Modern.az

Azərbaycanlı xanımları kitabına salan mərakeşli səfir: “Sizin cəmiyyət məni ilhamlandırır" - MÜSAHİBƏ

Azərbaycanlı xanımları kitabına salan mərakeşli səfir: “Sizin cəmiyyət məni ilhamlandırır" - MÜSAHİBƏ

Ölkə

4 Oktyabr 2013, 08:33

Hassan Hami: “Dövlət öz xalqına qarşı düzgün mövqedə olmalıdır

Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami dörd ilə yaxındır Bakıda fəaliyyət göstərir. Bakıda olduğu müddətdə bir neçə əsər, novella yazıb ki, qəhrəmanları azərbaycanlı xanımlardı. Nədənini soruşduqda, cavab verir ki, Bakını çox sevir və Azərbaycan cəmiyyəti onun ilham mənbəyidir... Modern.az saytı səfirlə müsahibəsini təqdim edir. 

- Cənab səfir, 1992-ci ildən diplomatik münasibətlər quran ölkələrimiz arasındakı hazırkı əlaqələr hansı səviyyədədir?

-  Bilirsiniz ki, Mərakeş Krallığı Azərbaycan Respublikasını tanıyan ilk ölkələrdən biridir.  Ölkələrimiz qarşılıqlı şəkildə bir çox mövzularda bir-birinə dəstək verir.  Eyni zamanda Azərbaycan və Mərakeş BMT-nin 2012-2014-cü illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dövlətlər arasında münaqişələrin həlli prinsipində danışıqlar və dialoq yolu ilə sabitliyin və sülhün bərqərar olması yolunda öz imkanlarını, səylərini də əsirgəmir.

- Dövlət başçılarının qarşılıqlı səfərləri nə zaman təşkil olunacaq? Məsələn, kral VI Məhəmməd Azərbaycana səfər barədə düşünürmü?

-  Dövlətlərarası səfərlərin mübadiləsi akademiiyalar, parlament üzvləri və nazirlik səviyyəsində davam etdirilir.  Bu da öz növbəsində hər iki xalq arasında dostluq və qardaşlıq köklərinin möhkəmlənməsində böyük rol oynayır. Bildiyimə görə, dövlət başçılarının səfərləri hələ ki, nəzərdə tutulmayıb.

- Nədənsə, iqtisadi, təhsil, ticari sahələrdə elə də aktivlik müşahidə olunmur. Bu nəylə bağlıdır? 

-  Məlumat üçün deyim ki, ticarət, iqtisadiyyat, investisiya, təhsil, sənaye, texnologiya və informasiya ilə bağlı bir sıra sazişlərin imzalanması nəzərdə tutulub. Mədəniyyət, ədliyyə, turizm,  qadın,  ailə və uşaq sahələrində isə artıq sazişlər imzalanıb. Əsas məqsəd vətəndaş cəmiyyətinin paralel təşəbbüsü ilə köklü əməkdaşlıq qazanmaqdır.

- Dünyada turizm məkanlarından biri olan Mərakeş, bu sahədə Azərbaycana nə kimi tövsiyələrini verə bilər?

- Dediyiniz kimi, gerçəkdən də turizm sahəsi bizdə yüksək səviyyədə inkişaf edib. Turizmin inkişaf etməsinə səbəb geocoğrafi zonada yerləşməyimizdir. Yeri gəlmişkən, siz turizm sahəsində bizdən irəlidəsiniz. Birgə fəaliyyət nəticəsində Yaxın Asiya, Avropa və Afrika ölkələriylə turizm əlaqələrini genişləndirə bilərik. Yəni bu yönümdə ölkənizdə turizm sahəsinə köməyimiz dəyə bilər. Turistlər Mərakeşə ilboyu, yəni ilin dörd fəsli gəlir. Mərakeş elə bir ölkədir ki, dörd fəsli birdən yaşamalı olur. Yəni ölkəmizdə fərqli iqlim mövcuddur.  Onu da deyim ki, önəmli olan insanların istədiyi kimi istirahət etməsidir. Mərakeşdə günü 50 dollara, amma yüksək səviyyədə xidmət göstərən otellər çoxluq təşkil edir. Müsəlman ölkəsi olmağına baxmayaraq, Mərakeşə gələn bütün millətlərdən olan turistlər kilsələrdən, sinaqoqlardan, diskotekalardan rahat istifadə edə bilirlər. Biz modern bir ölkəyik. Ölkədə dillər çoxluq təşkil etdiyindən turistlər arasında itmə ehtimalı çox azdır. Mərakeşlilər rus, ingilis, italyan, ispan, portuqal dillərində danışa bilirlər. Unuversitetlərdə rus, fars, ispan, italyan, alman dil kursları təşkil olunub. 

-  Bəs mərakeşlilər arasında türk dilini bilənlər yoxdurmu?

- Niyə ki, əlbəttə var. Hətta universitetlərdə türk dili fənn kimi dərsliyə salınıb.  Eyni zamanda Azərbaycan dili kurslarının açılması gözlənilir. Yəni bu layihə üzərində çalışırlar.

- Cari ildə hökumətlərarası komissiyanın iclası olmalıydı. Nə zaman olacaq və neçə saziş imzalanacaq?

-  Komissiya 2010-cu ildən yaradılmasına baxmayaraq, sədrlərin görüşmələrlə bağlı təqvimi uzlaşmadığından son anda təxirə salınıb. Ümid edirik ki, hazır olan sazişlərin imzalanması ilə bağlı görüşmələr bu il baş tutacaq.

- Mərakeşin iqtisadiyyatını əsasən hansı sahələr təşkil edir?

- Fosfat turşusunun satışına görə Mərakeş dünyada birinci yeri tutur. Günəş enerjisindən istifadə etmək üçün 2 günəş stansiyası artıq hazırdır,  2 stansiya da tikilmək üzrədir. Bu da elektrik enerjisinə olan ehtiyatın 100 faizinin 20 faizini təşkil edəcək. Buna paralel olaraq külək enerjisindən istifadəylə bağlı layihə üzərində çalışırıq. Bu yeni texnalogiyaya bir çox ölkələr investisiya qoymaqda maraqlıdır. Biz günəş və küləkdən alınan enerjinin gələcəkdə Avropa ölkələrinə satışını düşünürük. Neft-qaz sahəsində də 20-dən cox xarici şirkət Mərakeşdə fəaliyyət göstərir. Hazırda bu sahə üzrə birgə əməkdaşlıqla bağlı sizin ARDNŞ-lə də danışıqlar aparılır.    

-  Dörd ilə yaxındır ölkəmizdəsiniz. Müsahibələrinizin birində bildirmisiniz ki, Bakını çox sevirsiniz və şəhərimizin bu qədər nəhəng və sürətli inkişafı sizi sanki cavanlaşdırır. Ölkəmizi tərk etdikdən sonra Bakıdan özünüzlə nəyi aparmaq istərdiniz xatirə olaraq?

 - Qucaq dolusu xatirələr! Xususi ilə də Azərbaycanda sadəcə bakılıların deyil, həmçinin ziyarət etdiyim regionlardakı vətəndaşların qonaqpərvərliyi və gülərüzlülüyünü qeyd etmək istərdim. Bundan başqa, azərbaycanlıların vətənpərvərlikdən danışarkən gözlərindən oxunan qürurları haqda xüsusi vurğulamaq istərdim. Azərbaycan xalqı da ölkənin sürətlə inkişafına təəccüb edir. Bakı orijinal memarlığı ilə gözəl bir şəhərə çevrilib. Bundan başqa, Bakıyla yanaşı olaraq  Qəbələnin bir sıra beynəlxalq festivallara və konfranslara ev sahibliyi etməsi təqdirə layiqdir.

- Diplomat olmağınızla bərabər həm də yazıçısınız. Novellalarınızın birində əsərin personajı Qafqazla Skandinaviya arasındakı oxşar kökləri axtaran azərbaycanlı qadındır. Niyə məhz azərbaycanlı qadın?...

- Söhbət ingilis dilində yazılan, qlobal istiləşmə haqqında olan “Sparkling ashes over the rainbow” adlı romandan gedir. Ümüd edirəm ki, üzümüzə gələn ildə işıq üzü görəcək. İngilis dilində yazdığım üçün Amerikada nəşr etdirməyi nəzərdə tutmuşam. Azərbaycanlı xanım əsərin 4 baş qəhrəmanından biridir. Ondan başqa romanda mərakeşli, əslən danimarkalı olan amerikan və əslən portuqaliyalı olan amerikan qadınlardan bəhs olunur. Bu qadınlar bir-birlərini tanımamalarına baxmayaraq, oxşar taleləri yaşayırlar. İngilis dilində yazdığım daha iki romanım var ki, qəhramanlar tamamilə azərbaycanlıdırlar. Ana mövzusu Qız Qalası ilə bağlı olan  “The Scent of Incoherence” və atası xaricdə olan balaca azərbaycanlı, amma çox ağıllı bir qizdan bəhs edilən “Gulsum's Twisting Twilight” adlı hekayələrdir. Gördüyünüz kimi, Azərbaycan cəmiyyəti məni ilhamlandırır.

- Ərəb ölkələrində baş verən iğtişaşlar Mərakeşdən yan keçdi. Ərəb dünyasında baş verənlərə nə ad verirsiniz? Sizcə buna demokratikləşmə demək olarmı?

 - Demokratiya qanun səviyyəsindədir. Demokratiya bütün cəmiyyətlərdə üstünlük təşkil etməlidir. Lakin insanların iddiaları məntiqli və real olmalıdır. Dövlət də həmçinin öz xalqına qarşı düzgün mövqedə olmalıdır. Dövlətin inkişafı, sabitliyi və təhlükəsizliyi və problemlərin aradan qaldırılması üçün cəsurluq göstərilməlidir. Mərakeşə gəlincə, ölkəmiz siyasi, iqtisadi və sosial islahatlara sadəcə siyasi partiyaların qüvvələri ilə deyil, həmçinin vətəndaş cəmiyyətinin iştirakı ilə başlamışdır. Mərakeş müstəqilliyini əldə etdikdən sonra modernləşmə siyasətinə tədricən tələsmədən uyğunlaşmışdı. Mərakeş siyasi və sosial islahatların başlanmasının intizarındaykən, başqa ölkələr “Ərəb baharını “yaşayırdılar.


Laçın SƏMLA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı