Modern.az

Təhsil krediti götürən tələbələrin sayı 4 dəfə artıb

Təhsil krediti götürən tələbələrin sayı 4 dəfə artıb

Ölkə

Bu gün, 12:22

Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ölkəmizdə ali və orta peşə təhsili alan hər bir gəncin maliyyə imkanlarından asılı olmayaraq təhsil alması üçün bərabər imkanların yaradılmasına və təhsilin əlçatanlığının artırılmasına xidmət edir. Minlərlə tələbə bu fonda müraciət edir və hər il bu say artmaqdadır.

Bu mövzuyla bağlı Modern.az Təhsil Tələbə Kredit Fonduna sorğu ünvanlayıb.

Fond fəaliyyətə başladığı gündən etibarən təhsil tələbə kreditləri üzrə rəsmiləşmələrin sayında hər il artım dinamikası müşahidə olunduğunu və 2021/2022-ci tədris ilində rəsmiləşmə sayının 6800 olduğu halda 2025/2026-cı tədris ilində bu rəqəm 27700-ə qədər yüksəldiyini qeyd edib.

Bildirilib ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 38 mindən çox əyani və ödənişli əsaslarla təhsil alan tələbənin təhsil haqqı xərclərinin maliyyələşdirilməsinə dəstək göstərib. Bu müddətdə 91000-ə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Müqavilələrin sayının tələbələrin sayından çox olması eyni tələbənin bir neçə semestr ərzində kreditdən yararlanması ilə bağlıdır

O da qeyd olunub ki, təhsil tələbə kreditinin əsas üstünlüyü tələbənin təhsil haqqını maddi imkanlarından asılı olmayaraq ödəməsinə və təhsilini fasiləsiz davam etdirməsinə şərait yaratmasıdır. Kreditlər illik 2 faizlə sosial, illik 6 faizlə isə standart növdə təqdim olunur. Tələbə normativ təhsil müddətində heç bir ödəniş etmir və götürdüyü kreditə faiz hesablanmır. Geriödəmə normativ təhsil müddəti başa çatdıqdan və güzəşt müddəti bitdikdən sonra başlayır. Akademik göstəricisi yüksək olan tələbələr üçün əlavə güzəştlər də nəzərdə tutulub: ÜOMG-si 91 bal və daha yüksək olan tələbələrin sosial kredit üzrə əsas borcunun 50 faizi, standart kredit üzrə isə 25 faizi bağışlanır.

Lamiyə Cənnətzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...