Modern.az

FHN: Bəzi əyləncə qurğularına nəzarət səlahiyyətimiz yoxdur

FHN: Bəzi əyləncə qurğularına nəzarət səlahiyyətimiz yoxdur

Ölkə

Bu gün, 15:53

Son günlər əyləncə qurğularının təhlükəsizliyi və onların hansı dövlət qurumu tərəfindən yoxlanılması müzakirə olunur. Məlum olub ki, mühərrik və ya ötürücü mexanizm olmadan hərəkət edən bəzi tros qurğuları təhlükə potensiallı obyektlər siyahısına daxil deyil.

Modern.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, mexanikləşdirilmiş attraksionların istismarı üçün lisenziya müvafiq qurum tərəfindən verilir.

Belə attraksionların texniki vəziyyətinə və təhlükəsiz istismarına nəzarət FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Yoxlamalar 12 aydan gec olmayaraq aparılmalıdır.

Yoxlama zamanı nöqsan aşkar edildikdə, onun aradan qaldırılması barədə 30 gün ərzində Agentliyə məlumat verilməlidir. İnsan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradan ciddi nöqsan müəyyən olunarsa, attraksionun istismarı problem tam aradan qaldırılanadək qadağan edilir.

FHN-dən qeyd olunub ki, mexanikləşdirilmiş attraksionların təhlükəsiz işlədilməsi üçün mühəndis-texniki işçilər və xidmət heyəti attestasiyadan keçməlidir. Sahibkar isə qurğunun təhlükəsiz istismarına cavabdeh şəxsi müvafiq əmrlə təyin etməlidir.

Nazirlik son günlər müzakirə olunan bəzi əyləncə qurğularının bu nəzarət mexanizminə daxil olmadığını da açıqlayıb.

Bildirilib ki, iki stasionar dirək arasında bağlanmış tros üzərində quraşdırılan və elektrik mühərriki, yaxud ötürücü bucurqad olmadan öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət hesabına hərəkət edən qurğular mexanikləşdirilmiş attraksion sayılmır.

Bu səbəbdən həmin qurğular təhlükə potensiallı obyektlər siyahısına daxil edilməyib və onların yoxlanılması FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyətinə aid deyil.

FHN-in açıqlamasında bu tip mühərriksiz tros qurğularının təhlükəsizliyinə hansı dövlət orqanının nəzarət etməli olduğu göstərilməyib.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan şok açıqlama - Kərkiyə görə Azərbaycanla müharibə