Modern.az

Xankəndi - bizi səsləyən şəhər

Xankəndi - bizi səsləyən şəhər

Ölkə

27 Dekabr 2013, 00:26

Xankəndinin işğalından 22 il ötür


1991-ci ilin dekabrın 28-də Xankəndinin sonuncu yaşayış məntəqəsi olan Kərkicahan qəsəbəsi zəbt olunmaqla şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şəhərin azərbaycanlı əhalisinin ölüm-dirim mübarizəsinə baxmayaraq qüvvələrin qeyri-bərabərliyi və ermənilərin güclü havadarlarının olması nəticəsində Xankəndi düşmən nəzarətinə keçib.

18-ci əsrin sonlarında Qarabağ xanlarının kəndi olan, onların istirahət məskəni sayılan Xankəndi 1923-cü ildə heç bir məntiqə sığışmadan Stepanakert adını daşımağa başlayandan tarixin ağır sınaqları ilə üz-üzə qalmışdı.

Əslində, 80-ci illərin sonunda Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Məhz, həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz  işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.

Bəs 1967-ci ildə Qarabağda, Xankəndində nə baş verirdi? Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə  Ağdam rayonunda milliyətcə erməni olan traktorçu oğlu ilə birgə qətlə yetirilirdisə, bu cinayətin üstü açılmırdısa, təbii ki,  hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin  birmənalı şəkildə  azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Belə məqamlarda ədavəti daha da qızışdırmaq üçün erməni millətçiləri tərəfindən xüsusi adamların azərbaycanlılara qarşı apardığı təbliğat da büyük rol oynayırdı. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.

1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd rayonunda baş vermişdi. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üşün qərar verir. Azərbaycan  SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır. Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləyən Əfrail Hüseynov “Stepanakert-67.  Fitnə-fəsad tüğyanları” məqaləsində yazır:

“Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər.İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı vaxt Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər. Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını darvazanın qapısı ağzında kəsdilər. Alayın darvazası qarşısında hərbçilərin gözü önündə ermənilər dustaq maşınını kalaşnikov, makarov tipli odlu silahlardan atəşə tutdular, sonra  dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi.  O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”.


Göründüyü kimi Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.

Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Heydər Əliyev yaxşı dərk edirdi ki, “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən erməni millətçiləri vaxtında və layiqincə cavablarını almasalar bu məsələ Azərbaycan üçün böyük problemə çevriləcək.

Əməliyyat qrupuna rəhbərlik edən Heydər Əliyevin peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur. Məhz, Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri ali-üst olur. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var onların planlarının hayata küçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata kecirməyə başladılar.

Hal-hazırda on mindən artıq xankəndili Azərbaycanın ayrı-ayrı rayonlarında məcburi köçkün həyatı yaşayır. Xankəndinin icra strukturunun olmamasından bu insanların bir-birləri ilə əlaqəsi o qədər də sıx deyil. İcra strukturunun olmaması ilə bağlı diqqət çəkən digər bir məsələ də odur ki, bu gün ermənilər dünyanın kütləvi informasiya vasitələrində qondarma “DQR”-in paytaxtı kimi Stepanakerti təbliğ edir, hətta bu şəhərin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlər haqqında informasiyalar yayır. Bütün bunlara qarşı çıxmaq, sözümüzü dünya ictimaiyyətinə çatdırmaq, təbliğat mexanizmini gücləndirmək üşün 1991-ci ildən respublika tabeli şəhər olan Xankəndinin icra strukturunun yaradılması məqsədəuyğun sayılardı.

Bu gün xankəndililər gələcəyə böyük ümidlə baxırlar. Onlar inanırlar ki,  qanlarını Vətən uğrunda halal etmiş Şirin Mirzəyevin, Nizami Məmmədovun, Natiq Şahmuradovun, Orduxan Səfərovun və onlarla qəhrəman xankəndlilərin  əmanət qoyduqları torpağa yanidən sahib olacaqlar. Bu inamı isə onlarda yaradan ölkəmizin günü-gündən inkişafı, qüdrətlənməsi, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətidir.


İlham Cəmiloğlu
          

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı