Azərbaycan və İordaniya ümumvətəndaş pasportuna malik vətəndaşlar üçün qarşılıqlı viza tələbini aradan qaldırmağa hazırlaşır.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqlənməsi təklif olunur.
Sazişə əsasən:
Azərbaycan və İordaniya vətəndaşları qarşı tərəfin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə biləcəklər;
vətəndaşlar hər 180 günlük müddət ərzində qarşı tərəfin ərazisində 90 günədək vizasız qala biləcəklər;
pasportun etibarlılıq müddəti nəzərdə tutulan giriş tarixindən etibarən ən azı 180 gün olmalıdır;
90 gündən artıq qalmaq, işləmək, təhsil almaq və ya əvvəlcədən icazə tələb edən digər fəaliyyətlərlə məşğul olmaq istəyən şəxslər viza almalıdırlar;
tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəbilə sazişin tətbiqini tam və ya qismən müvəqqəti dayandıra bilərlər. Bu barədə qarşı tərəfə ən gec 48 saat ərzində məlumat verilməlidir.
Saziş 2026-cı il iyulun 8-də Bakıda imzalanıb. Sənəd zəruri dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin alınmasından 30 gün sonra qüvvəyə minəcək.