Modern.az

Çap olunmayan yüzlərlə kitabın müəllifi

Çap olunmayan yüzlərlə kitabın müəllifi

Ölkə

24 Dekabr 2014, 12:16

jurnalist, Prezident təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, kövrək hisslər oyadan əhvalatlar

Çap olunmayan yüzlərlə kitabın müəllifi. - Bunu necə başa düşməli?

1969-cu ilin payızında Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyinə dünyanın ollarca ölkəsindən nümayəndələr dəvət olunmuşdu. Xarici qonaqlar Moskvadan qəlirdilər. SSRİ Yazışılar İttifaqı Bakı səfərinin proqramının tərtibində fəal  rol oynayırdı. Qonaqlara tərcüməçiləri də Moskvada təhkim edirdilər. İraqdan gəlmiş tanınmış yazıçı-şair Şakir Zabitə ərəb dili tərcüməçisi vermiçdilər. Kərkük türklərindən olan Şakir Zabit Bakıda Yazıçılar İttifaqında bildirmişdi ki, nə o həmin tərcüməçini başa düşür, nə də tərcüməçi onu. Buna görə də SSRİ Yazıçılar İttifaqının məsul işçisi, Türk ədəbiyyatının, xüsusilə poeziyasının təbliğatçısı, türkoloq Vera xanım Feonova məsləhət gördü ki, iraqlı şairi tərcüməçi kimi mən müşaiyət edim. Azərbaycan Yazışılar İttifaqının katibi İmran Qasımov  “Bakı” və “Baku” qəzetlərinin redaktoru Nəsir İmanquliyevə məktub göndərərək xahiş etdi ki, mənə on günlüyə qonaqla işləməyə  şərait yaratsın. Nəsir müəllim etiraz etmədi.

Bakıda və Şuşada Cıdır düzündə keçirilən təntənələrdən sonra  Şakir Zabitin Orta Asiya respublikalarına səfəri başladı.Türkmənistanda, Özbəkistanda, sonda isə Moskvada olduq. İnstitutlarda, təşkilatlarda görüşlər keçirilirdi.  Son dərəcə təvazökar olan Şakir Zabitlə birgə səfərimiz çox maraqlı keçirdi. O, görüşlərdə İraq ədəbiyyatından, öz yaradıcılığından söhbət açırdı. Moskvada keçirilən görüşlərdən birində o dedi ki yüzdən çox kitabın müəllifidir. Əlavə etdi ki, ancaq bu kitablar çap olunmayıb. Mən onun bu sözlərini tərcümə etmədim. Bunu o özü də hiss etdi. Görüşdən sonra iradını bildirdi.

- Şakir bəy, bizim ölkəmizdə (o vaxtkı SSRİ-də) kitab çapdan çıxandan sonra müəllif onu siyahısına salır. Məsələn, deyə bilərəm ki, mən də 500 kitab yazmışam, amma biri də çap olunmayıb. Bu o demək deyil ki, yazıçıyam və ya şairəm.

- Məndə nə günah var? – deyə Şakir Zabit əlavə etdi: - Mən yazmışam, amma çap eləmirlər. Özümün də maddi cəhətdən onları nəşr etdirməyə imkanım yoxdur.

Bu mövzuda söhbətimiz uzun çəkdi. Deyəsən bir qədər inciklik qalmışdı.  Lakin ölkəsinə dönəndən sonra mənə rəğbətini gizlətmədi. Məşhur ərəbşünas alim – tərcüməçi Tariyel Həsənov İraqdan gələndə mənə Şakir Zabitin hədiyyəsini – zərif armudu stəkan çay dəstini gətirmişdi...

Sözün əsl mənasında dəyərli insan.

İndi təqdim edəcəyim yazı isə tanınmış şəxsiyyətlə bağlı heç də qəribə və ya məzəli əhvalat deyil, çox maraqlı insan haqqında ürək sözlərimdir.

Oftalmoloq – alim, akademik Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişaf yolunu necə möhkımlətdisə, onun yaradıcılığı, qoyduğu təməl uzun müddət yeni-yeni üfüqlər açdı, mütəxəssislər yetişdirdi. Bunlardan biri də bu gün bacarığı, qabiliyyəti, nadir istedadı ilə çoxlarına şəfa vermiş professor, elmlər doktoru, ABŞ-ın oftalmologiya akademiyasının üzvü, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər beynəlxalq qurultaylarda, konfranslarda ölkəmizi layiqincə təmsil edən Çingiz Cərullazadədir. Neçə-neçə insana həyat işığı bəxş edən Çingiz müəllimi hamı dəyərli şəxs kimi tanıyır. El arasında yayılmış üç prinsipə sadiq qalan professorla uzunmüddətli tanışlığımız zamanı bunun şahidi olmuşam.

Birinci prisipin mahiyyəti. Böyük qardaşım kataraktdan əməliyyat olunmalı idi. Dostum professora müraciət etdim.

- Nə vaxt imkanınız olsa əməliyyata gəlin.

O vaxtlar Çingiz Cərullazadə həkimləri təkmilləşdirmə institutunun Respublika klinik xəstəxanasının həyətindəki beşmərtəbəli binada işləyirdi. Bir kabineti, bir də cərrahiyyə otağı. Böyük vətən müharibəsinin birinci qrup əlili olan qardaşım çox narahat idi. Professor onunla bir az zarafatlaşdı, sonra əməliyyat otağına apardı. Heç beş dəqiqə çəkmədi ki, hər ikisi gülə-gülə qayıtdı.

-Vəssalam, gedə bilərsiniz.

- Professor, bəs əməliyyatın xərci?

- O mənim prinsiplərimin 1-ci qrupuna aiddir, ona qüzəştli xidmət etdim.

Başa düşmədim. Təəccübümü görüb izah etdi.

- Qardaşın hərbçi olub, Vətəni, bizi müdafiə edib. Belə dəyərli insana pulsuz xidmət etmək mənim borcumdur.

- Bəs qalan prinsipləriniz?

- İkincisi, tibb işçiləridir, onlar bizim sağlamlığımızı qoruyurlar. Üçüncüsü isə hüquq işçiləridir, dövlətin və bizim hüquqlarımızı müdafiə edirlər. Bax, bu üç qrupa daxil olan adamar dəyərli insan sayılırlar.

Bu söhbət məni çox təsirləndirdi. Sonradan öyrəndim ki, Çingiz Cərullazadə həyatı boyu bu üç kateqoriyadan olanlardan başqa, kimsəsizlərə, imkansızlara təmənnasız xidmət edib, heç bir tapşırıq olmadan rayonlarda humanitar aksiya keçirib.

Neftçilər xəstəxanasında göz mərkəzində uzun illər adamlara nur paylayan  təcrübi və elmi fəaliyyətini genişləndirən oftalmoloq – alim indi Zərdabi küçəsində açdığı özəl klinikada çalışır, dünya elminin nailiyyətlərini burada tətbiq edir. Neftçilər xəstəxanasında isə yetişdirdiyi mütəxəssislər, assistentlər, iki oğlu onun işini davam etdirirlər.

Kiçik bir sayt yazısında əslən Zərdabdan olan professorun xarakterindəki məzəliyi, istedadını, bir sözlə dəyərli insan (dəyərli insan sözləri insana məxsus bütün nəcib keyfiyyətləri özündə ehtiva edənə aiddir)  olduğunu əhatə etmək mümkün deyil. Sağlıq olsun, ardını çox adam deyəcək.

Tanrı sizə yar olsun, dəyərli insan! 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı