Peşəkar sürücülər üçün cərimə balı həddinin artırılması, eləcə də yol nişanlama problemlərinin aradan qaldırılması təklif edilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan peşəkar sürücülər avtomobil yollarının ən aktiv iştirakçılarıdır və onların yolda keçirdiyi vaxt adi sürücülərlə müqayisədə 5-8 dəfə çoxdur.
Onun sözlərinə görə, xüsusilə taksi sürücülüyü aşağı və orta gəlirli əhali qrupları üçün əsas dolanışıq vasitələrindən biri hesab olunur:
“Fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Belə şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem deyil, bütün ailəyə təsir edən ciddi iqtisadi problemə çevrilir”.
Deputat qeyd edib ki, peşəkar sürücülər uzun müddət yolda olduqları üçün kiçik texniki pozuntular nəticəsində cərimə ballarını daha tez toplayırlar:
“Hüquqdan məhrumetmə müddətində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bir sıra hallarda işəgötürənlər sürücülük hüququnu itirmiş şəxsləri işdən çıxarmaq məcburiyyətində qalırlar. Bu isə qısamüddətli hüquq məhdudiyyətini uzunmüddətli işsizliyə və sosial problemlərə çevirir”.
Naqif Həmzəyev hesab edir ki, mövcud 20 ballıq limit peşəkar sürücülər üçün əlavə çətinlik yaradır:
“Taksi sürücüsü və ya peşəkar sürücü hüququnu itirdikdə təkcə sürücülük imkanını deyil, peşəsini və gəlirini də itirmiş olur. Buna görə hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya yalnız kobud qayda pozuntularına görə bal tətbiq edilməsini təklif edirəm. Ən azı ilk dəfə törədilən yüngül pozuntularda yalnız cərimə tətbiq oluna bilər”.
Deputat yol infrastrukturundakı problemlərə də diqqət çəkib. O bildirib ki, qaydaların ədalətli tətbiqi üçün yol nişanlama sistemi də təkmilləşdirilməlidir.
Bu çərçivədə Gəncə və digər bölgələrdə yolların xətlənməsi işlərinin keyfiyyətinin artırılması, görünməyən və silinmiş yol nişanlarının yenilənməsi, infrastrukturu tamamlanmamış yollarda kameralar vasitəsilə cərimələrin müvəqqəti dayandırılması və sürücülər üçün əlçatan şikayət mexanizminin yaradılması təklif olunub.