Modern.az

Yorğun Bakı

Yorğun Bakı

Ölkə

28 Dekabr 2013, 13:25

(Yeni il astanasında paytaxt Bakı etüdləri)

Həmişə belədir - ilin son günlərində insanlar daha çox işləyirlər. Daha çox ora-bura qaçırlar. Yarımçıq qalmış işlərini yeni ilə keçirməməyə, başa çatdırmağa, eyni zamanda, yeni ildə onları gözləyən uğurların, şansların təməlini qoymağa çalışırlar. 
 
İndi insanların üzündə həm yorğunluq, həm məmnunluq ifadəsi hakimdir. Məmnunluq da ona görə ki, artıq yola salınan il üçün nəzərdə tutduğu və gerçəkləşdirə bilmədiyi məsələləri "taleyin qisməti" sanıb, az-çox əldə etdiyi uğurlara "şükr" deyir, içində. Yəni, "bu qədər bacardım"… 
 
*** 
 
İlin sonuna yaxın sadə Azərbaycan insanının, o cümlədən Bakı sakininin ovqatını təlx eləyən məsələ benzinin qiymətinin artması, bununla da əlaqədar, bir sıra zəruri tələbat mallarının qiymətinin yüksəlməsi oldu. 
 
 İndi sadə paytaxt sakinini benzinin qiymətinin qalxması yox, "ikinci çörək" funksiyasını yerinə yetirən kartofun qiymətindəki fantastik artım narahat edir. İlin əlamətdar günlərində, bayramlarda ən kasıb ailədə belə zəngin süfrə açmaq olur. Amma axı, bayramlar da ilin bir ayı qədər deyil. İlin qalan günlərinin yola verilməsində kartofun strateji önəmi özünü göstərir. Ona görə də, insanlar belə gözlənilməz sürprizlərin yaratdığı dilxorçuluğu da birtəhər bayram əhval-ruhiyyəsinin içərisində gizlətməyə məcburdurlar. 
 
Bəs, niyə kasıbın qida rasionunun vazkeçilməz təamının qiyməti bu qədər yüksəldi?
Əvvəllər yerli məhsul əsasən Rusiyaya daşınırdı deyə ölkədə qiyməti yüksək olurdu. İndi əvvəlki həcmdə Rusiyaya Azərbaycandan kənd təsərrüfatı məhsulları daşınmır, soydaşlarımızın Rusiya bazarlarında sərbəst alver imkanı da yoxdur. Bəs nə üçün yerli məhsulun daxili bazarda qiyməti belə yüksəkdir? 
 
  *** 
 
 Kənd Təsərrüfatı Nazirliyi bayramla əlaqədar paytaxtın bir sıra yerlərində yarmarkarların təşkil olunacağını bildirib və yarmarkaların ünvanlarını açıqlayıb. 
 Siyahıya baxdım, hər həftəsonu yarmarkaların keçirildiyi yerlər... Yarmarkalarda qiymətlərin aşağı olacağına gəlincə, təcrübə bu məsələnin inzibati qaydada həllinin çətin olduğunu göstərir. Digər tərəfdən, insanlar tək bayram günlərində deyil, ilboyu qidalanır. Bunu da düşünmək lazımdı... 
 
 *** 
 
  Əvvəllər paytaxtda xırdavat satan çinli miqrantlara çox rast gəlinərdi. İndi, çinliləri gürcülər əvəz edib. Qonşu xalqın nümayəndələri Bakının mərkəzi yerlərində stol açıb xırdavat ticarəti edirlər. Adamları da birtəhər - yarı rusca, yarı gürcücə başa sala bilirlər. 
 
 Çinlilər özləri görünməsələr də, Yeni illə bağlı məhsulları hər yerdə göz oxşayır. Yeni il at ili üstündə təhvil olunacaq deyə, atın başına min bir oyun açıblar. Oyuncaq çeşidləri o qədər zəngindir ki, almadan keçə bilmirsən. 
 
   *** 
 
Modern.az deputatlarımızın Yeni il bayramını necə və harada qarşılayacağı ilə bağlı sorğu keçirib. Diqqətimi hörmətli millət vəkili Aydın Mirzəzadənin “bayram günlərində Azərbaycan telekanallarında maraqlı verilişlərə baxacağam" sözləri çəkdi. 
Səmimi sözümdür, Aydın müəllim Azərbaycan telekanallarında baxacağı maraqlı verilişlərdən bir-ikisinin adını çəksəydi, biz də baxardıq...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı