Modern.az

ABŞ ilə sazişlər Azərbaycanı regionun süni intellekt mərkəzinə çevirəcək  

ABŞ ilə sazişlər Azərbaycanı regionun süni intellekt mərkəzinə çevirəcək  

Ölkə

Bu gün, 11:35

Azərbaycanla ABŞ arasında imzalanan 7,5 milyard dollarlıq anlaşmalar iki ölkə münasibətlərinin enerji əməkdaşlığından strateji texnoloji tərəfdaşlığa keçdiyini göstərir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan bu həftə regionun ən böyük enerji platformalarından biri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edib və tədbirdə səsləndirilən mesajlar ölkənin yeni iqtisadi prioritetlərini ortaya qoyub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyətinin vurğulanması olub:

“Dövlət başçısı tədbirin əhəmiyyətinin ABŞ Prezidenti Donald Trampın ünvanladığı məktubda da əks olunduğunu qeyd edib. Bu isə Bakı Enerji Həftəsinin beynəlxalq səviyyədə artan rolunu göstərir”.

Vüqar Bayramov qeyd edib ki, Enerji Həftəsi çərçivəsində ilk dəfə təşkil edilən Azərbaycan-ABŞ iqtisadi dialoqu iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirib:

“İmzalanan 7,5 milyard dollarlıq müqavilələr göstərir ki, münasibətlər artıq yalnız enerji sektorunu əhatə etmir. Burada yüksək texnologiyalar, innovasiya, rəqəmsal iqtisadiyyat və süni intellekt istiqamətləri də ön plana çıxır”.

Deputat vurğulayıb ki, iqtisadi göstəricilər də əməkdaşlığın genişləndiyini təsdiqləyir:

“Bu ilin ilk rübündə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296 milyon dollara yüksəlib. Bu, strateji tərəfdaşlığın iqtisadi əlaqələrə də təsir etdiyini göstərir”.

Onun sözlərinə görə, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycan üçün yeni imkanlar yaradır:

“Bu gün qlobal rəqəmsal iqtisadiyyatın həcmi 24 trilyon dollara çatıb və ABŞ bu bazarın təxminən 25 faizinə sahibdir. Bu baxımdan texnologiya transferi və innovasiya əməkdaşlığı ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır”.

Vüqar Bayramov bildirib ki, Azərbaycanın regional süni intellekt və innovasiya mərkəzinə çevrilməsi istiqamətində mühüm baza artıq formalaşıb:

“Hazırda informasiya-kommunikasiya texnologiyaları sektorunun qeyri-neft ÜDM-də payı 2,8 faiz təşkil edir və sektorun həcmi 3,3 milyard manata çatır. Yeni anlaşmalar bu göstəricilərin daha da artmasına imkan yaradacaq”.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR