Modern.az

Ticarətdə satıcı mədəniyyəti

Ticarətdə satıcı mədəniyyəti

Ölkə

22 İyul 2010, 14:14

Müstəqillik əldə etdikdən sonra respublikamızda əhali üçün nəzərdə tutulmuş bütün xidmət sahələrində, o cümlədən ticarətdə geniş islahatlar aparılmış və uğurlu nəticələr alınmışdır. Mağaza və dükanlarda sovet dövründə mövcud olan məhsul qıtlığı, ərzaq üçün düzülən növbələr, piştaxtaaltı alverlər, talonla mal satmaq, pulun qalığını qaytarmamaq, məhsulu dövlət qiymətindən açıq-aydın baha satmaq, çəkidə aldatmaq və s. ənənələri tamamilə yığışdırılmış, bazarda müasir ticarət rəqabəti formalaşmağa başlamışdır. Gündən-günə artan geniş və yaraşıqlı ticarət yarmarkaları, alış-veriş mərkəzləri, mağazalar, dükanlar mədəni ticarət fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Ölkəmizdə, xüsusən Bakıda adam başına düşən satış obyektlərinin sayı, məncə dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə daha çoxdur. Hər yanda alver gedir. Bəs görəsən bu qədər ticarət obyekti olan ölkədə satış mədəniyyəti necədir? Satan kimdir, alan kimdir? Alanlar satanlardan razıdırmı? Məlumdur ki, alan özümüzük, hamı da özündən razı olduğu üçün alanlardan danışmayaq. Bəs satanlar kimidir? Aydın məslədir ki, söhbət ticarət malları satanlardan gedir. Əvvəla, qeyd edək ki, bu gün ali təhsili olmayan şəxslərə dövlət müəssisələrində, iri şirkətlərdə və s. iş verilmədiyi üçün orta təhsilli vətəndaşların çoxu demək olar ki, pul qazanıb ailə dolandırmaq üçün ancaq alverə, əsasən isə satıcılığa üz tutur. Onların çoxu elə fikirləşir ki, satıcı olmaq dünyada ən asan işdir, bunun üçün insandan qeyri-adi bacarıq və ya qabiliyyət tələb olunmur, tapşırılan malları  deyilən qiymətə satırsan, vəssalam.  Halbuki, alver özü  xidmət sahəsi olduğundan, bu sferada çalışanlar alıcı psixologiyasını yaxşı bilməli, xidmət mədəniyyətinə, gülər üzə, səliqəli əyin-başa, rahat ünsiyyət qurmaq bacarığına və s. malik olmalıdır. Onlar dükana girən müştərini bir baxışdan oxumalı, onun şəxsiyyətinə hörmət etməli, alıcıya mallara baxmaqda və seçməkdə maksimum rahatlıq verməlidir. Əgər alıcı satıcıdan məsləhət istəsə onda öz fikrini deməlidir.  Lakin, bu gün biz ticarət obyektlərinə, xüsusən paltar, məişət əşyaları satılan dükanlara daxil olanda hər şeyin əksinə olduğunu görürük. Ən birincisi, mağazanın qapısından içəri ayaq qoyan kimi satıcı alıcının üstünə elə qaçır ki, adam özünü itirir. Müştərinin qabağını kəsib, ona dükana belə nəzər yetirməyə imkan verməyən mağaza işçisi başlayır ki, “Ağsaqqal və ya Xanım  eşidirəm!”. Bu mağazada alıcılara edilən birinci müraciətdir. Bir balaca kənara çəkilmək istəyirsən ki, vitrinə baxasan, satıcı yenə adamın qabağını kəsir ki, “eşidirəm!”  Az qalırsan deyəsən ki, “ay bala mən də eşidirəm, kar deyiləm!” Daha sonra dükan işçisi qır-saqqız olub yapışır adamın yaxasından ki, “Ağsaqqal nə istəyirsən? Nə lazımdır? Nə köməklik edim?…”  Guya alıcılar balaca uşaqdır, özlərinin seçimi yoxdur, onların alış problemlərinin hamısını indiyə kimi satıcılar həll edibdir. Yeri gəlmişkən, satıcıların alıcılara “Siz” yox, “Ağsaqqal”,  “Xanım”, “Müəllim” deməklə müraciət etməsi, bu anlayışların dəyərinə çox mənfi təsir göstərir. Alıcıdan beş-on manat artıq pul qopartmaq xətrinə süni şəkildə, uyğun gəldi-gəlmədi hər müştəriyə “Ağsaqqal” və ya  “Xanım” demək nə dərəcədə doğrudur? Satıcıların fikrincə belə müraciət müştərinin qoltuğunun altına qarpız verir və ona mal satmaq asan olur. Çox vaxt kütləvi ticarət yerlərində satıcılar öz aralarında mərc edirlər ki, gör mən sözlə, müraciətlə alıcının rəğbətini necə qazanıb ona ən keyfiyyətsiz malı ən baha qiymətə sırıyacağam. Belə satıcılar alver zamanı yalandan öz uşaqlarının canına and içməkdən belə çəkinmirlər. Bu cür eybəcərlik isə bəlkə də heç yerdə yoxdur.

Ticarət xidmətində problemlərdən biri də  bəzi mağaza işçilərinin dükan müdirlərinin obyektdə olmamasından istifadə edərək özlərini istədikləri kimi, çox vaxt da lap ağa kimi aparmasıdır. Soruşanda ki, filan malı niyə baha satırsınız, yaxud köhnə məhsulu niyə yığışdırmırsınız? Kobudcasına deyirlər ki, “xoşun gəlmir, get başqa yerdən alver et! Bizim kefimiz belə istəyir!” Bəzən dükandan nəyisə almayıb çıxan insanların arxasınca digər müştərilərin yanında elə biədəb ifadələr işlədirlər ki, fikirləşirsən ki, alver etməsəm yüz faiz mənim də dalımca söyəcəklər.

Bəzi mağazaların vitrinlərində malların qiymətlərinin olmaması  müştərilər üçün əlavə narahatçılıq yaradır. Tutaq ki, malın birinin və ya ikisinin qiymətini soruşdun, qalanlarını soruşmağa adamın üzü gəlmir axı. Həm də, adətən satıcı müştərinin görkəminə baxıb ağlına gələn qiyməti deyir. Sonra əlavə edir ki, “aşağı yeri var”. “Aşağı yeri var” bazarda və ya küçə alverində olar, mağazada “aşağı yeri var”ı kim kəşf eləyib? Bəzən görürsən ki, “aşağı” qiymətə aldığın geyim və ya məişət əşyası başqa dükanda  ondan iki-üç dəfə ucuzdur. Ola bilər bəlkə də bu ticarət qanunlarına görə düzdür, ancaq insani cəhətdən, yəqin ki, yox.

Yəqin ki, çoxlarının başına gəlib, kiçik ərzaq dükanlarından xeyli mal alanda, adam ümumi məbləğin nə qədər olacağını o dəqiqə təyin edə bilmir və satıcı deyən məbləği verib çıxır. Lakin, evə gəlib hesablayanda görürsən ki, dükançı səni aldadıb. Hələ mən çəkini demirəm. Qeyd edim ki, yerində satıcının səhvini tutanda o, çaşdığını deyir və məbləği yenidən hesablayır. Evdən isə adamlar təzədən dükana qayıdıb hesab çəkməyə utanırlar.  Bu səbəbdən çox adam böyük miqdarda ərzaq alanda, ancaq böyük marketlərdən alver edirlər. Çünki, supermarketlərdə bütün hesablamanı kassa aparır və bu nisbətən etibarlıdır. Amma burada da bəzən vitrinlərdə ərzaqların qiymətlərini dəyişik qoyurlar, bahalı malları ucuz qiymətlərin üstünə düzürlər, bəzən isə kassirlər bir ədəd malı çekə iki-üç dəfə vurur. Bu səbəbdən vitrindən malı götürəndə və çek vurduranda gərək diqqətli olasan.

Göründüyü kimi ticarətdə, xüsusən satıcı-alıcı münasibətlərində xeyli problemlər var. Ona görə də ticarətdə əməlli-başlı qayda-qanun yaradılmalıdır. Dükan sahibləri öz işçilərinə nəzarət etməlidir. Bununla bərabər həm də onlara bu günün tələblərinə uyğun maaş da verməlidir. Qapısında “Satıcı tələb olunur” yazılmış mağazaların çoxuna girib maraqlansaq görərik ki, 150-200 manatdan artıq maaş vermirlər, hələ üstəlik bu məvaciblə satıcı səhər saat 8-dən axşam 10-a kimi işləməlidir. Belə işə heç kim razı olmaz, olanlar da təbii ki, dolanmaq üçün sadəlövh müştərini aldatmalıdır. Bunlardan əlavə, bu gün satıcılar üçün xüsusi təlim kurslarının keçirilməsi, onların psixiki durumlarının yoxlanılması, satıcı-alıcı münasibətlərini tənzimləyən normativ qaydaların hazırlanması olduqca vacibdir. Əvvəllər, sovet dövründə olduğu kimi dükanlarda şikayət kitabçasının  və yaxud narazılıq üçün telefon nömrələrinin  qoyulması da ticarət xidmətinə müsbət təsir göstərə bilər.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı