Qərb aydınlarınca (Hantinqton, Toynbi və b.) dünyada toqquşamalara, çatışmalara səbəb artıq hakimiyyət, milli ədavət, ideologiya, iqtisadi resurslar deyil, mədəniyyətlər yaxud sivilizasiyalar olacaq. Çünki krallararası, millətlərarası və ideologiyalararası savaşlar bitib, onlar öz yerlərini sivilizasiyalara veriblər. Bu fikir sual yaradır ki, niyə növbəti savaş mədəniyyətlararası, yaxud sivilizasiyalararası olacaq? Özəlliklə, mədəniyyətlərin savaşlara yol açması fikri çox düşündürücüdür. Belə çıxır ki, mədəni dəyərlər inkişaf edən cəmiyyətlərdə zorakılıq hissi artır. Ancaq mədəni dəyərlərin “inkişaf” məsələsi də ziddiyyətlidir. Hər halda dünyada 200-dən çox millət olduğu halda, mədəniyyətə verilən təriflərin sayı mini (1000) keçmişdir. Belə olduğu təqdirdə dəqiqləşdirmək lazımdır “mədəniyyət” özü nədir, “mədəniyyətlərarası savaş” dedikdə nə nəzərdə tutulur. Üstəlik, burada “sivilizasiya” anlayışı, “sivilizasiyalarası toqquşma” məsələsi də var.
Mədəniyyət və sivilizasiya anlayışları ilə bağlı ortaq fikrə gəlmək mümkün deyildir. Çünki hər bir millətin bu anlayışlara özünəməxsus münasibəti vardır. Hətta, eyni millətin aydınlarının belə mədəniyyət və sivilizasiya anlayışları ilə bağlı fərqli tərifləri mövcuddur. Belə olduğu təqdirdə mədəniyyətlararası, yaxud sivilizasiyalararası müharibəni müəyyənləşdirən amili yenə də fərqli ideyalarda, dünyagörüşlərdə, adət-ənənələrdə axtarmaq lazımdır. Bir şey dəqiqdir ki, mədəniyyət anlayışı nə qədər fərqli olursa-olsun, bir-birinə yaxın cəmiyyətlərdə oxşarlıq elementləri çox olur. Hətta, fərqli dinlərə tapınan millətlər belə mədəniyyətə aid bir çox ünsürləri ortaq şəkildə paylaşa bilərələr. Avropa xalqları bu məsələdə başqa ərazilərdə yaşayanlarla müqayisədə xeli yol qət etmişlər. Ona görə də, Avropada əvvəlcə təkmədəniyyətlilik çoxmədəniyyətliyə daha sonra isə “Qərb” anlayışı altında yenidən təkmədəniyyətliliyə üz tutmuşdur. Bununla da Avropa xalqlarının əksəriyyəti (bolqarlar, polşalılar, macarlar, finlər, rumınlar, albanlar, serblər, xorvatlar və b.) özünəməxsus mədəniyyətlərdən uzaqlaşaraq daha çox ingilis, fransız və alman mədəniyyətlərinin təsiri altına düşmüşlər. Bu isə istər-istəməz həmin millətlərdə əks reaksiya doğurmağa başlamışdır. Məsələn, macarlar, bolqarlar türk mənşələrinə, serblər, xorvatlar, polyaklar slavyan mənşələrinə maraq göstərməyə başlamışlar.
Avropa da vəziyyətin belə bir həddə gəlib çatdığı dövrdə, qərblilər “Qərb sivilizasiyası”nın tənəzzülünün qarşısını almaq üçün qeyri-Qərb dünyasına daha çox təsir göstərməyə çalışırlar. Özəlliklə, qeyri-qərblilərə çoxmədəniyyətlilik anlayışı altında çoxüzlülük, bir sözlə üzsüzlük təbliğ olunur. Bununla da millət öz milli üzünü itirir. Dünyaya, özünə Qərbin gözü ilə baxmağa və danışmağa başlayır. Halbuki hər bir toplum ilk növbədə, öz milli-mənəvi dəyərlərinin mıhsuludur. Bir millət, toplum başqa toplumlardan bəzi dəyərləri mənimsəyə bilər, ancaq bu da müəyyən hədd çərçivəsində olmalıdır. Başqa millətin dəyərlərinə çox etina edən cəmiyyətlər ya məhvə, ya da manqurtlaşmaya məruz qalırlar.
Bu baxımdan Qərb sivilizasiyasının digər sivilizasiyaları sıxışdırması əksreasiyaya səbəb olur. Hazırda Avropada müsəlmanların, İslam dininin təzyiqlərə məruz qalması heç də yaxşı hal deyildir. Bu təzyiqlərə əsas səbəb odur ki, Aavropa müsəlmanlarının əksəriyyəti din və millət məsələsinə avropalılar kimi maddiçlilik, liberal dəyərlər əsasında yanaşmırlar. Başqa sözlə, Avropa müsəlmanlarının qərbləşməsi prosesi qərbliləri qane etmir. Üstəlik Avropa müsəlmanları maddiçi və azad (liberal) qərblilərə də ciddi şəkildə təsir göstərməyə başlamışlar. Bu isə o deməkdir ki, yalnız qeyri-qərb, özəlliklə müsəlman ölkələrində deyil, Avropanın özündə də milli-mənəvi köklərə qayıdış gücləınir. Bu istiqamətdə Qərb üçün əsas təhlükə İslam dini və hazırda onun aparıcı qüvvəsi olan türklərdir.
Ancaq bu gün Qərb istər Avropada, istərsə də ondan kənarda maddiçilik və azadlıq “mədəniyyəti”ni nə qədər gücləndirirsə, bir o qədər də bəlkə də ondan da arıq əks təzyiqlə üzləşməli olur. Əgər bu gün Qərbə qarşı təpki müsəlman dünyasındandırsa, bunun yenə dı günahkarı Qərb özüdür. Çünki Qərb maddıiçiliyi və liberallığı daha çox müsəlman dünyasında, bütün vasitələrə əl atmaqla yaymaqdadır. Buna qarşılıq olaraq da, daha çox müsəlman dünyasından əks təzyiq görür. Deməli, bir gün dünyada sivilizasiyalararası, ya da mədəniyyətlərarası toqquşma olacsaqsa bunun əsas səbəbkarı Qərbdir, Qərb sivilizasiyasıdır.
Bu toqquşmanın da ilk növbədə İslam-Türk sivilizasiyası ilə baş verəcəyini, bəlkə də artıq bunun başlandığını söyləmək olar. Çünki Qərb sivilizasiyası özü üçşün əsas rəqib kimi İslam-Türk sivilizasiyasını görür. Məncə, qərblilər bu məslədə heç də yanılmırlar. Çünki hazırda Qərb sivilizasiyasına dur deyə biləcək ən güclü sivilizasiya İslam-Türk sivilizasiyasıdır.
İslam-Türk sivlizasiyası Qərb sivilizasiyası ilə mədəniyyət mücadiləsində ən azı 5 mərkəz formalaşdırmaq gücündədir:
1) Kiçik Asya və onun ətrafı,
2) Rusya və onun ətrafı
3) Orta Asiya və onun ətrafı
4) Ön Asiya və onun ətrafı (Yaxın və Orta Şərq)
5) Bosnya, Albaniya, Kosova və onun ətrafı
Hətta Qərb sivilizsiyasının kölgəsində qalmış digər sivilizasiyaların inkişafı da İslam-Türk sivilizasiyasının dünyada öndərliyi ələ alması ilə ortaya çıxacaqdır. Çünki İslam dinində və Türklərin milli dəyərlərində başqa sivilizasiyalara zorakı deyil, xoşgörü ilə davranmaq əsas yer tutur. Məsələn, türklər ruslara və digər slavyanlara qarşı münasibətdə həmişə belə bir mövqe tutmuşdur. Bu mənada Rusiyanın gələcəyi də Qərb sivilizasiyası ilə deyil, İslam-Türk sivilizasiyası ilə bağlıdır. Haradasa Rusiyanın avrasiyaçılıq ideolojisində də buna ox.ar məqamlar var. Ancaq Rusiya birdən-birə Qərb sivilizasiyasına qarşı çıxmaq istəmir. Bu da başa düşüləndir. Çünki Rusiya ən azı xristianlıq məsələsinə görə Avropa ilə bağlıdır. Lakin dünyada gedən proseslər göstərir ki, Rusiya bu sivilizasiyalararası mübarizədə uzun müddət tərəfsiz qala bilməz. Bu anlamda Qərblə xristianlıq bağlılığı deyil, Avrasiyanın böyük bir hissəsində hökmran olan İslam-Türk sivilizasiyası ilə əməkdaşlıq daha sərfəlidir.
Digər tərəfdən fərqli mədəniyyətləri birləşdirən yalnız din amili deyil, burada qonşuluq və ortaq keçmiş də mühüm rol oynayır. Əgər Avropa xalqları ortaq keçmişdən və qonşuluq münasibətlərindən istifadə edərək Qərb sivilizasiyasını formalaşdıra bilmişdirsə, bunu İslam-Türk dünyası, yaxud da Avrasiya sivilizasiyası anlayışı ilə də etmək mümkündür. Məncə, Rusiya Avrasiya məsələsində imperalist niyyətlərdən əl çəkərsə, İslam-Türk sivilizasiyası ilə yaxınlaşarsa bu sahədə uğur əldə etmək mümkündür.
Özəlliklə, Rusiya İslam dinini ikinci rəsmi din elan etməklə avrasiyaçılıq da imperalist deyil, qərblilərlə qarşı mübarizədə bərabər və ədalətli formada bir olduğunu ortaya qoya bilər. Eyni zamanda, Rusiya avrasiyaçılığın müsəlman-türklərin əleyhinə deyil, Qərbdən özünəmüdafiə xarakterli olduğunu inandırmaq üçün ortaq türk dili lə bağlı da nüəyyən bir qərara gəlməlidir. Artıq Rusiya öz tərkibindəki və ondan kənardakı müsəlmanlara və türklərə Qərbin gözü ilə baxmaqdan əl çəkməlidir. Qərbin vaxtilə uğradığı “marksizm” kimi ideoloji oyunlardan uzaq durmalı, mədniyyət və ortaq keçmişdən çıxış etməlidir. Hər halda rusların, ukraynalıların, bolqarların və başqa slavyan millətlərinin keçmişi avropalılardan çox türklərlə, müəyyən mənada da İslam dini ilə bağlıdır.
Məncə, bu mənada Rusiyanın qurtulmalı olduğu bəlalardan biri də Ermənistandır. Əslində Qərbin oyunlarından biri olan “Ermənistan” bəlası Rusiyanı müsəlmanlarla və türrklərlə düşmən vəziyyətinə gətirmişdir. Əgər Rusiya özündə güc tapıb Ermənistan məsələsini konstruktiv formada həll edərsə, Qərblə mübarizədə Türk-İslam dünyası kimi böyük bir mütəfiq əldə etmiş olar.
Əks təqdirdə Rusiyada İslam-Türk dünyası kimi daima Qərbin saxta demokratiya, qloballaşma, tolearantlıq ideoljilərindən əziyyət çəkəcəkdir. Daha doğrusu, Qərbin uydurduğu və özünün heç cürə qeyri-qərblilərə uyğulamadğı nəzəriyyələr artıq Rusiyanın, Ukraynanın, Türkiyənin, Azərbaycanın, Orta Asiya ölkələrinin gündəmini işğal etmişdir. Hətta, biz özümüz külli-miqdarda paralar xərcləyərək həmin nəzəriyyələrlə bağlı beynəlxalq elmi konfranslar keçiririk, üstəlik Qərb alimlərini də bizə ağıl öyrətmək və yol göstərmək üçün dəvətlər də edirik. Qərblilər də hər dəfə gəlib bizi təftiış edir ki, həmin nəzəriyələri nə dərəcədə qavramışıq. Buna uyğun olaraq da bizə yeni çıxış yolları göstərilir.
Halbuki, demokratiya, qloballaşma, tolearantlıq, çoxmədəniyyətlilik Qərb sivilizasiyasının ömürünü uzatmaq üçün vasitələrdir. Bu vasitələrlə Qərb sivilizasiyası öz tör-töküntülərini, digər sivilizasiyalara, o cümlədən İslam-Türk sivilizasiyasına sırımağa çalışırlar. Əslində Qərb sivilizasiyası yeni imperializmin təzahürü olduğu üçün, həmin nəzəriyyələr də onu həyata keçirməyin vasitələridir. Qərb sivilizasiyası adlı yeni imperizlizm ondan kənarda qalan sivilizasiyaları, mədəniyyətləri ancaq Qərb sivilizasiyası fonunda düşünməyə və yaşamağa sürükləyir. Başqa sözlə, onlar demək istəyirlər: Qərbin yolu ilə get, qərbli ol, amma unutma ki, sənin böyüyün, başbilənin, yolgöstərənin avropalılardır, qərblilərdir. Bu isə o analama gəlir ki, qeyri-Qərb sivilizasiyaları Qərbin yolu ilə getdikcə yeni sivilizasiyalar ortaya çıxmayacaq.
Ona görə də hesab edirik ki, demokratiya, qloballaşma, tolearantlıq, çoxmədəniyyətlilik anlamları altında məqsəd dünyada bir-birinə dözümlü olan cəmiyyətlər formalaşdrnadan çox Qərbə tabeli dövlətlər və millətlər yaratmaqdır. Bu baxımdan Qərb sivilizasyasına aid demokratiya, qloballaşma, tolearantlıq, çoxmədəniyyətlilik Qərbdən kənarda qalan millətlərin sivilizasiyalarının, mədəniyyətlərinin üstündən xətt çəkməkdən başqa bir işə yaramır.