Xəzər Tanrının xalqımıza bəxş etdiyi nadir təbii nemətlərdən biri və təkrarsız gözəlliyə malik əvəzsiz bir vətən parçasıdır. Yüzillərdir ki şairlərimiz, yazıçılarımız onun hüsnünə, gözəlliyinə şeirlər, nəğmələr qoşur, povestlər, romanlar həsr edirlər. Bəlkə də ədəbiyyatımızda bədii obraz səviyyəsinə qaldırılmış gözəl yurd yerlərimizin sırasında Xəzər birinci yerdə dayanır. Əsrlərdir ki, bu mavi gözlü gözəl insanların ruhunu oxşayır, öz nemətləri ilə xalqı yedirir, yayın istidən nəfəs kəsən aylarında isə onun sərin suları təşnə ürəklərə məlhəm olur. Hələ Xəzərin son iyirmi ildə müstəqil dövlətimizə bəxş etdiyi ən böyük töhfəsini - “qara qızıl”ı hesabına gənc dövlətimizin ayaq üstə dayanmasında göstərdiyi ölçüyəgəlməz xidmətləri demirəm. Məhz Xəzərin hesabınadır ki bu gün anamız Azərbaycan dünya xəritəsinə həm də bir dəniz dövləti kimi daxil olub.
Öncə qeyd etdiyim kimi Xəzər tarixən həm də yayın qora bişirən aylarında əhalinin istidən nəfəsi təntiyəndə üz tutduğu təbii sərinlik mənbəyi sayılır. Abşeron çimərliklərinin şöhrəti hələ keçmiş İttifaqın dövründə də Azərbaycan sərhədlərindən çox-çox uzaqlara yayılmışdı. Hər il yay aylarında Bakı sanatoriyalarına nəinki ölkəmizdən, başqa respublikalardan da nə qədər insan dincəlməyə və müalicə olunmağa üz tuturdu. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində torpaqlarımızda erməni-rus işğalları başlayanda bu sanatoriyaların bir qismi qaçqın-köçkün sığınacaqlarına çevrilərək bərbad günə düşü.
Son illər Bakı şəhərində həyata keçirilən böyük tikinti-quruculuq işləri Xəzərdən də yan ötmədi. Dənizkənarı bulvar ərazisinin xeyli genişləndirilərək müasir üslubda yenidən qurulması, sahildə bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün möhtəşəm binaların, sarayların tikilməsi, ətrafdakı parkların abadlaşdırılması, yeni istirahət zonalarının salınması Xəzəri daha da göz oxşayan etdi. Görülən yaxşı işlərin hamısı əladır və bunun üçün bu işləri görənlərə bir sağ ol da düşür. Amma... Bəli elə məsələ də bu ammadadır. Böyük kapital sahibləri, pullu əmilər zaman-zaman paytaxtdakı gözəgəlimli əraziləri bölüşdürəndən sonra keçdilər Xəzərə. Dənizin sahillərini də öz aralarında pay-püşk edib bütün Abşeron boyunca Xəzəri başdan-başa çəpərlədilər. Çəpərlədilər sözü də bir qədər primitiv səslənir. Çünki bu “çəpərlər” bəzən o qədər möhtəşəm salınır ki, onları yalnız Çin səddi ilə müqayisə etmək olar.
Az keçmədi ki varlıların qədim şah saraylarından da əzəmətli villaları və qalaya bənzər “çəpərləri” birbaşa dənizə gedən geniş əraziləri əhalinin üzünə bağladı. Nə yazıqlar ki, onların gözləri bununla da doymadı. Ardınca Xəzər çimərliklərini də bir-bir ələ keçirib özlərinə yeni biznes “toçkaları” yaratdılar. Beləcə pullu kişilərin biznes maraqları xalqın istirahət hüququndan önə keçdi.
Bəziləri deyə bilər ki, əgər hansısa bir iş adamı çimərlikləri abadlaşdırıb, istirahət üçün daha rahat bir şəkilə salırsa bunun nəyi pisdir ki... Əgər vəziyyət belə sadə olsaydı nə vardı ki... Məsələ bundadır ki, bu gün haqqında danışdığımız pullu çimərliklərdə bir neçə saat dincəlib günəş vannası qəbul etməyə paytaxt əhalisinin olduqca az bir qisminin maddi imkanı çata bilər. Çünki orta ziyalı təbəqəsinin bir aylıq məvacibi burdakı xidmətlərin bircə günlük qarşılığını belə ödəmək gücündə deyil. Təqaüdçülər və işsizlər isə belə yerləri yalnız yuxularında görə bilərlər.
Paytaxt meriyasının “pulsuz” adlandırdığı çimərliklər də artıq neçə illərdir ki, hansısa səlahiyyət sahibləri tərəfindən bu statusdan məhrum edilib. Pulsuz hesab edib buraya yolu düşən vətəndaşlardan indi günün günorta çağı müxtəlif “xidmət” adına məcburi ödənişlər etdirirlər. Buna etiraz edənlərin isə aqibəti iri cüssəli, boynuyoğun “mühafizəçilər” tərəfindən “başa salınma” prosesi ilə yekunlaşır.
Azərbaycan konstitusiyasında və qanunlarında aydın göstərilir ki, ölkənin yeraltı və yerüstü sərvətləri xalqa məxsusdur. Xalqı bu haqdan məhrum etməyə isə heç bir səlahiyyət sahibinin haqqı yoxdur. Müqəddəs dinimiz də başqalarının haqqına girənləri böyük günah sahibi hesab edir. Bakıda 3 milyondan artıq Azərbaycan vətəndaşı yaşayır. Xəzərin mavi qoynunda çimib, qumlu sahillərində dincəlmək onların da bir insan və vətəndaş olaraq təbii haqqıdır. Lakin bu gün onları bu haqdan məhrum edənlərin yadına bu sadə həqiqət nədənsə hələ ki düşmür. Mən bu mübarək Ramazan ayında bu haqqı tanımağı bir daha onların yadına salıram və deyirəm ki, başqalarının haqqına girməkdən çəkinin, ağalar! Çünki bunun bu dünyada da, o dünyada da bədəlini ödəmək hesabı da var. Yaxşı düşünün və dənizi bizə qaytarın!