Modern.az

İranda müharibə Azərbaycana gələn turist sayına təsir edib - DEPUTAT 

İranda müharibə Azərbaycana gələn turist sayına təsir edib - DEPUTAT 

Ölkə

Bu gün, 10:16

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir. Bəs, ölkəmizə gələn turistlərin sayı niyə azalıb?

Modern.az xəbər verir ki, bu sualı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında cavablandırıb.

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayının azalmasının bir sıra obyektiv səbəbləri olsa da, ənənəvi faktorlar da qalmaqdadır. Belə ki, ölkəyə gələn turistlərin mənşə ölkə strukturundakı çağırışlar ümumi gələnlərin sayına təsir göstərir. Doğrudur, hələ də Azərbaycana gələn turistlərin təxminən yarısı 2 ölkənin payına düşür. Həmin müddətdə Azərbaycana gələn hər 100 nəfərin 27-si Rusiya, 22-si isə Türkiyə vətəndaşları olublar. Bununla yanaşı, əvvəlki ilin ilk 4 ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşürdüsə, indi bu göstərici 3 faizədək azalıb. Deməli, gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının gücləndirilməsi prioritet olaraq qalmaqdadır.

O qeyd edib ki, İranda baş verən müharibə turist sayına da təsir edir:

“İran müharibəsinin region ölkələrinə gələn turistlərin sayına təsirlərinə gəldikdə isə, sözügedən müddətdə münaqişə Azərbaycan və Gürcüstana gələn turistlərin sayında özünü göstərib. Belə ki, Gürcüstana gələn turistlərin sayı bu ilin ilk rübündə 4 faiz artmışdırsa, ilk 4 ayda cüzi olsa da azalma qeydə alınıb. Bu da birbaşa İrandan gələn turistlərin sayının 49 faiz azalması ilə bağlıdır. Həmin müddətdə qonşu ölkəyə Hindistandan gələn turistlərin sayında da 29,5 faiz azalma qeydə alınıb”.

Paylaşımda V. Bayramov bildirib ki, Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 faiz, MDB ölkələrindən gələnlərin sayı 3,5 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalıb. Ərəb dövlətlərindən gələnlərin sayının azalmasına ümumi faktorlarla yanaşı, regiondakı müharibə də xüsusi təsir göstərib.

"Bütün bunlarla yanaşı, turizm sektorunda struktur və institutsional islahatların daha da dərinləşdirilməsi prioritetdir. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür", - Vüqar Bayramov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi