
“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır”.
Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu günkü iclasında deputat Şəmsəddin Hacıyev deyib.
Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, alim və akademiklərin yaş senzi ilə bağlı, gənclərin elmə marağını artırmaq üçün bir sıra islahatlar həyata keçirilməlidir: “Bu islahatlar adı çəkilən qanun layihəsində öz əksini tapıb”.
Komitə sədri, elmi fəaliyyətlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququnun da qanunda əks olunduğunu diqqətə çatdırıb. Deputatın sözlərinə görə, ali məktəblərin magistatura və doktoranturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir.
““Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı” adlı maddədə göstərilir ki, “Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verir. Bu, bir çağırış müddətinə verilən möhlətdir. Yəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq. Bu, birdəfəlik xidmətdən azad etmək demək deyil”.
Milli Məclis üzvü deyib ki, “Elm haqqında “qanunun 7.8 maddəsində, gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial güzəştlərin verilməsi nəzərdə tutulub”.
Komitə sədri qeyd edib ki, qanuna əsasən, elm adamları hər beş ildən bir elmi attestasiyadan keçməli olacaqlar:
“Elm adamlarının elmi səviyyəsini müəyyən etmək məqsədi ilə hər 5 ildən bir attestasiyadan keçməsi nəzərdə tutulur. Hər hansı bir şəxs attestasiyanın qərarından narazı olduğu təqdirdə, məhkəməyə müraciət edə bilər. Həmin şəxs və attestasiya qərarını dəyişmək ancaq məhkəmənin səlahiyyətinə aiddir. “Elm haqqında” qanun Azərbaycanda elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir. Layihədə, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları da təsbit olunub. Qanun həm də hər bir Azərbaycan vətəndaşının elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir”.
Aqşin KƏRİMOV