Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Tanınmış şəxsiyyətlərlə bağlı məzəli, qəribə xatirələr
İndini bilmirəm, sovetlər dövründə elə bir idarə, təşkilat, məktəb, hətta mənzil-kommunal müəssisə olmazdı ki, oranın şöbələrində, bölmələrində həmin idarənin rəhbərliyinin bir xəbərverən adamı yerləşdirilməsin. Otaqda nə danışırdın səhərisi, bəlkə də elə həmin gün rəhbərlik xəbər tuturdu. Bizə elə gəlirdi ki, deyəsən, divarların qulağı var.
İndi, şükür, belə xəbərçilərə ehtiyac da yoxdur. Bütün küçələr, mağazalar, idarələr kameralar ilə doludur, idarə müdiri otağında rahatca oturub hansı güşəyə istəsə baxa bilir, kimin haradan gəlib haraya getdiyini izləyir, işə gecikənləri, işdən tez gedənləri müşahidə edir. Bilirsən ki, o xəbərçilərin rolunu kameralar oynayır. O vaxtkı xəbərçiləri isə ayırd etmək çətin idi. Ancaq bəzi üsullarla onları müəyyənləşdirə bilirdik.
Çalışdığım “Bakı” – “Baku” qəzetləri redaksiyasında belə xəbərçilərə ehtiyac yox idi. Redaktorumuz Nəsir İmanquliyevin xəbərçilərdən zəhləsi gedirdi. Amma özləri onun yanına gedirdilər. Nəsir müəllim onlara əhəmiyyət verməzdi. O, hamını yaxşı tanıyırdı. Bununla belə xəbərçinin “məxfi” məlumatını süzgəcdən keçirirdi.
Bir gün otağımızda çox adam vardı Öz-özümə fikirləşdim ki, görəsən, “xəbərçi” onlardan hansıdır? Sınaq üçün bir üsula əl atdım. Stolumun üstündəki bir
telefon aparatından digərinə zəng vurdum. Dəstəyi qaldırdım. Otaqdakıların eşitməyindən ehtiyat edirmiş kimi alsaq səslə danışdım.
- Nə? Mənim nəyimə lazımdır iki yeşik konyak, özü də Yerevan konyağı? Toy eləmirəm ki. Yox, yox, ikicə şüşə bəsimdir. Nə, artıq bizim evə göndərmisən? Bu olmadı ki. Çox sağol.
Bunları deyib dəstəyi yerinə qoydum. Kimsəyə bir söz demədim. Otaqdakılara göz gəzdirdim. Şübhələndiyim bir qadın əməkdaş başını aşağı salıb guya vacib bir məktub oxuyurdu.
Ertəsi günü işə gələndə katibə gəlib dedi ki, redaktor səni çağırır. Getdim yanına. Hal-əhvalımı tutduqdan sonra dedi:
- Qonağım gələcək, mənə sabaha iki şüşə yerevan konyağı tapa bilərsənmi?
Dünənki zarafatyana telefon söhbəti yadıma düşdü. Özümü o yerə qoymadım.
- Axtararam, tapa bilməsəm, Yerevanda hələ qohumlarımız qalıb, zəng eləyərəm...
Aradan bir neçə gün keçəndən sonra “letuçka” deyilən iclasların birində Nəsir müəllim bir qədər əsəbi halda danışdı:
- Dəfələrlə sizə demişəm, redaksiyanın nüfuzunu qoruyun, kimsənin yanında gözükölgəli olmayın. Bizdə elə adamlar var ki, evlərinə yeşiklərlə konyak gəlir, nə bilim, nələr? Özünüzü yığışdırın.
Həqiqətən, Nəsir İmanquliyev redaksiyanın nüfuzunu qaldırmaq üçün özü bir nümunə idi. O “mənə iki şüşə konyak lazımdır” deyəndə mən bilirdim söhbət haradan çıxıb. Nəsir müəllim heç vaxt bizə bir şey buyurmazdı, çox təmiz, vicdanlı adam idi. Hərdən şəhər partiya komitəsinin bufetinə gedəndə bizə bir şüşə kefir , yüz qram qara çörək aldırardı, onun da pulunu qəpiyinəcən ödəyərdi. Rüşvət nədi bilməzdi, əsl təmiz partiya üzvü idi. Vicdanlı kommunist, büllur kimi saf insan idi.
Mən ”xəbərçimi” bir daha sınağa çəkdim. Şübhələndiyim həmin qadın əməkdaş otaqda olanda telefon əməliyyatını təkrarladım. Bu dəfə:
- Ay qardaş, mənim elə bir külfətim yoxdur, bir yoldaşım, iki kiçik yaşlı uşağım var. İki cəmdək erkəyi neyləyəcəyəm. Sən allahın, keç bundan, uzağı bir bud göndər. Gecdir, kəsdirmisən?
Növbəti “letuçka”da söhbət təzələndi.
- Adam var evinə cəmdəklər gəlir. Bir, iki! Utanmırlar.
Bu dəfə dözə bilmədim, ayağa qalxıb məsələni açmaq, qadın “xəbərçi”ni ifşa etmək istədim. Nəsir müəllim bunu hiss etdi və iclası yekunlaşdırdı.
Fasilədən sonra əhvalatı redaktora danışdım, “xəbərçi” qadının adını dedim.
- Mən redaksiyanın əməkdaşlarını özüm seçib işə götürmüşəm, hamınızı beş barmağım kimi tanıyıram. Amma nə edəsən ki, hər yerdə olduğu kimi, bizim təşkilatda da belələri var. Dediklərinə laqeyd qalmaq da olmur. Sizdən mənə deyirlər, məndən başqalarına. Neyləyəsən ki, quruluşumuz belədir.