Modern.az

Necə oldu uşaq istirahət düşərgələri?

Necə oldu uşaq istirahət düşərgələri?

Ölkə

18 İyun 2010, 15:22

2009-2010-cu dərs ili başa çatdı və 1,4 milyondan çox şagird yay tətili günlərinə çıxıb. İndi valideynlər öz uşaqlarının yay istirahətinin təşkili haqda düşünməyə başlayıblar. Amma Azərbaycanda hər il yay tətili günlərində uşaqların böyük əksəriyyəti yaxşı dincələ bilmir.

Sovet dövründən fərqli olaraq hazırda Azərbaycanda məktəblilərin yay istirahətinin təşkili istənilən səviyyədə deyil. Daha dəqiq desək bu sahədə ciddi problemlər mövcuddur, düşərgələr yoxdur.

Xatırladaq ki, keçmiş SSRİ dövründə digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Bundan başqa Ukraynada «Artek», Rusiyada isə «Oqonyok» adlı ümumittifaq pioner düşərgələri də var idi ki, orada Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər. Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalan isə ölkənin digər səfalı rayonlarında idi. Amma müstəqillik əldə ediləndən sonra digər sahələrdə olduğu kimi bu sektorda da vəziyyət pisliyə doğru dəyişib. SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-ə yaxın uşaq istirahət düşərgəsi bağlandı.

Hazırda məktəblilərin dincəlməsi üçün 10-a yaxın istirahət düşərgəsi fəaliyyət göstərir. Onlardan 4-ü ayrı-ayrı nazirliklərin nəzdində fəaliyyət göstərir, qalanları isə özəldir. Lakin bu düşərgələrdə iki həftəlik dincəlməyin haqqı 200-300 manat olduğundan, yalnız imkanlı valideynlərin uşaqları orada dincələ bilir.

Uşaq Hüquqlarını Müdafiə Liqasınnı sədri Yusif Bəkirovun sözlərinə görə, hazırda Azərbaycanda uşaqların 1-2 faizi yay  istirahət düşərgələrində dincələ bilirlər. O, aidiyyatı dövlət orqanlarını bu sahədə lazımi işlər görməməkdə günahlandırıb.

 

Qeyd edək ki, son illər bəzi dövlət qurumları uşaq istirahət düşərgələrinin təşkili istiqamətində müəyyən addımlar atmağa başlasalar da, ortadakı işlər qənaətbəxş deyil. Təhsil Nazirliyi tərbiyə və hərbi hazırlıq şöbəsinin müdiri Ağababa İbrahimov Modern.az-a deyib ki,  indi uşaq istirahət düşərgələrinin təşkilinə bu nazirlik birbaşa cavabdeh deyil. Onun sözlərinə görə, düşərgələri rayon icra hakimiyyətləri, bələdiyyələr, ayrı-ayrı nazirliklər, idarə və təşkilatlar təşkil etməlidirlər.

 

“Məktəblilərin yay istirahətinin təşkli birbaşa Təhsil Nazirliyinin tabeliyində deyil. Təhsil Nazirliyi məktəblilər üçün yay məktəbləri təşkil edir. Hələ ki, məktəblər tam bağlanmadığından yay məktəbləri təşkil olunmayıb. Düzdür, əvvəllər Təhsil Nazirliyi müxtəlif bölgələrdə istirahət düşərgələri təşkil edirdi. Hazırda isə vəziyyət başqadır, bu sahədə müəyyən problemlər var”.

Ağababa İbrahimov onu da qeyd edib ki, ola bilsin yay məktəbləri ilə bağlı Dövlət Proqramı hazırlasın: “Təhsil Nazirliyinin planında var ki, yay məktəblərinin təşkili ilə bağlı Dövlət Proqramının hazırlanması üçün öz təkliflərini versin”. A.İbrahimovun sözlərinə görə, yaxın gələcəkdə bu istiqamətdə lazımi işlərin görülə bilər. Amma yaxın gələcək deyəndə, bu, 5 və ya 10 ildəmi olacaq? Bax bunu Təhsil Nazirliyində heç kim bilmir.  

Belə çıxır ki, bu il də ciddi dəyişiklik baş verməyəcək və uşaqların böyük əksəriyyəti yay tətilini öz evlərində keçirməli olacaqlar. Təxmini hesablamalara görə, bu il 2500-3000 uşaq istirahət düşərgələrində dincələ biləcək.

Hazırda yay istirahət düşərgələri təşkil edən qurumlardan biri Daxili İşlər Nazirliyidir. DİN-in nəzdindəki Çingiz Mustafayev adına istirahət düşərgəsində uşaqların 21 günlük istirahətləri 300 manata başa gəlir. Həmin düşərgədə yalnız nazirlik sistemində çalışan şəxslərin uşaqları üçün güzəştli istirahət təşkil olunur.

Müqayisə üçün qeyd edək ki, Azərbaycana qonşu Rusiya və Türkiyədə uşaqların yay istirahətini təşkil edən yüzlərlə turizm firma və agentlikləri fəaliyyət göstərir. Həm ölkə içərisində, həm də dünyanın bir çox ölkəsindəki uşaq yay kamplarına səfərlər düzənləyən şirkətlərin təklifləri çox cəlbedici, xidmət yüksək, qiymətlər də ki, elə də baha deyil.

Təhminə Paşayeva

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı