Bələdiyyə seçkilərinin hazırlığında ənənəvi olaraq yenə də kiçik partiyalar qabağa düşür. Siyasi arenanın oturuşmuş, iri partiyalarının uzun tərəddüdləri ilə müqayisədə BAXCP, Böyük Quruluş və Ümid partiyaları yerli özünüidarəetmə orqanlarına seçkiləri hər dəfəsində ələ düşmüş gözəl fürsət kimi dəyərləndirir. Ölkədə bu ilki seçki ab-havası bu partiyaların timsalında hiss olunmağa başlayıb, çünki iştirak qərarının ardınca namizədlərin ilkin müəyyənləşməsi prosesi də artıq start götürür. Hər halda bu seçkilərdə də onların bələdiyyə orqanlarında təmsilçiliyi şübhə doğurmur.
Zarafat deyil, bu partiyalar yarandığı qısa müddətdə hakimiyyətin siyasətini müdafiə edən iqtidaryönümlü partiyaların, başda Ana Vətən olmaqla, rollarını əllərindən alıb onları əhəmiyyətsiz bir mövqeyə endirdi və hakim düşərgənin daha ağıllı müdafiəçisi statusunu qəbul edib, ictimai fikrə yürüdü. Onlar seçkiləri boykot edərək, hakimiyyətə problem yaratmağa çalışan ənənəvi müxalifətə alternativ kimi meydana girdilər və hakimiyyətin siyasətinə münasibətdə bəzən kəskinlik, bəzi məmurları açıq-üstüörtülü tənqid istisna edilməklə, əslində yumşaq üslub seçib, nəticədə qarşılarında hər zaman yaşıl işıq gördülər. Hər birinin bəyanatlarına fikir versək, bələdiyyələrlə ilgili qanunvericilikdən narazıdır, bələdiyyə institutunun hazırkı səviyyəsinə etibar edilmir, bununla belə, seçkilərə qatılmaq qərarı aparıcı partiyalardan öncə verilir. Nə üçün?
Əvvəlki seçkilərdən başlayaraq, ta cari seçkiyə qədər, bu, ona görə siyasi meydandakı ikinci dərəcəli partiyaları seçki mübarizəsı prosesinə çevik cəlb edir ki, birincisi, o partiyaların önündə heç bir maneə yoxdur. İkincisi, bələdiyyələrin məhdud statusda qalması onlar üçün prinsipial əhəmiyyət daşısa da, prinsipial tələbə çevrilmir, partiyanın bir neçə sayda üzvünün bələdiyyələrdə təmsilçiliyi cəmiyyətdə yaxşı tanınmayan belə təşkilatların ictimai reytinqi baxımından kifayətedici faktordur. Hakimiyyətlə konstruktiv əməkdaşlıq həmin partiyaların qarşısında belə imkanların açılmasını stimullaşdıran yeganə amil kimi çıxış edir.
Bundan başqa, seçki bütövlükdə siyasi təşkilatların cəmiyyətə açılması, optimal təbliğatı, o cümlədən, siyasi institut kimi beynəlxalq rəyə dolayısı təqdimatıdır və belə bir müstəviyə təvəllüd tarixi az olan, toplumun geniş dəstəyini qazanmağa iddialıların ciddi ehtiyacı var. Faktoloji məqamlar sübut edir ki, həm bələdiyyə, həm parlament seçkilərinin nəticəsinin məhdud yerlərlə sonuc verməsinə baxmayaraq, adları çəkilən təşkilatların rəhbərləri çox gec-gec də olsa, beynəlxalq səviyyəli personaların görüşlərində iştirak edə bilir, ofislərində statusca aşağı olsa da, heç olmasa iki ildə bir bir sıra xarici nümayəndələri qəbul edirlər. Kiçiklər üçün bu xırda uğurun mənbəyi təbii ki, seçkiləri mənasız boykotdan yayınıb, onun fayda gətirəcək tərəflərini düzgün proqnozlamaqdır. Seçkilərdə ardıcıl iştirakın yekunu xırda partiyalar kateqoriyasında yer alan təşkilatlara birinci olaraq bunu qazandırıb.
İkincisi, yuxarıda epizodik vurğuladığımız kimi, seçkilərdə heç bir tələb və irad ortaya qoymadan verilən iştirak qərarı və ictimai rəyin yaddaşına öz ismini damla-damla da olsa, həkk etdirmək həmin partiyaları iqtidaryönümlü təşkilatların yerinə keçirdi, köhnələrin üzərinə düşən missiyaları zəiflətdi, beləliklə, BAXCP, Böyük Quruluş, Ümid müxalifətin siyasətini dəstəkləyən xırda partiyalardan fərqli olaraq, ayaq üstə qalmağa zorlanmadı, parlament seçkilərində qazandığı səslərə müvafiq siyasi partiyalara ayrılan dövlət vəsaiti ilə öz mövcudluğunu möhkəmləndirmək imkanlarını genişləndirdi.
Başqa tərəfdən, dekabr ayındakı bələdiyyə seçkisi bir növ 2015-ci ilin parlament seçkilərinin məşqi xarakterini daşıyır. Məlumdur ki, həmin partiyaların sədrləri millət vəkilidir, növbəti dəfə seçilməyə iddialıdır, ola bilsin, say artımı da artıq bir iddia məsələsidir, bu cəhətdən bələdiyyə seçkilərində iştirak faktının özü bir sıra məqamları ciddi şəkildə hədəfləməmiş deyil.
Bu aspektdən şübhəsiz ki, ənənəvi müxalifətin seçkidən kənarda qalması kiçik partiyaların maraqlarına xidmət edərdi. Çünki belə olan təqdirdə onlar üçün bir tərəfdən, ictimai rəydə bir qədər də tanınma imkanı yaranır, başqa tərəfdən isə, bələdiyyələrdə daha artıq sayda təmsilçilik şansları artır. Ümumiyyətlə isə, klassik müxalifətin yerinə keçməyə iddialı partiyalar üçün bütün seçkilər bütün mənalarda qazanc deməkdir. Elə buna görə də adları çəkilən partiyalar, həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində həmişə aparıcı müxalifətdən qabağa düşməyə çalışırlar.