””Qarabağ” kişi kimi uddu, “İnter” kişi kimi uduzdu, “Neftçi” qız kimi, “Xəzər Lənkəran” arvad kimi məğlub oldu!”. Klublarımızın avrokubok oyunlarını şərh etmək istəyərkən çox düşündüm ki, “necə başlayım?” Oxuduğunuz ilk cümlədən daha təfsilatlı, ətraflı ifadə edənini tapa bilmədim. Bu fikir həmkarım Pərvin Abbasova məxsusdur.
Yəqin ki, “Xəzər Lənkəran”ın oyunu haqda geniş şərhə ehtiyac yoxdur. 0:8 hesabı az şey demir. Səhv etmirəmsə, milli komanda və klublar səviyyəsində sonuncu belə məğlubiyyətimiz Polşaya olmuşdu. Təbii ki qızlardan ibarət komandamızın 0:11 hesablı məğlubiyyəti də yadımdadır. Amma söhbət kişilərin oynadığı futboldan gedirsə...
Necə ola bilər ki, ayda 40-50 min dolları qatlayıb cibinə qoyan bir oyunçu yediyi qaba... Onsuz da bu klub Tuyqun Nadirov kimi bir dəllalın yem yeridir. Yunis Hüseynov kimi yerli gənc məşqçini üç aydan sonra istefaya göndərməyə məcbur edəndən sonra hər şey aydın idi. Şəxsən mənə görə Con Toşakın burda heç bir günahı yoxdur. Hər halda çıxıb meydanda oynayacaq yaşda da deyil. Axı bir məhəllə komandası da ortabab “Makkabi”yə 0:8 hesabıyla uduzmağı özünə sığışdırmaz. Amma yəhudilər cənublulara heç də yaxşı jest etmədilər. İki top da vursaydılar, əsl yubiley hədiyyəsi olardı. Klubun 10 illiyində 0:10 hesablı məğlubiyyət.
Qapıçını və bir-iki oyunçunu çıxmaq şərtilə hamısı Lənkəran stadionunun qapısına qol vurmağın “dadı”nı hiss elədilər. Görünür israillilər “Fənərbaxça”ya göstərmək istəyiblər ki, “siz dördünü vuranda biz səkkizini vura bilirik”. Axı AzTV-nin şərhçisi demişdi ki, “Fənərbaxça” “Makkabi”dən qat-qat üstün komandadır”. Yüz faiz “Mossad” çatdırıb bu söhbəti onlara.
“İnter”in rəhbərliyindən tutmuş, oyunçularına qədər demək olar ki, hər kəs əcnəbidir. Təkcə yedikləri çörək bizim çörəyimizdir. Qələbə qazandılar, amma mərhələ keçə bilmədilər, bu da məğlub olmaq deməkdir. Amma Pərvin dediyi kimi, kişiyanə. Komanda heç olmasa axıra qədər mübarizə apardı.
Mən hələ də başa düşmürəm ki, “Neftçi” hansı yolla üç dəfə Azərbaycan çempionu olub. Düz ötən ilə qədər “Neftçi” rəhbərliyi komandanın uzaq 66-cı ildə qazandığı bürünc medalları gözümüzə soxurdu. Son bir ildə də Avroliqanın qrup mərhələsinə düşmək (hərçənd ki qrupa düşmək məsələsinə indi də şübhəylə yanaşanlar var) Tahir Süleymanovun əlində bayraq olub. “Skenderbeu”ya acınacaqlı məğlubiyyətin də səbəbkarı hakimlərdir. Necə ki, Böyükağa Hacıyev oyun bitən kimi belə demişdi. Yəqin ki, çoxlarımız belə etmişik. Məktəbdə “5” alanda deyirdik ki, “özümüz aldıq”, “2” alanda “müəllim verdi”.
“Qarabağ” isə son on ildə çempionluğun nə olduğunu bilməsə də, hazırda ölkənin ən yaxşı komandasıdır. Baxın, bu komanda necə maliyyələşir? Lənkəran komandası Mənsimovların milyonları ilə, “Neftçi” neftdən gələn milyonlarla, “İnter” isə Cahangir Hacıyevin böyük pulları ilə maliyyələşirsə, “Qarabağ” “Azərsun Holdinq”in kiçik pulları ilə ayaqda qalıb.
Kiçik pullar deyərkən türklərin çəkdiyi əziyyəti yerə vurmaq niyyətim yoxdur. Amma ən azından Qurban Qurbanov rəhbərliyə bir milyon xərclətdirib Mpenza kimi bir veteranı bura turist qismində gətirdəcək ağılda deyil. Heç klub rəhbərliyi də “Qarabağ”a bir oyunçu üçün bu qədər pul ayırmır.
Bu arada jurnalist həmkarlarımla bağlı qısaca fikrimi bildirim. Dostlar, bir-birinizin qəpik-quruşunu sayınca, aldığınız evləri müzakirə edincə, belə şeylərdən də yazmağınız daha məsləhətdir. Hər halda hansısa qarabalaya verilən 50 minlik aylıq Rəşad Məcidin aldığı evin qiyməti qədərdir. Misalçün Rəşad Məcid dedim. Rəşad Məcidə və bir başqasına nə haqq qazandırmaq, nə də mühakimə etmək fikrim var. Amma bu qədər avam olmağa dəyməz. Tələb edəcəyiniz haqqınız təkcə həmkarlarınıza verilən evlər deyil. Lazımlı-lazımsız o qədər yerlərə 100, 200, 500 manat “şirinlik”lər verirsiniz ki...
Bəs onda niyə haqqınızı tələb etmirsiniz? Çünki işiniz keçir. Amma burda işinizin keçmədiyini görüncə... Bir daha deyirəm ki, kiminsə hüquqlarını müdafiə komitəsinin sədri deyiləm. Amma haqqımızı tələb ediriksə, hər yerdə edək.