Türk dünyasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və üçtərəfli hərbi təlimlərin əhəmiyyəti diqqət mərkəzindədir.
Bu sözləri türkiyəli general Yücel Karauz Modern.az-a açıqlamasında bildirib. onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Özbəkistan təlimləri müdafiə sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
"Təlimlərin hərbi əhəmiyyəti ordular arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasındadır. Bu proses komanda-idarəetmə, rabitə, kəşfiyyat, pilotsuz sistemlər, xüsusi təyinatlı qüvvələr, logistika və birgə əməliyyat planlaşdırılması sahəsində mühüm təcrübə mübadiləsi yaradır. Nəticədə gələcəkdə böhran, terror, sərhəd təhlükəsizliyi, sülhməramlı əməliyyat və fövqəladə vəziyyətlərdə daha koordinasiyalı hərəkət etmək imkanı formalaşır".
O, qeyd edib ki, bu formatda Özbəkistanın iştirakı xüsusi strateji çəkiyə malikdir:
"Özbəkistan Mərkəzi Asiyanın demoqrafik, coğrafi və hərbi baxımdan əsas dövlətlərindən biridir. Onun bu prosesə qoşulması Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını Xəzərin o tayına — Mərkəzi Asiyanın dərinliklərinə daşıyır. Bu, həm də Orta Dəhlizin təhlükəsizliyi, enerji və nəqliyyat xətlərinin qorunması, eləcə də regional sabitliyin təmin edilməsi baxımından olduqca vacibdir. Azərbaycan Qafqazda, Türkiyə NATO təcrübəsi və güclü müdafiə sənayesi ilə, Özbəkistan isə geostrateji mövqeyi ilə bu əməkdaşlığa unikal güc qatır".
Yücel Karauz vurğulayıb ki, gələcəkdə bu cür birgə təlimlər müntəzəm xarakter ala bilər:
"Bu təlimlər Türk dövlətləri arasında ortaq hərbi terminologiya yaradacaq. Nəticədə Türk dövlətləri regional təhlükəsizlik arxitekturasında daha görünən və təsirli aktora çevriləcək. Bütün bunlar heç kimə qarşı yönəlmiş hücum mesajı deyil əksinə, əməkdaşlıq və regional sabitlik mesajıdır. Azərbaycan-Türkiyə-Özbəkistan formatı gələcəkdə Türk dünyasının təhlükəsizlik əməkdaşlığında əsas dayaqlardan birinə çevriləcək" — deyə türkiyəli general sonda vurğulayıb.