Türkiyədəki hadisələrin ən gərgin məqamında hamının gözlədiyi sürprizlər baş verdi. Gizli kamera siyasəti çağdaş dünyanın çox vaxt ciddi bəlasına və bəzən də epizodik faydasına çevriləndən sonra, kimsənin ictimai həyatda, siyasətdə sonadək təminat altına alınmış ömür yolu qalmadı. "Tutulmayan oğru deyil" düşüncəsinin keçərliliyini düşünən hər bir ictimai, siyasi sima artıq ən böyük fədakarlığın şəxsi həyatın doğru tənzimlənməsi olduğunu bir çox hallarda anlamış oldu. Ona görə də ortaya çıxarılan faktlar qarşısında bütün həyat düzəninin, ailə mühitinin, siyasi karyerasının dəyişməsinin gətirdiyi ağır tablonu hər zaman göz önündə tutaraq nəfsin tabeliyinə girməməyə hərtərəfli çalışmağa başladılar. Gündəmdə olan bu mövzunu əsas alaraq siyasət əxlaqına aid bir problemə diqqət yetirməyimiz vacibliyini düşünürəm.
Türkiyədə bir siyasətçinin, eləcə də onun yaxınlarının videogörüntülərinin yayınlanması yenilik deyil. Azərbaycanda da bu epizodlar tanınmış insanlarla bağlı arasıra televiziyalarda, mətbuatda, sosial şəbəkələrdə yer almaqdadır. Qərb dünyasında öz həyatını yaşamaq vərdişinə sahib olan insanlar başqasının intim görüntülərindən o qədər də zövq almadıqlarından, bu kimi cəmiyyətlərdə ciddi təlatümlər yaşanmır. Bizdə isə, yəni Azərbaycan və Türkiyə kimi yarıortodoksal İslam və Türk, yarı apvropatəqlidçi cəmiyyətlərdə insanlar belə olaylarla qarşılaşdıqda təəccüb ve maraqlarını gizlətməyə də ehtiyac duymurlar. Çoxları görüntü olaraq bunlardan xoşlanmadığını dilə gətirsə də, məlum olur ki, təqdim olunan materialları sonadək izləmişlər. Ona görə də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaşının intim xarakterli videosu yayıldığında bunun sürətlə paylaşıldığını və tanıdığım insanların bunu izləyib-izləmədiyimiz barədə sorğularını nəzərə alaraq öz baxış tərzimin açıqlanmasına ehtiyac duydum. İlk olaraq düşüncəmdən keçən bu oldu ki, cənab Ərdoğanın CHP lideri Baykalla bağlı bənzər görüntülər zamanı daha fərqli bir davranış ortaya qoymasını gözləmişdim. O zaman bunu normal bir mübarizə vasitəsi olaraq dəyərləndirən zehniyyətə qarşı sükutla yanaşmağa üstünlük vermişdi. Hər halda kəskin bir etiraz mövqeyi sərgiləməmişdi. Siyasətin amansız bumeranqını hər zaman göz önündə tutmaq bir siyasətçi üçün dəyişməz prinsip olmalıdır, məncə. Siyasi mübarizənin elə yolverilməz fəndləri var ki, orada şəxsi həyat yazılan lövhənin girişində durmağı bacaranlar nəyisə itirsələr belə, ən azı siyası yaşamdan sonra heç vaxt utanmayacaqları bir mövzu rahatlığını ömrün sonuna qədər daşıya bilirlər.
Azərbaycanda olsun, Türkiyədə olsun, kiminsə intim həyatını əks etdirən bu materialları seyr etmədim və seyr etməyə də müsbət yanaşmıram. Xüsusilə də insanın iradəsinin ziddinə, kimisə ifşa etmək məqsədilə bunlar yayınlanırsa, burada artıq ləyaqətsiz bir niyyətdən söhbət gedir və istər istəməz hər hansı paylaşan da, təbliğ edən də, izləyici də bu niyyətin şəriyinə çevrilmiş olur. Kim necə anlayır-anlasın, artıq ailəsi olan, övladları böyüyən hansısa sənət adamının gəncliyində çəkilmiş çılpaq şəkillərinin, videolarının hər dəfə təkrar-təkrar gündəmə gətirilməsini yanlış hesab edirəm. Eyni zamanda Azərbaycan mühitində də istər iqtidar cinahında, istər müxalifətdə, istər başqa platformalarda bu metoddan yararlanmağa vərdiş edən zehniyyəti də qınadığımı hər dəfə açıq şəkildə bildirirəm. Hörmətim olmayan bir müxalifət təmsilçisinin evinin qarşısında hansısa piket tədbirinin keçirilməsinə Milli Məclisin tribunasından etiraz edəndə bunu təəccüblə qarşılayan insanlara söylədiyim bir cümlə oldu: şəxsi həyatın toxunulmaz məqamlarını, ailəni siyasi hədəf olaraq seçənlər gələcəkdə mütləq özləri bu nöqtədən vurulacaqlar.
Hər dəfə siyasət düşüncəmizlə bağlı vurğuladığım bir məqam bəziləri tərəfindən süngü ilə qarşılanır. Müəllimimiz və liderimiz olmuş böyük insan Əbülfəz Elçibəyin bu gün bir sıra siyasi tezislərini günün reallıqları ilə uzlaşdırmaq mümkün deyil. Bir çox hallarda gördük ki, xalqı real olmayan hədəflərlə yükləmək duyğusal olaraq insanın içini hərəkətə gətirə bilər, ancaq bir müddət sonra bu hədəflərin əlçatmaz və perspektivsiz olduğunu, elmi əsaslandırmasının mümkünsüzlüyünü görəndə cəmiyyətdə daha böyük sınqınlıq və ümidsizlik yarana bilir. Cəmiyyəti real düşüncə tərzinə alışdırmaq xeyli çətinləşir. Ona görə də, bizlərin xalq hərəkatı dalğasında güclü təşkilatlanmış, illüziyalarla dolu hədəflər tərtib etmiş gücünü, ciddi təşkilatlanmamış, real, praktik hədəfləri qarşısına qoyan bir mobil olmayan komanda ötən əsrin 1993-cü ilində rahatlıqla havaya uçurdu. Bununla belə, Əbülfəz Elçibəyin siyasət əxlaqı anlayışının hər birimiz üçün nümunə ola biləcəyi düşüncəsindəyəm. Bir epizod məncə yetərlidir düşünənlər üçün. Bir dəfə yanına tanınmış simaların intim həyatı ilə bağlı ciddi material gətirmişdilər. Materiala baxmadan masannı o biri başına tullamışdı. Mən siyasəti, əxlaqın müəyyənləşdirdiyi üsullarla aparıram. Heç vaxt bu cür ifşaedici materialları mənə gətirməyin və göstərməyin.”
Məncə günümüzdə Türkiyənin də, Azərbaycanın da məhz bu siyasət əxlaqına ehtiyac var.