AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
II yazı
Milli şüurun tərkibinə daxildir: milli mentalitet, milli özünüdərk, milli adət-ənənələr, vətənpərvərlik və s. Bu mənada, milli şüurun dini və beynəlmiləl şüurla oxşar tərəfləri ilə yanaşı, fərqli cəhətləri də göstərilməlidir. Məsələn, milli şüurla dini şüur arasında oxşar cəhətlər arasında əxlaqi-mənəvi, humanizm, xoşgörü, qonaqpərvərlik, ümumiyyətlə mənəviyyat məsələləri mühüm yer tutur. Eyni zamanda, milli və dini şüurun oxşar cəhətləri arasında ən vacib faktor milli birlik məsələsidir. Yəni hər iki şüurun uğurla dərk edilməsi nəticəsində bir millət, cəmiyyət daxilində milli birlik daha da gücləndirilə bilər. Ancaq bu zaman hökmən milli birliklə dini birliyi fərqləndirmək, daha doğrusu, dini birliyin milli birlik kimi təqdim edilməsinə imkan verilməməlidir.
Qeyd edək ki, 20-ci əsrin əvvəllərində Əhməd Ağaoğlu məhz dini birliyi milli birlik kimi («islam millətçiliyi») qələmə vermişdir. Belə ki, Ağaoğlu Quranın mahiyyətindən xəbərsiz olduğumuzu, əgər biləriksə buna doğru müəyyən addımların atılıcağına inamını ifadə etmişdir. Onun fikrincə, Qurandan uzaqlaşmağımızın səbəbdir ki, müsəlmanlar arasında milli birlik yoxdur. Bu baxımdan Qurana üz tutaraq milli birlik məsələsini dərk etməli və bu ideyanı cəmiyyətə daxilində yaymaq lazımdır. Ancaq onun bu ideyası özünü doğrultmadı. Buna səbəb də dini şüura aid bəzi məsələlərin lüzumsuz yerə milli şüura da aid edilməsi idi. Xüsusilə, «islam milləti» anlayışı ilə «türk milləti» anlayışını eyniləşdirilməsi, qeyri-müəyyən «islam birliyi» anlayışının irəli çəkilməsi və bunu kimi digər önəmli amillər də yanlışlığa yol verilmişdi.
Ümumiyyətlə, bu gün olduğu kimi, ötən əsrin əvvəllərində də milli şüurun formalaşması prosesində əsas mübarizə islamlaşmaq, türkləşmək və müasirləşməklə («üçlük»lə) beynəlmiləl ideya hesab edilə biləcək sosial-demokratizm, liberal-demokratizm və başqaları arasında getmişdir. Eyni zamanda bu mübarizənin islamlıqla türklüyün öz aralarında da getdiyinin şahidi oluruq. Ancaq 20-ci əsrin əvvəllərində dünyanın bir nömrəli qloballaşma hadisəsi kimi sosial-demokratizmi (marksizmi) hesab etmək olar.
O dövrdə bəziləri hesab edirdilər ki, zəmanənin əsas ideyası islamlaşmaq və türkləşmək deyil, sosial-demokratizmdir-bütün fəhlə və kəndli sinfinin birləşməsi və dünyada sosializm cəmiyyəti qurmaqdır. Bu mənada, Azərbaycan türklərinin də xilas yolu da nə islam, nə də türklük deyil, sosial-demokartizmlə bağlıdır. Həmin dövrdə sosial-demokratizm qlobal hadisə kimi, bir müddət islamlıq və türklük şüuru ilə başa-baş mübarizə aparmışdır. Hətta, Azərbaycanın bir çox mütəfəkkirləri ilk dövrlərdə sosial-demokratizmi milliyyət və islamiyyətdən üstün belə tutmuşlar.
Deməli, hazırda olduğu kimi 20-ci əsrin əvvəllərində də ictimai şüurun hansı ideyalar əsasında formalaşa biləcəyi ilə bağlı təzadlı mülahizələr və mövqelər olmuşdur. Bir çox aydınlarımız sosial-demokrtizmin təsiri altında islamçılığın ona zidd olmamasını əsaslandırmağa çalışmışlar. Marksizm kimi islamiyyətin də beynəlmiləl mahiyyətə malik olması vurğulanmışdır. Beləliklə, islamçılıqla beynəlmiləl ideya hesab olunan sosial-demokratizm arasında oxşarlıqlar tapmaq bir növ əsas məşğuliyyətlərdən biri olmuşdur (M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b.).
Ancaq islamçılıq və beynəlmiləlçilikdən fərqli olaraq, türkçülük və sosial-demorktizm arasında bərabərlik işarəsi qoymaq çətin idi. Ona görə də, ilk dövrlərdə milliyyət anlayışı daha çox tənqid edilmiş, bu mənada milli şüurun milliyyət əsasında formalaşmasının əleyhdarları heç də az olmamışdır. Məsələn, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə və başqaları ilk dövrlərdə yazırıdlar ki, miliyyəti önə çəkənlər uyğun olaraq islamiyyətin və sosial-demokratiyanın düşmənidirlər. Hətta, Rəsulzadə İsmayıl bəy Qaspıralını və onun «Tərcüman» qəzetini milliyyət məsələsini daha çox qabardaraq sosial-demokratiyanı qəbul etmədiklərinə görə tənqd atəşinə tutmuşdur. Ə.Hüseynzadə də həmin dövrdə «Füyuzat» jurnalında nəşr olunna «Milliyyət və insaniyyət» məqaləsində, milliyyət deyil, islamiyyət və sosial-demokratiyanın vacibliyindən bəhs etmişdir.
Doğrudur, onlar islamiyyət və sosail-demokratizmin bəşəriyyət üçün daha vacib olmasından bəhs edərkən heç də milli kimliklərinin-türklüklərinin üstündən xətt çəkməmişlər. Əksinə, bu milli ideoloqlar türk kimliklərini az qala hər bir yazılarında vurğulayaraq türk mədəniyyətini təbliğ etmişlər. Ancaq ümumilikdə, Rəsulzadə bir müddət milliyyət anlayışını sosial-demokratlar kimi izah etmiş, Hüseynzadə və Ağaoğlu isə onu islamiyyətin içində ərtitmişlər.
Deməli, 20-ci əsrin əvvəllərində milli aydınlarmızın aparıcı hissəsi qloballaşma hadisəsi kimi dəyərləndirə biləcəyimiz marksizmə qarşı bu formada mübarizə aparmışlar. Bu, müəyyən bir keçid dövründə onlar üçün ən məqbul variant idi. Bu baxımdan yalnız milliyyət məsələsindən çıxış etməklə, beynəlmiləliyyət və islamiyyəti tamamilə bir kənara qoymaqla milli şüur formalaşdırmaq istənilən effekti verə bilməzdi. Məhz əksər aydınlarımızın sosial-demokratizmə münasibətdə doğru mövqe tutmaları, son nəticədə islamçlııq və türkçlüyün bir ideya kimi marksizm üzərində qalib gəlməsi ilə nəticələnmişdi. Bununla da milli şüurun əsas dayaq nöqtələri türkçülük və islamçılıq olmuşdur.
Fikrimizcə, indiki dövrdə yaşananlar, yəni qloballaşma adı altında vətəndaş cəmiyyəti ilə türkçülük və islamçılıq arasında baş verənlər, 20-ci əsrin əvvəllərində baş verən proseslərin yeni bir formada təkrarıdır. Burada söhbət tarixin təkrarından deyil, müxtəlif tarixlərdə baş verən hadisələrin oxşar cəhətlərindən gedir. Bu mənada, hazırda əsas məsələlərdən biri qloballaşmanın tüğyan etdiyi, vətəndaş cəmiyyətinin qurulmasının vacibliyinə çağrışlar edildiyi bir dövrdə islamçılıq və türkçülüyün nə qədər vacibliyidir. Xüsusilə, son zamanlar qloballaşma hadisəsəsi kimi vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti və s. anlayışlar geniş yayılmışdır.
Qloballaşma prosesində «üçlüyə» (türkləşmək, islamlaşmaq və müasirləşmək) münasibətdə iki əsas baxış var: 1) vətəndaş cəmiyyəti daha vacibdir, nəinki «üçlük»; 2) vətəndaş cəmiyyəti quruculuğu nə qədər zəruri olursa-olsun «üçlük» onun kölgəsində qalmamalıdır.
Deməli, bu gün də milli şüurun formalaşmasında ən azı iki tərəfli mübarizə gedir. Bu mübarizədən hansının qalib çıxması ilə milli şüurun formalaşması prosesi yeni bir çalar daşıya bilər. Daha doğrusu, əgər vətəndaş cəmiyyətinin «üçlük»dən daha vacib olması qənatinə gəlinərsə, yaxud da gəlinirsə bu zaman milli şüurun öz mahiyyətindən xeyli dərəcədə kənara çıxması baş verə bilər. Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur birmənalı şəkildə milli şüur deyil, beynəlmiləl, müəyyən mənada kosmopolit şüurdur.
Bu baxımdan «üçlüyü»ün kölgədə qalması deyil, əksinə önə çəkilməsi daha qəbul variant olardı. Fikrimizcə, 20-ci əsrin əvvəllərində qloballaşma nümunəsi olan sosial-demokratizmlə «üçlük» arasında gedən mübarizədə sonuncunun qalib çıxması bunun bariz nümunəsidir. Doğrdur, «üçlüy»ün marksizm üzərində qələbəsi çox çəkmədi, bir az sonra rus və rusyönlü sosial-demokratlar Azərbaycanda hökmran oldular. Onlar da beynəlmiləlçiliyi təbliğ edirdilər.
Əlbəttə, ümumilikdə beynəlmiləlçilik ilk baxışda mənfi bir anlayış deyildir. Ancaq baxır ona hansı millət nə cür yanaşır. Əgər SSRİ dövründə Azərbaycan vətəndaşı da, Qazaxıstan vətəndaşı da, Rusiya vətəndaşı da eyni hüquqları malik olsyadı, eyni hüquqlarla yaşasaydılar, onda bu beynəlmiləlçilik yaxşı ideya olardı. Ancaq bundan sui-istifadə edib biri o birsini əzirdisə, bu saxta beynəlmiləlçilik idi.
Hər bir insan, vətəndaş ilk növbədə, yaşadığı, doğulduğu Vətənin, tapındığı Dinin, və təmsil olunduğu Millətin nümayəndəsidir. Yalnız bunları dərk edəndən sonra bəşəri ideyalardan çıxış edilə bilər. Necə ola bilər ki, kimsə doğulduğu andan kosmopolit olub qeyri-müəyyən bir dildə danışsın. Bu, normal olaraq mümkün deyil.
Bəşəri ideyalardan Hüseyn Caviddə, Əhməd Cavadda başqası da yaza bilər və yazıblar da. Yer kürəsi burada yaşayan bütün insanların vətənidir. Ancaq birinci insanın doğulduğu ərazi onun vətənidir. İlk növbədə, hər bir insan üzərində dayandığı Vətəninin, təmsil olunduğu millətin dəyərini biməlidir. Bundan sonra bəşəri ideyalarla çıxış etməsi normal bir şeydir. Deməli, həmin dövrdə SSRİ rəhbərləri və ideoloqları üçün kommunizm, beynəlmiləlçilik, xalqlar dostluğu ideyaları ilk növbədə vətən, millət, din anlayışlarını insanların şüurundan çıxartmaq üçün bir ideoloji silah olmuşdur.
Ona görə də, «üçlük»dən fərqli olaraq rks sosial-demokrtalarının qalibiyyəti zorakılığa əsaslandığı üçün onun perspektivi yox idi. Məhz marksizmin rus variantı olan bolşevizmin zorakılığa arxalanmasının nəticəsi idi ki, sonunda məhv oldu. Bununla da, yenidən milli ideyalara üz tutuldu. Milli ideyalar olmadan bir millətin var ola bilməyəcəyi qənəatinə gəlindi.
Sadəcə, burada yeni problemlər ortaya çıxdı. Bu da ondan ibarət idi ki, millətin milli şüuru formalaşmadan populizmlə və quru şüarlarla nəyisə əldə etmək çətindir. Müstəqilliyimizin bərpasının ilk dövrlərində populizm və quru şüuarlardan uzağa gedə, yəni milli şüuru formalaşdıracaq «üçlüy»ü cəmiyyətə çatdıra bilmədiyimiz üçün, yenidən milli ideyaların, yoxsa beynəlmiləl ideyaların vacibliyi məsələsi gündəmə oturdu. Bu günə qədər də həmin mübahisələr və disskusiyalar davam etməkdədir.
Bu gün beynəlmiləlçilik özünü Azərbaycanda Qərbin, yaxud da Avropanın demokratik ideyaları şəklində büruzə verir. Eyni zamanda bizə qonşu dövlətlər də, bu və ya digər dərəcədə beynəlmiləlçiliyin müxtəlif təzahürləri şəklində millətin şüuruna müəyyən mənada təsiri göstərirlər.
Günümüzdə bəzi tədqiqatçılar, ideoloqlar hesab edirlər ki, «üçlük»dən çıxış etmək hazırkı şəraitdə mümkün deyildir. Bunu, ötən əsrin əvvəllərində eynilə sosial-demokratlar və ittihadçılar deyirdilər. Bu gün isə özlərini demokratlar, liberallar, bir sözlə vətəndaş cəmiyyəti tərəfdarları kimi təqdim edənlər həmin müddəanı önə çəkirlər. Bu cür düşünənlərin fikrincə, 20-ci əsrin əvvəllərində islamlaşmaq və türkləşmək lazım və zəruri idi, indi isə artıq onlara bir o qədər ehtiyac yoxdur. Maraqlıdır kim, həmin dövrdə bu fikri müdafiə edənlər ən çox marksistlər olmuşlar. Onlar hesab edirdilər ki, sosializm quruculuğunda millət və dinə yer yoxdur. İndi də bəzi ideoloqlara görə, vətəndaş cəmiyyəti quruculuğunda millətə və dinə əhəmiyyətli pay düşmür.
Əslində bu gün həmin fikirlərdən çıxış edənlər müəyyən mənada, 20-ci əsrin əvvəllərində «üçlük» ideyasını tənqid edənlərlə - marksistlərlə və ittihadçılarla demək olar ki, eyni mövqe nümayiş etdirirlər. Bu mənada, indiki dövrün «marksistləri» və «ittihadçıları» forma və məzmunca onlardan müəyyən qədər fərqlənirlər. Bütövlükdə hazırda «üçlüyü» cəmiyyətin əsas ideyaları kimi vacib saymayanlarla, 20-ci əsrin rus marksistlərini və mühafizəkar isamçılarını bir amal birləşdirir: çağdaş ruhlu islamlıq və türklüyün kölgədə saxlanılması, yaxud da ümumiyyətlə aradan qaldırılması. Bunun əksini düşünənlər isə, müasir ruhlu türkçülük və islamçılığı müdafiə edirlər. Bu mənada, milli şüurun formalaşması prosesi ləng gedir.