Modern.az

Azərbaycandakı həbsxanalarda məhkumlar inək, qoyun saxlayırlar

Azərbaycandakı həbsxanalarda məhkumlar inək, qoyun saxlayırlar

Ölkə

18 Sentyabr 2013, 14:23

Həbsxana fermalarında 255 baş iri, 1146 baş xırda buynuzlu heyvan saxlanılır

Uşaq olanda fikirləşirdim ki, məhbus hər şeydən məhrumdur. Bəzən filmlərdə, bəzən də real həyatda keçmişi ləkəli olduğundan məhbəsdən azadlığa çıxmış adamların heç yerdə işə götürülmədiyinin şahidi olmuşuq. Azadlığa çıxan məhkum isə “bir həsir, bir Məmmədnəsir” olub, quru yurdda qalır. Yaşamağa evi, çörəkpulu qazanmağa iş yeri tapmadığından, ətrafı tərəfindən qəbul edilmədiyindən cinayət törədərək yenidən içəri qayıdır. Halbuki, Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Bu hüquq məhkumlara da aiddir.

Avropa Penitensiar Qaydalarında əməyin cəza kimi istifadəsini qadağan edir. Keçmiş sovet hakimiyyətində həbs yerlərində əmək hüquq kimi deyil, məhkumların islah vasitəsi kimi nəzərdə tutulurdu. Azərbaycanın da qəbul etdiyi Avropa Penitensiar Qaydalarında isə qeyd olunur ki, həbs yerlərində əməkdən heç vaxt cəza kimi istifadə edilməməlidir. Penitensiar müəssisənin müdiriyyəti faydalı əmək üçün kifayət qədər şərait yaratmağa çalışmalı, məhbuslara təklif olunan işin xarakteri onlara azadlığa çıxdıqdan sonra yaşamaq üçün qazanc əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan yaratmalıdır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Modern.az saytına bildirib ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb edilməsi üçün şərait yaradılır. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində məhkumlar istehsalat, fərdi əmək, təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar. Məhkumların əməyə cəlb olunması Cəzaların İcrası Məcəlləsinin 95-ci maddəsi ilə tənzimlənir.

“Məhkumlar bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, təsərrüfat və məişət xidməti işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində, müəyyən olunmuş qaydada, mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Eyni zamanda, məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə də məşğul ola bilərlər.
Hal-hazırda cəzaçəkmə müəssisələrində istehsalatın dirçəldilməsi, məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunmasına imkan verən yeni fəaliyyət sahələrinin yaradılması yolları dərindən araşdırılır və təhlillər aparılır. Artıq bu məqsədlə ayrı-ayrı cəzaçəkmə müəssisələrində müxtəlif yönümlü istehsalat sahələri təşkil olunub və yeni məhsul istehsalına başlanılıb. Belə ki, mövcud imkanlar hesabına bir sıra cəzaçəkmə müəssisələrində kiçik istehsal sahələri yaradıldı və məhkumların 20 faizə qədərinin haqqı ödənilən işə cəlb edilməsinə nail olundu. İstehsal sahələri olan müəssisələrdə müxtəlif istehlak məhsulları - xalça, tikiş məmulatları, plastmas borular, plastik qapı və pəncərələr, kərpic, üzlük daşlar, üzümçülük təsərrüfatları üçün dəmir-beton dirəklər, həqiqi hərbi xidmət keçən qulluqçular üçün müasir NATO standartlarına uyğun olan bir və iki laylı çarpayılar, müxtəlif ölçülü dəmir şkaf və seyflər, ofis mebelləri və yumşaq stullar istehsal olunur. Bu istehsal sahələri hal-hazırda 1, 4, 5, 6, 7, 11, 12,1 5 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub”.

Mehman Sadıqov onu da qeyd edib ki, məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sayəsində əvvəlki dövrlərlə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Bu sahədə həyata keçirilən son tədbirlər ərazisi daha geniş olan yeddi cəzaçəkmə müəssisəsində müəyyən sayda məhkumların işlə təmin olunmasına imkan verə biləcək istixanaların təşkilindən ibarət olub.

“Belə ki, müəssisələrin istehsalat sahəsində istifadəsiz olan sahələrdə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixanalar təşkil edilib. Bu istixanalarda eyni zamanda tərəvəz bitkilərinin şitillərinin də yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur. Bir neçə müəssisədə isə açıq hava şəraitində iynəyarpaqlı ağacların toxumlarından şitil yetişdirilməsinə başlanılıb”.  

Son illər görülmüş tədbirlər nəticəsində bütün cəzaçəkmə müəssisələrində fərdi əmək sahələri də yaradılıb. Fərdi əmək sahələrində məhkumlar könüllü olaraq müxtəlif suvenirlərin istehsalı ilə məşğul olurlar. Xidmət tərəfindən bir neçə dəfə məhkumların əl işlərindən ibarət sərgilər də təşkil olunub. 

Penitensiar Xidmət rəsmisinin sözlərinə görə, son zamanlar bütün məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumları ictimai faydalı əməyə cəlb etmək məqsədi ilə yardımçı təsərrüfatlar yaradılıb.

“Hazırda Penitensiar Xidmətin yardımçı təsərrüfat sahələrində 255 baş iri buynuzlu, 1146 baş xırda buynuzlu heyvan saxlanılır. 1, 3, 5, 8, 9 və 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyatda olan məhkumlar bilavasitə meyvə-tərəvəz və bostan məhsullarının becərilməsi və yetişdirilməsi, heyvandarlıq və quşçuluq sahəsində çalışırlar. Penitensiar müəssisələrdə təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların da sayı əvvəlki illərlə müqayisədə artıb. Hazırda böyük sayda məhkum haqqı ödənilməklə təsərrüfat işlərində çalışır. Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə məhkumların əməyindən istifadə edilməsi qadağan olunan işlərin və vəzifələrin siyahısı müəyyən edilib. İctimai faydalı əməyə cəlb olunan məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər. Məhkumların əmək haqqının ödənilməsi qaydası isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Əvvəllər mövcud olmuş qanunvericiliyə görə, məhkumların aylıq qazanclarının 50 faizi dövlət nəfinə keçirilir, daha sonra isə məcburi ödənişlər tutulur və yalnız yerdə qalan məbləğ məhkumun şəxsi istifadəsi üçün onun hesabına keçirilirdi. 2008-ci ildə cəza-icra qanunvericiliyinə edilmiş mütərəqqi dəyişikliklərdən sonra isə məhkumların şəxsi hesabına bütün tutulmalı məbləğlərdən asılı olmayaraq, onlara hesablanmış əmək haqqının ən azı əlli faizi keçirilməlidir. Eyni zamanda, cəza çəkənlərin qazanclarından yemək və paltara görə tutulmalar aparılmır. Bu tutulmalar yalnız icra vərəqələri üzrə həyata keçirilir.
Cəzaların İcrası Məcəlləsində təsbit olunduğu kimi, məhkəmə hökmü ilə təyin olunmuş rejim növündən asılı olaraq məhkumlara ərzaq məhsulları və ən zəruri mallar əldə etmələri üçün müəyyən məbləğdə pul vəsaiti xərcləməyə icazə verilir”.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı