Hərəkət zamanı telefonu əldə tutaraq istifadə edən sürücülərin kameralar vasitəsilə cərimələnməsi üçün elektron nəzarət sistemi təkmilləşdirilməli, qayda pozuntusunu aydın göstərən görüntülər əldə olunmalıdır.
Modern.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov feysbuk hesabındakı paylaşımında bildirib.
Ekspertin sözlərinə görə, bununla bağlı yayılan məlumatın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə əlaqəli olduğu ehtimal edilir. Lakin qanun layihəsi hələ dərc edilmədiyindən detallar məlum deyil.
Ə.Hüseynov qanunvericilik prosedurlarını nəzərə alaraq belə bir mexanizmin təxminən 2027-ci ilin ilk aylarından tətbiq oluna biləcəyini ehtimal edib.
O vurğulayıb ki, avtomobilin salonunda sürücünün telefonu əldə tutaraq istifadə etməsini qeydə almaq qırmızı işıqdan keçmə faktını müəyyənləşdirmək qədər sadə deyil:
“Elektron nəzarət sistemi təkmilləşdirilməli, qayda pozuntusunu əks etdirən şübhəsiz və mötəbər görüntülər əldə etmək mümkün olmalıdır. Əks təqdirdə çoxlu mübahisələr qaçılmaz olacaq”.
Ekspert bildirib ki, kameralar vasitəsilə cərimələnmə çəkindirici rol oynaya bilər. Bununla yanaşı, sürücülərin təhlükəni dərk etməsi vacibdir.
“Saatda 90 kilometr sürətlə gedən avtomobil iki saniyəyə 50 metr məsafə qət edir. Həmin məsafədə sürücünün yola nəzarət etməməsi çox təhlükəlidir”, – deyə Ə.Hüseynov qeyd edib.
O əlavə edib ki, telefon danışığının məzmunu da sürücünün diqqətini yayındıra bilər. Belə hallarda sürücü yola baxsa belə, gördüklərini tam qavramaya və təhlükəyə gec reaksiya verə bilər.