Modern.az

“Manas”, “Dədə Qorqud”, “Koroğlu” - üç dastan arasında inanılmaz oxşarlıqlar 

“Manas”, “Dədə Qorqud”, “Koroğlu” - üç dastan arasında inanılmaz oxşarlıqlar 

Mədəniyyət

Bu gün, 12:55

Prezident İlham Əliyevin Qırğızıstana növbəti səfəri iki ölkə arasında son illərdə sürətlə genişlənən münasibətlərin növbəti mərhələsidir. Bakı ilə Bişkek arasında siyasi və iqtisadi əlaqələr dərinləşdikcə, bu münasibətlərin tarixi və mədəni dayaqları da daha aydın görünür.

Azərbaycan və qırğız xalqlarını birləşdirən həmin dayaqlardan biri də ortaq dastan düşüncəsidir. Qırğız xalqının “Manas” eposu ilə Azərbaycan şifahi ədəbiyyatının, xüsusilə “Kitabi-Dədə Qorqud”un bir sıra motivləri arasında diqqətçəkən yaxınlıq var. Yurdun qorunması, el birliyi, qəhrəmanlıq, ailə və ağsaqqal institutu hər iki epik ənənədə əsas xətt kimi keçir.

Bu oxşarlıqlar təsadüfi ədəbi paralellərdən daha çox, iki xalqın eyni tarixi-mədəni coğrafiyada formalaşmış dünyagörüşünün izləri kimi qiymətləndirilir. Ona görə də “Manas”a yalnız Qırğızıstanın milli eposu kimi deyil, Azərbaycan-Qırğızıstan yaxınlığını izah edən ortaq mənəvi yaddaşın mühüm mənbələrindən biri kimi də baxmaq mümkündür.

Məhz bu ortaq yaddaşın “Manas”da necə ifadə olunduğunu, eposun Azərbaycan dastan ənənəsi ilə hansı nöqtələrdə kəsişdiyini Modern.az-a şərh edən “Manas” eposunu Azərbaycan dilinə tərcümə edən manasşünas alim Adil Cəmil qeyd edib ki, “Manas” təkcə qırğız xalqının deyil, bütövlükdə Türk dünyasının ən dəyərli eposlarından biridir.

Onun sözlərinə görə, “Manas” dünya folklor mədəniyyətində həm fiziki həcminə, həm də məzmun və məna zənginliyinə görə xüsusi yer tutur.

““Manas” təkcə qırğızların deyil, ümumən Türk dünyasının çox dəyərli əsəri, eposudur. Dünya folklor mədəniyyətində heç bir folklor nümunəsi, heç bir epos bu həcmdə deyil. “Manas” fiziki həcminə görə dünyada birinci yeri tutur. Amma məsələ yalnız fiziki həcmdən ibarət deyil. Burada məzmun, mündəricə və məna da mühüm əhəmiyyət daşıyır. Eposu istənilən istiqamətdə, istənilən kontekstdə dəyərləndirmək mümkündür”.

A.Cəmil bildirib ki, 1987-ci ildən etibarən “Manas”ın tədqiqi, araşdırılması, tərcüməsi və təbliği ilə məşğuldur:

“1987-ci ildən bu günədək “Manas”ın həm tədqiqi və araşdırılması, həm tərcüməsi, həm də təbliği ilə məşğulam. Mənim tərcümə və tədqiqat işlərim müxtəlif dillərdə nəşr olunub. Artıq 37-38 ildir ki, bu istiqamətdə çalışıram”.

Manasşünas alim Prezident İlham Əliyevin Qırğızıstana səfərinə də toxunaraq iki xalq arasında ortaq etnik-mədəni bağların olduğunu vurğulayıb.

“Azərbaycan və Qırğızıstan kökü, qanı, etnik-mədəniyyəti ortaq olan qardaş xalqlardır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri də bu baxımdan çox dəyərlidir. Türk birliyi məsələsinin gündəmə gəlməsi, türk xalqları arasında münasibətlərin daha da möhkəmlənməsi mühüm prosesdir. Mən “türkdilli xalqlar” ifadəsini işlətmirəm. Çünki türk dili bir dildir. Türk xalqları var”.

Adil Cəmil 1995-ci ildə Qırğızıstanda keçirilən “Manas-1000” yubiley tədbirində iştirakını da xatırladıb:

“1995-ci ildə Ulu Öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Qırğızıstanda keçirilən “Manas-1000” yubiley tədbirinin iştirakçısı olmuşam. Bunu böyük fəxrlə qeyd edirəm. Həmin tədbirlər zamanı tərcümə etdiyim kiçik bir kitabı Heydər Əliyevə təqdim etmişdim. Ulu Öndər şəxsən mənə bu işi davam etdirməyi tövsiyə etdi. “Manas” böyük əsərdir, böyük bir dəryadır, okeandır. Ora girmək də hər oğulun işi deyil”.

Alim onu da nəzərə çatdırıb ki, ədəbi, mənəvi və elmi-mədəni fəaliyyətinin böyük hissəsini “Manas” eposuna həsr edib.

“Ədəbi, mənəvi və elmi-mədəni həyatımın yarıdan çoxunu “Manas” eposuna həsr etmişəm. Bu illər ərzində gördüyüm işlər Qırğızıstanın elmi ictimaiyyəti tərəfindən də qiymətləndirilib. Mənə Qırğızıstanın Mədəniyyət xadimi adı verilib. Çingiz Aytmatov Akademiyasının fəxri akademikiyəm, Qırğızıstan Yazıçılar Birliyinin üzvüyəm. Bundan başqa, müxtəlif mükafat və medallarla təltif olunmuşam”.

A.Cəmil “Manas” eposu ilə “Kitabi-Dədə Qorqud” arasında çoxsaylı ortaq motiv və süjetlərin olduğunu da diqqətə çatdırıb:

“Vaxtilə yazdığım fəlsəfə doktorluğu dissertasiyamın bir fəsli “Manas” və “Dədə Qorqud” paralellərinə həsr olunub. Sadə bir misal çəkim. “Dədə Qorqud”da Təpəgöz obrazı var. Təpəgöz birgözlü mifik obrazdır. “Manas”da isə Jaldızgöz var. Jaldızgöz də bir gözü olan, Çin sərhədində keşik çəkən pəhləvan timsalında təqdim edilir. O, tam mifik deyil, yarımmifik obrazdır”.

Onun sözlərinə görə, iki dastan arasındakı oxşarlıqlar bununla məhdudlaşmır:

““Dədə Qorqud”da babalarımız küplərlə içir, təpə kimi ət yığırlar. Eyni motiv “Manas”da da var. “Dədə Qorqud”da sonsuzluq motivi mövcuddur, “Manas”da da eyni motivə rast gəlinir. Manasın özü də uzun illərdən sonra dünyaya gəlir. Bir dərvişin qapıya gəlməsi, Manasın atası Yaqub kişiyə alma verməsi, yuxu motivləri və digər məqamlar var. Ümumiyyətlə, türk dastanlarında ortaq bir xətt, ortaq motivlər mövcuddur. Xalqların kökü ortaq olduğuna görə bu süjetlər də bir-birinə bənzəyir”.

Adil Cəmil bildirib ki, “Manas”la “Koroğlu” arasında da bir sıra paralellər aparmaq mümkündür.

““Manas”ın “Koroğlu” ilə paralellərini də araşdırmışam. Məsələn, “Manas”da Ak-Otbey var. Ak-Otbey əziyyətli aşırım deməkdir. “Koroğlu”da isə Çənlibel var. “Koroğlu”nun dəliləri olduğu kimi, “Manas”ın da çoroları var. Manasın 40 çorosu, yəni 40 dəlisi var. “Koroğlu”da isə 7777 dəli göstərilir. Bu, təbii ki, daha əfsanəvi rəqəmdir. Yəni bu dastanlar arasında istənilən qədər paralellər aparmaq mümkündür”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...