Modern.az

AMEA və AAK ya elmə xidmət etməli, ya da bağlanmalıdır

AMEA və AAK ya elmə xidmət etməli, ya da bağlanmalıdır

Ölkə

1 İyul 2014, 10:25

fəlsəfə doktoru, dosent

Alimin gündə 8 saat əvəzinə 16 saat işləməsi onun özü üçün də, cəmiyyət üçün də zərərlidir

I Yazı

Bu gün Azərbaycanda elmlə məşğul olmaq fədakarlıq, bürokratik əngəllərə qarşı mübarizə tələb edir. Elm sahəsinə çalışanlara məlumdur ki, Azərbaycanda dissertasiya yazmaq daha asandır, nəinki hansısa sənədləşmə işləri ilə məğul olmaq. Əslində isə vəziyyət tam tərsinə olmalı, yəni dissertasiyaların elmliyi və yeniliyi önə çəkilməli sənədləşmə işləri isə asan olmalı idi. Ancaq görünən odur ki, Azərbaycanda daha çox formallığa üstünlük verilir, nəinki elmliliyə.

Maraqlıdır ki, son zamanlarda elmlilik və yenilik əvəzinə, bu sənədləşmə işləri əvvəlki illərlə müqayisədə, daha da “ciddiləşdirilmişdir”. Hətta, artıq fəlsəfə doktoru və fəlsəfə elmləri doktoru olmaq istəyənlər ölkəmizlə yanaşı, xaricdə də ən azı bir neçə məqalə dərc etdirməlidirlər. Üstəlik, bu məqalələr yalnız Ali Attestasiya Komissiyasının (AAK) qəbul etdiyi, tanıdığı elmi jurnallar olmalıdır. Ən qəribəsi odur ki, AAK az qala hər il tanıdığı jurnalların siyahısını dəyişir. Bütün bunlar isə maddi imkanla birbaşa bağlıdır. Azərbaycan elminə ayrılan xərclərlə isə həm özünün maddi tələbatlarını ödəmək, həm də elmi işlərlə məşğul olmaq çox çətindir.

Özəlliklə, elmlər doktoru olmaq üçün gərək ömrünün böyük bir hissəsini Azərbaycanda və xaricdə məqalə yazmağa, sənədləşmə işlərini qaydaya salmaga həsr edəsən. Əgər nisbətən gəncsənsə problemlər daha da çoxalır. Halbuki bu elmi dərəcələrə görə verilən paralar rəmzi xarakter daşıyır. Yəni Azərbaycanda namusla, halal yolla yaşayaraq elmlə məğul olmaq o deməkdir ki, şəxsi və ailə həyatını elmə qurban verirsən. Çünki fəlsəfə doktoru və elmlər doktorlarının aldıqları uyğun olaraq 250-350 manat arasındakı maaşla, maddi cəhətdən alimin özünü və ailəsini təmin etməsi mümkün deyildir. Ona görə də, halal və namuslu yol tutan alimlər məcburdurlar ki, 2-3 yerdə işləsinlər. Bu isə, bütün hallarda insanlığa və cəmiyyətə zərbədir. Çünki alimin gündə 8 saat əvəzinə 16 saat işləməsi onun özü üçün də, cəmiyyət üçün də zərərlidir.

Bu mənada, hazırda Azərbaycanın ciddi islahatlara ehtiyacı olan sahələrindən biri də elm sahəsidir. Xüsusilə, AMEA və AAK sistemində sözün həqiqi mənasında dəyişikliklərə ehtiyac var. Burada söhbət yalnız yeni qanunların, qərarların qəbul edilməsindən deyil, bütövlükdə bu ali elm orqanlarının daxili mahiyyətinin və məzmununun da yeniləşməsindən gedir. Çünki bu gün elm sahəsində yeni qanunların, qərarların qəbul edilməsinə baxmayaraq (məsələn, Elmin İnkişafına Yardım Fondu və s.), ciddi irəliləyişlərin olmamasının başlıca səbəbi, hələ də bu sistemdə yüksək vəzifə tutan bir çox şəxslərin, əsasən sovet dövrünün standartları və qaydalarından çıxış etmələridir. Çox təəssüflər olsun ki, elm sistemində nüfuz sahibi olanlar bir çox hallarda tərifləyib yüksəklərə qaldırdıqları SSRİ dövründəki elm və təhsil sisteminin müsbət deyil, məhz mənfi cəhətlərini özlərində yaşadır və təcəssüm etdirirlər. Xüsusilə, o mənfi cəhətlərini ki, hələ də elmin azad bir sahə olmasını qəbul etməkdə çətinlik çəkir, oybektiv fikirləri eşitməzlikdən gəlir, kimlərinsə diktəsi əsasında addımlar atmağı məqsəduyğun hesab edirlər.

Bu gün erməni alimləri hər hansı bir məsələdə yüzdə yüz saxtakarlığa yol verdikləri halda belə, bunun elə bir inamla ifadə edirlər ki, az qala həqiqiliyi şübhə doğurmur. Məsələn, sözdə “erməni genosidi” buna ən gözəl nümunədir. Çünki bütün ermənilər, özəlliklə erməni alimləri bunun üçün bir məktəb keçirlər. Bizim xoşumuza gəlib-gəlməsindən asılı olmayaraq onlar türklüyə nifrət üzərində “elm” öyrənir və beynəxalq konfranslarda da bunu ifadə edirlər. Amma onların türklüyə nifrətləri öyrəndikləri “elm”in yalnız bir hissəsidir. Onun digər tərəfində ABŞ, Rusiya və AB-nin dəstəyi ilə Türkiyə və Azərbaycan torpaqlarına sahib çıxmaqdır. Özü də erməni alimləri bunu, çox düşünülmüş və sistemli şəkildə hıyata keçirirlər. Yəni artıq onlar bu sahədə dünyada bir “erməni tarixi”, “erməni coğrafiyası”, hətta “erməni fəlsfəsi” belə formalaşdirmağı bacarıblar.

Biz isə bu sahədə ermənilərlə müqayisədə özümüzü yeni hesab etməklə, haradasa sığortalamaqla məşğuluq. Halbuki  150 il, 100 əvvəl erməni alimlərinin yalanlarına qarşı çıxan və onların iç üzünü ortaya qoyan Həsən Bəy Zərdabilər, Əhməd Bəy Ağaoğlular, Əli Bəy Hüseynzadələ, Məhəmməd Əmin Rəsulzadələr, Mirzə Bala Məmmədzadələr və başqaları olublar. Ancaq indi bir çoxları iddia edirlər ki, bu günə qədər yalnız ermənilər hansısa işlər görüblər və onlara cavab verən alimlərimiz olmayib. Guya, yalniz indi erməni alimlərinə və ideolqlarina tutarlı cavablar verilir. Bu tamamilə yanlış fikirdir. Tərsinə, vaxtilə erməni ideoloq və alimlərinə Həsən Bəy Zərdabilər, Əhməd Bəy Ağaoğlular, Əli Bəy Hüseynzadələ, Məhəmməd Əmin Rəsulzadələr, Mirzə Bala Məmmədzadələr və başqaları daha tutarlı cavab veriblər, nəinki indiki alimlərimiz. Məncə, indiki alimlərimizin əksəriyyəti erməni yalanlaina qaşı tutarlı cavablar vermək əvəzinə, ya yalnız quru şüarlar səsələndiməklə, ya ciddi elmi mahiyyət daşimayan əsərlər yazmaqla, ya da beynəlxalq tədbirlərdə özlərini təbliğ etməklə məşğuldurlar. Hesab edirəm ki, bu gün erməni alimlərinin yalanlarina qarşı tutarlı əsər hələ yazılmayıb. Doğrudur, bu sahədə çalışan alimlərimiz var, amma onlar da kifayət qədər maddi imkana malik deyillər. Hətta, elə səviyyəli alimlərimiz var ki, maddi imkansızlıqdan beynəlxalq konfranslara qatıla bilmirlər. Amma əvəzində nəniki erməni alimlərinə, hətta onların tələbələrinə cavab verə bilməyən bəzi “alimciklər” var ki, az qala hər ay beynəlxalq tədbirlərə qatılırlar.


Bu baxımdan çağdaş Azərbaycan elmində qorunub saxlanan «ənənələr»dən bir neçəsinə diqqət yetirək.

Məsələn, Azərbaycan elmində sovet dövründən qorunub saxlanılmış «ənənələr»dən biri hələ də idarəetmə, subordinasiya və s. məsələlərdə inzibati-amirlik sistemindən istifadə olunmasıdır. Halbuki əgər biz azad, demokratik, hüquqi və vətəndaş cəmiyyətində yaşamağın vacibliyindən bəhs edir, hətta belə bir cəmiyyətdə artıq yaşadığımızı iddia ediriksə, onda inzibati-amirlik sisteminin tələb və qaydalarından deyil, artıq hüquqi və demokratik sistemin norma və qanunlarından çıxış etməliyik. Hüquqi və demokratik sistemin tələb etdiyi isə odur ki, elmdə yuxarı vəzifə tutanların (direktor, şöbə müdiri və s.) və elmi dərəcəsi olanların (akademik, fəlsəfə elmləri doktoru, fəlsəfə doktoru və s.), onlarla və yüzlərlə kitab və məqalələləri çıxanların deyil, sözün həqiqi mənasında cəmiyyət üçün xeyirli və yararlı, milli və demokratik ruhlu yeni ideya, yeni fikir irəli sürənlərin sözü keçərli və qiymətli olmalıdır. Bir sözlə, elmdə hörmət və ehtiram vəzifəyə, elmi dərəcəyə, yaş nisbətinə və s. görə deyil, alimlərin biliyi, novatorluğu, elmi obyektivliyi və s. əsasında müəyyənləşdirilməlidir.

Başqa bir «ənənə» isə varisliklə bağlı olub SSRİ sistemində çalışmış şəxslərin o dövrdə olduğu kimi, sözün bütün mənalarında qapılarını milli və demokratik düşüncəli gənclərin üzünə bağlayıb, onu yanız ideoloji və şəxsi maraqlarına uyğun gələnlərin üzlərinə açmalarıdır. Bir sözlə, elmdə varisliyin millilik, keyfiyyət, istedad ilə deyil, tamam başqa xüsusiyyətlər (kosmopolitlik, kəmiyyət, tabeçilik və s.) əsasında ötürülməsidir.  

Azərbaycan elmində yaşadılan «ənənələr»dən biri də milli və demokratik fikirlərə qarşı olan aqqresiyadır. Bir çox alimlərimiz sözdə demokratiya və azad fikirdən bəhs etdikləri halda, istər elmi konfranslarda, istərsə elmi kitablarda və məqalələrdə bunu eşitmək və görmək istəmirlər. SSRİ dövründə olduğu kimi, az qala hamının eyni cür düşünməsi, eyni cür danışması, eyni cür yazması və s. tələb olunur.

Başqa bir «ənənə» isə SSRİ dövründə olduğu kimi, kitab və məqalələrin keyfiyyətinə deyil, kəmiyyətinə üstünlük verilməsi, yeri gəldi-gəlmədi bol-bol təriflərə yol verilməsidir.

Gördüyümüz kimi, Azərbaycan elmindəki «ənənələr» AMEA və AAK sistemində SSRİ dövründə olduğu kimi, heç də pis yaşadılımır, hətta deyərdik ki, çox yaxşı qorunub saxlanılmışdır. Bəs onda müstəqil dövlətin özünün elm sahəsinə gətirdiyi heç yeniliklər yoxdurmu? Təbii ki, yeniliklər də var. Ancaq bu yeniliklər başqa cür «yeniliklər»dir. Yəni Azərbaycan elminə məxsus «yeniliklər»dir.

Bu barədə növbəti yazımızda...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı