəm. Oktyabr inqilabından sonra ən proqressiv, qabaqcıl xalqın əlifbası olan rus əlifbası bir çox sovet xalqlarının əlifbası oldu. Ona görə də bizim Azərbaycan xalqı məhz indi rus əlifbası qrafikası əsasında düzəldilmiş yeni əlifbaya keçməyin zəruri olduğunu hesab edir».

Ancaq o, bununla yanaşı hesab edirdi ki, Azərbaycan xalqının mənafeyi üçün bu yeni əlifba «Azərbaycan dilinin bütün incəliklərinə, gözəllik və milli xüsusiyyətinə tamamilə cavab verə bilsin və onun gələcək inkişafına və çiçəklənməsinə təkan versin». Deməli, S.Vurğun kor-koranə rus əlifbasının tərəfdarı olmasına baxmayaraq, ifrat ruspərəstlərin iki müddəası ilə razılaşmırıdı. Onun fikrinə görə, yeni əlifbada 32 hərf saxlanılmalı və rus əlifbasındakı «ə», «ö», «ğ», «h» «ü» «c» hərflər Azərbaycan əlifbasına daxil edilməməlidir: «Ayrı-ayrı yoldaşlar dilimizdə olan xarici sözlərin xatirinə bəzi hərflərin qəbul olunması tərəfdarlarıdır. Lakin tarix göstərir ki, hər bir xalq xarici sözlər qəbul edərkən, onları öz dilinin fonetikasına tabe edir». Ancaq rus əlifbasının olduğu kimi qəbul edlilməsinin tərəfdarı olanlar yaxşı anlayırdılar ki, Mərkəz məhz bu qərarın üzərində dayanacaq və gözlənildiyi kimi də oldu. Sovet ideoloqları Azərbaycan-türk dilinin başına bu cür oyun açmaqda nə etdiklərini yaxşı anlayırdılar. Bununla da, Azərbaycan-türk insanı rus kimi düşünməyə, rus kimi yazmağa və rus kimi kommunizm xəyalı ilə yaşamağa məhkum və məcbur edilirdi. Başqa sözlə, «yeni əlifba» oyunu ilə sovet imperiyası türk millətini öz mədəniyyətindən, mənəviyyatından və ən əsası dilinin saflığından uzaqlaşdırırdı.

Doğrudur, rus əlifbasının Azərbaycanda olduğu kimi tətbiqinə 1958-ci ildə son qoyulmuş və bəzi islahatlar aparılaraq rus qrafikalı Azərbaycan əlifbası müəyyən qədər təkmilləşdirilmişdir. Ancaq bütün hallarda, «Leninin dili» olan rus dili və rus əlifbası Azərbaycan xalqının həyatında bir çox sahələrdə mənfi bir iz buraxmışdır ki, onun izləri bu günə qədər də hiss olunmaqdadır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı