Son illər özəl səhiyyə sektorunda müşahidə olunan sürətli inkişaf tibbi xidmətlərin əlçatanlığını artırsa da, sektorda nəzarət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələri də aktuallaşdırıb. Xüsusilə bəzi həkimlərin eyni vaxtda bir neçə tibb müəssisəsində fəaliyyət göstərməsi, qəbul saatlarının uyğunluğu, pasiyentlərin düzgün məlumatlandırılması və xidmət keyfiyyəti ilə bağlı məsələlər vaxtaşırı gündəmə gəlir.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, özəl səhiyyə sektorunun inkişafı rəqabət mühitinin formalaşmasına və tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bununla yanaşı, sektorun daha səmərəli fəaliyyəti üçün idarəetmə və nəzarət mexanizmlərinin davamlı təkmilləşdirilməsinə ehtiyac var.
Deputatın sözlərinə görə, həkimlərin eyni vaxtda bir neçə tibb müəssisəsində çalışması qanunvericiliyə zidd deyil:
“Burada əsas məsələ həkimin neçə yerdə işləməsi deyil. Vacib olan iş vaxtlarının real fəaliyyətə uyğunluğu, pasiyent qarşısında öhdəliklərin yerinə yetirilməsi və tibbi xidmətin keyfiyyətinin qorunmasıdır”.
M.Məmmədli hesab edir ki, bu sahədə ilk addımlardan biri elektron monitorinq imkanlarının genişləndirilməsi olmalıdır:
“Həkimlərin faktiki iş qrafikləri, qəbul saatları və fəaliyyət göstərdikləri müəssisələr vahid rəqəmsal platformalar üzərindən izlənilə bilməlidir. Bu, həm nəzarəti gücləndirər, həm də mümkün sui-istifadə hallarının qarşısını alar”.

Deputat pasiyentlərin məlumatlandırılmasının da vacib olduğunu vurğulayıb:
“Vətəndaş hansı həkimin hansı müəssisədə, hansı statusla və hansı saatlarda fəaliyyət göstərdiyi barədə dəqiq məlumata malik olmalıdır. Bu şəffaflıq həm pasiyent məmnuniyyətini artırar, həm də müəssisələr arasında sağlam rəqabəti gücləndirər”.
Onun sözlərinə görə, özəl tibb müəssisələrində daxili keyfiyyətə nəzarət sistemləri və klinik audit mexanizmləri də gücləndirilməlidir:
“Tibbi xidmətin keyfiyyəti təkcə avadanlıq və infrastrukturla müəyyən olunmur. Burada insan resurslarının düzgün idarə olunması da əsas amillərdən biridir”.
Millət vəkili hesab edir ki, elektron səhiyyə həllərinin geniş tətbiqi, həkim fəaliyyətinin rəqəmsal qeydiyyatı, akkreditasiya və audit mexanizmlərinin gücləndirilməsi mövcud boşluqların aradan qaldırılmasına kömək edə bilər:
“Əsas məqsəd həkimlərin fəaliyyətini məhdudlaşdırmaq deyil. Məqsəd iş prosesinin şəffaflığını artırmaq, pasiyent hüquqlarını daha etibarlı qorumaq və tibbi xidmətin keyfiyyətinə nəzarəti gücləndirməkdir”.