Modern.az

Diplomatlar Qarabağdan ölkələrinə hansı mesajı aparacaqlar?

Diplomatlar Qarabağdan ölkələrinə hansı mesajı aparacaqlar?

Ölkə

Bu gün, 17:23

Xarici diplomatların Qarabağa səfəri bölgədəki reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.  Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olan diplomatik korpusun nümayəndələrinin gördükləri mənzərənin onların gələcək açıqlamalarına və Qarabağla bağlı mövqelərinə necə təsir edəcəyi isə diqqət çəkən məsələlərdəndir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Modern.az-a açıqlama verib.

Deputat diplomatik nümayəndələrin ermənilərin törətdiyi vəhşilik və vandalizmi öz gözləri ilə gördüklərini bildirib:

“Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev və Azərbaycana akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfərinin çox böyük əhəmiyyəti var. Bu səfər zamanı diplomatik korpusun nümayəndələri erməni işğalçılarının 30 il ərzində torpaqlarımızda törətdiyi vəhşilikləri, imza atdığı vandalizmi, tarixi və dini abidələrimizi necə yerlə-yeksan etdiklərini öz gözləri ilə görürlər. Eyni zamanda, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə qayıdışı təmin etdiyinin, tarixi qayıdışın baş verdiyinin şahidi olurlar. Artıq yüz minə yaxın soydaşımız işğaldan azad olunmuş torpaqlarımızda məskunlaşıb və orada fəaliyyət göstərir.”

Deputat bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, dirçəlişi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Onun sözlərinə görə, bu gün Qarabağın, o cümlədən Şuşa, Ağdərə və Kəlbəcərin müxtəlif ərazilərində böyük quruculuq işləri aparılır. Deputat qeyd edib ki, dünyanın müxtəlif bölgələrində müharibələrin, toqquşmaların və siyasi-iqtisadi kataklizmlərin yaşandığı bir vaxtda Azərbaycan sözün həqiqi mənasında sabitlik adasıdır. Elman Nəsirov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycan dövlətinin və xalqının yaradıcı və qurucu xalq olduğunu nümayiş etdirir. Deputat bildirib ki, diplomatik korpusun nümayəndələri də öz ölkələrinə, dövlət rəhbərliklərinə və ictimaiyyətlərinə Azərbaycanın əmin-aman, təhlükəsiz, quruculuq və inkişaf edən ölkə olduğu barədə mühüm mesajlar göndərirlər.

“Bu səfər həm böyük siyasi, həm də iqtisadi məna kəsb edir. Hesab edirəm ki, bundan sonra turistlər də ölkəmizə daha böyük həvəslə gələcəklər və işğaldan azad olunmuş torpaqlarımızı görmək onların əsas niyyətlərindən biri olacaq”, - deputat deyib.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC