Bir zamanlar Sasani hökmdarı Bəhram Gur (Bakının girişində Nuru Paşanın xilas üçün şəhərə daxil olduğu yerdə fəxrlə bu türk düşməninin heykəlini qoymuşuq) bütün məmləkət əhlinə hər ilin bir günündə "Şənlənin!" əmrini vermişdi. Həmin gün məyus görünəni şiddətlə cəzalandırırdılar. Sonralar Azərbaycanın bölgələrində Məhərrəmlik mərasimlərində kimliyindən asılı olmayaraq hamı kədərli, göz yaşları içində görünməliydi. Çevrədəkilər başqa cür davranana çox pis baxardı.
Bunları ona görə xatırladım ki, vətənpərvərlik aurası yaratmaq üçün işbazların çoxu fişləmə, ifşa etmə yarışına çıxıb: filan televiziya niyə bu proqramı verdi, filan müğənnin niyə ucadan oxudu, filankəs niyə gülərək yoldan keçdi, filankəs niyə tətilini yarımçıq qoyub vətənə qayıtmadı və s. Hami icbari qaydada vətənpərvərlik standartlarının içinə salınmaqdadır sanki...
Bu saxta, epizodik, məcburi vətənpərvərlik doğrudanmı bizə lazımdır? Bu, bəzi ölkələrdə İslam adı ilə zorla qadınlarının başörtüsü geyməyinə bənzəyir, zorla hamının Şimali Koreyadakı kimi göz yaşı tökməyinə bənzəyir. Hər kəsin öz funksiyasi, işi, vəzifəsi var. Güdükçülüklə, məcburiyyətlə, qınaqla faydalı nəticə əldə etmək olmaz. Buraxın addım-addım hər kəs başqasının qınağına görə deyil, öz duyğuları ilə, səmimi şəkildə bu günümüz üçün, çətin məqamlarımız üçün öz töfhəsini versin. Keçici, müvəqqəti emosionallığın acı nəticələrini biz illər öncə yaşamışıq.
Mən gənc, çılğın hərəkatçı uşaqların böyük ziyalımız Mirzə İbrahimovun papağını necə vurub yerə saldığını görmüşdüm. Halbuki, kütlənin az qala Vətən xaini elan etdiyi bu şəxsiyyət dilimizin statusu uğrunda dövrün zorluqları içində qəhrəmancasına savaş vermişdi və hər cür təhdidlərə məruz qalmışdı. Əminəm ki, Azərbaycan insanının əksəriyyəti şəhidlərimiz üçün acıyır, müğənnisi də, televiziya işçisi də, jurnalisti də, siyasətçisi də, yoxsulu da, varlısı da... Sadəcə kim daha çox vətənpərvərdir talk-şousunu düzəltməyə gərək yox, buraxın hər kəs səmimiyyətinin, fədakarlığının çatdığı qədər bu Vətənin acısını yaşasın.