1 İyun Uşaqların Beynəlxalq Müdafəsi günüdür. Əslində bu günlə bağlı başqa bir yazı yazmağı planlayırdım. Xoşbəxt gələcək arzuları, uşaqlarla davranış və s. Amma Binəqədi rayonunda baş vermiş yanğında ölən beş körpədən sonra düşüncələrimin bir qismi beynimdən silindi. Böyüklər uşaqları qorumaq istəsəydi, saxtakar olmazdı, daha çox pul qazanmaq istəyi gözlərini kor etməzdi. İstehsal edən, alan, satan, müqavilə imzalayanların hamısı daha vicdanlı olardı, o zaman nə yanğın olardı, nə də o beş məsum körpə külə dönərdi. Bu yerdə uşaqların müdafiəsindən danışmağa utanıram…
…Sonra dedim, bəlkə gələcəyə ümidlə baxım, bu yanğından dərs çıxardıq. Üzüldük, əslində kövrək və mərhəmətli millətik. Amma bir səhər oxuduğum ilk xəbərdən qanım dondu, nə ağlaya bildim, nə dilim söz tutdu deməyə. Sadəcə, evin içində dünyanın pisliklərindən xəbərsiz oynayan övladlarıma sarıldım. 5 yaşlı Ayşəyə təcavüz edilmişdi, sonra qəddarcasına öldürülmüşdü. Ayşənin anasını düşündükcə, acım daha çox böyüdü. Bununla bağlı yazmaq o qədər çətindir ki, hislərimi ifadə edəcək bütün sözlər acizdi. O fidan balaya təcavüz edəni, insan adlandıra bilmədiyim üçün “o” olaraq yazacam. Namus özürlü o, beş yaşında körpəyə qıyacaq qədər aşağılanmış “o”nun ən ağır cəza alacağına inanıram. İnanıram ki, ona “dəli” damgası vurulub Məştağada istirahətə göndərməyəcəklər. O, ağır cəza almasa, bunun bədəlini başqa Ayşələr təcavüz edilərək ödəyəcək.
Amma mən bir şeyə inanmıram, əxlaqlı, ziyalı, mədəni ailədən təcavüzçü çıxmaz. Lutfən, oğul dünyaya gətirəndə qurban kəsməyin, “oğglum oldu” deyib qürrələnmə psixologiyasından xilas olun. Oğlunuz olanda, hələ beşikdəykən “Gör nə oğul olacaq, qızların canın yaxcaq” deməyin. Oğlunuzu böyüdərkən, neçə qız sevgilisi olduğunu soruşmayın. Onlara mənəviyyat aşılayın, namus, şəxsiyyətli olmağı öyrədin. Öyrədin ki, körpə Ayşələrin canı yanmasın…
Bu gün 1 iyundur. Media uşaqlardan yazacaq, körpələr evindən reportajlar ediləcək. Sünü olaraq o körpələri xoşbəxt təqdim edəcəklər. Bitəcək! 365 günün yalnız 1 günü uşaqlardan, bir az da onların problemlərindən danışacağıq, Biz gündəmi başqa şeylərlə doldurmağa həvəsliyik. Daha doğrusu baş qatmaqla, yanğında ölən böyüklər və uşaqların ölümünü unutdurmaq üçün qatdığımız başlar kimi.…

Ayşənin təcavüzə uğrama xəbərini oxudum, oxunma sayına baxdım…Sonra bir müğəninin məhrəm yerinin açılması xəbərini oxudum, oxunma sayına baxdım…Rəqəmlər acınacaqlıydı. Bir fidanın ölümü, hansısa müğənninin açılan gərdanından daha az maraq kəsb etmişdi. Nə qədər ki, başları elə intim yerlərlə qatacağıq, o qədər də təcavüz xəbərləri çoxalacaq. Kas, Ayşənin təcavüzə u-ramasına etiraz olaraq, o gün qara lentlə yazılaydı bütün yazılar. Dünyada bir körpəyə təcavüz edilməsindən ağır nə ola bilər? İndi, analar övladlarını evdə həbs etsinlərmi? Hislərinin heyvanlar kimi cilovlaya bilməyən məxluqlardan necə qorusunalar övladlarını? Amma insanıq elə bir hala gəlib ki, heyvanlar insanlardan özlərini qoruyur. Heyvanları insanlardan qorumaq üçün təşkilatlar yaranır.
Təxminən bir neçə il əvvəl Türkiyədə bir kişi toyuğa təcavüz etdiyinə görə həbs edilmişdi. Adam məhkəmədə özünü müdafiə edərkən belə bir ifadə işlətmişdi “nə edə bilərəm, toyuğu arxadan seyr edirdim, ayağını şəhvətlə qaldırırdı”. Bax belə, İnsanlıq ölmüş, dəfn gözləyir…
…Ümumi mənzərəyə baxaq. Beynəlxalq uşaq günü. Azərbaycanda uşaqlar yanğında ölür, körpə təcavüz edilərək öldürülür! Suriyada uşaqlar ölür, Yəməndə uşaqlar ölür, Fələstində uşaqlar ölür! Ölür, təcavüz edilir, itkin düşür…
Uşaqların beynəxalq müdafiəsi günündə aclıqdan ölən uşaq şəkillərinə verilən mükafatlar, o ac körpələrin bizə çatmayan sızldayan səsləri… Kaş Uşaqların beynəlxalq müdafiəsi günü deyil, uşaqlara hesab vermə günü olaydı. Mahnı oxuyub, şeir söylətməklə uşaqlar xoşbəxt olmur. Sizcə bu bayram, bu həyata nə qədər yaraşır?