Modern.az

Biz gəzmək istəyirdik…

Biz gəzmək istəyirdik…

Ölkə

22 Sentyabr 2015, 12:22

Uşaq hüquqları üzrə beynəlxalq vəkil və insan alverinin uşaq qurbanları üzrə ekspert

 I yazı

Siz heç bilirsiz bir uşaq evi sakininin ən böyük arzusu nədir?

Uşaq evləri və ya internatlarda yaşayan uşaqların bəlkə də ən böyük arzularından biri də tez-tez bayıra çıxmaq, fərqli yerlərə getməkdir. Bu istək o qədər güclü olur ki, hətta kimsə onları on dəqiqə belə harasa aparanda az qalırlar ki, sevinclərindən uçsunlar. Təbii ki, oranın işçiləri və tərbiyəçilər də məsələdən xəbərdardırlar və bundan öz məqsədləri üçün istifadə edirlər.

Qubada internat evində qaldığım müddətdə Gülpəri, Bəsarət, Şövkət və adlarını unutduğum digər işçilər uşaqları tez-tez öz evlərinə aparırdılar. Onların arasında yaşı on üçdən çox olan qızlar üstünlük təşkil edirdilər. Təbii ki, müdriyyət bu işdən xəbərdar idi və bəzi hallarda onlar da eyni şeyi edirdilər. Adətən mən və digər iki qızı tez-tez müxtəlif tərbiyəçilər öz evlərinə aparır, ev işlərini tez və təmiz gördüyümüzdən bizə “diribaşsınız” deyirdilər. Qızlar tualetdən tutmuş, yataq otağına, həyətə qədər hər yeri təmizləyirdilər. İlk vaxtlarda işimiz yalnız qabları yumaq idisə, sonralar ev silmək, süpürmək, digər təmizlik işləri də əlavə edilmişdi. Hətta xalça-palazları belə çox vaxt bizə yudurdurdular.

Qubada internatda qalırdım, qış yenicə girmişdi. Tərbiyəçilərimizdən birinin qızının toyu olacaqdı və bizi evində təmizlik işləri görməyə aparmışdı. İki mərtəbəli böyük evin yuxarı hissəsində on beşdən çox pəncərə vardı və onları silməli idik. Əllərimiz dona-dona pəncərələri sildikdən sonra həyətdə soyuq su ilə palazları da yuduq. Geri qayıtdıqdan sonra günlərlə belimiz, qarnımız ağrıdı, ağrıkəsici içməli olduq. Təbii ki, qorxduğumuzdan səsimizi belə çıxara bilmədik və etiraz etmədik.

Əlbəttə, bəzən yaxşı niyyətli insanlar bizim orada sıxılmağımızı və darıxmamızı bildiklərindən gəzintiyə çıxarırdılar. Lakin, əksər hallarda tərbiyəçilər və rəhbərlik uşaqları evlərində ağır işlərdə işləməyə aparırdılar. Əlbəttə, qızlara yemək bişirmək, qab yumaq və s xırda məişət işlərini öyrətməkdə qəbahətli heç nə yoxdur, amma insafla danışası olsaq heç bir ana övladına qış vaxtı soyuq suyla xalça-palaz yudurtmaz və ya dayanmadan üç-dörd saat ev işləri gördürtməz. İnternat rəhbərliyi çox vaxt qızlara ev işləri öyrətmək pərdəsi altında bizi ən ağır ev işlərini görməyə məcbur edirdilər. Üstəlik uşaq evləri və internatlarda yaşayan qızlar yalnız müəssisə işçilərinin evlərində deyil, eyni zamanda digər evlərdə də işlədilirdilər. Bakıda uşaq evində qaldığım müddətdə müdirimizin bacısı hər dəfə

bir qızı evini təmizləməyə aparır, hətta onunla bərabər gələnlərin də işlərini görməyə məcbur edirdi.

Bir dəfə uşaq evinə kiçik körpəsi ilə bir qadın gəlmişdi. ...

II yazı

Bir dəfə uşaq evinə kiçik körpəsi ilə bir qadın gəlmişdi. Onun qalmağa yeri yox idi və evlərə xadimə olaraq gedirdi. O, rəhbərliklə danışaraq məni və rəfiqələrimi müxtəlif evlərə aparırdı. Biz bu evləri ayaqdan-başa təmizləyir, lakin qarşılığında pul almırdıq, onların alıb-almadıqlarını da bilmirdik. Təmizləməyə göndərildiyimiz evlər adətən varlı evləri olurdu və ora çox vaxt həftə sonları və bayramlarda gedirdik. Ən azı beş saat işləyir və gecə saat onda taqətdən düşmüş halda uşaq evinə qayıdırdıq. Bəzən isə oranın işçilərinin qohumları uşaq evini ziyarət edir və onlara uşaqlarına yemək yedirməkdə və çimdirməkdə kömək edirdik. Heç yadımdan çıxmaz bir gün mətbəxdə idim. Uşaqların yeməklərini tək-tək payladıqdan sonra mətbəxi də təmizlədim və qabları yudum. Daha sonra otaqlarına çıxıb uşaqların yatmasına kömək etdim. Ora gələn qadınlardan biri bunu gördü və mənim işguzarlığımı təriflədi. Qohumu olan tərbiyəçi isə mənim çox yaxşı işlədiyimi, hətta təmizlik üçün başqa evlərə də getdiyimi dedi. Qadın isə öz növbəsində ona da kömək etməmi, xəstə anasına baxmamı istədi. Təbii ki, etiraz edə bilməzdim, ümumiyyətlə uşaq evinin sakinlərinin seçim hüquqları yoxdu və on dörd-on beş yaşımızda ən ağır ev işlərini görürdük. Amma bununla belə on səkkiz yaşımız tamam olanda gedəcək yerimiz olmurdu və qapı ağzına qoyulurduq. Çox vaxt qızlara onların qeyri-rəsmi övladı olmaları təklif edilirdi, lakin əslində qulluqçu olmaq nəzərdə tutulurdu. Mən həmişə təhsil almaq, universitetə getmək istəyirdim. Lakin onlar “bizim səni oxutmağa imkanımız yoxdur, amma bizimlə qalıb bu evin qızı olmaq istəyərsənsə, gəl qal” deyirdilər. Mən bununla razılaşmasam da, bir çoxları təklifi qəbul etməli olurdular. Məsələn, bir rəfiqəm on iki yaşında məktəblə əlaqəsini demək olar ki, kəsdi və müdirin bacısının evində işləməyə başladı. Digəri isə on üç yaşında təhsildən qopdu və müdirin rəfiqəsinin evində qulluqçuluq etməyə başladı. Beləliklə, onların timsalında bir çox qızlar təhsildən yayınaraq övlad adı altında qulluqçu olaraq işlədilirdi.

Kiçik yaşımızda bu qədər işləməyə məcbur edilmək nə qanun, nə də vicdan cəhətdən doğru deyildi. Əlbəttə rəhbərlik və digər işçilər də bunu bilir, lakin göz yumurdular. Gələn qonaqlara isə adətən uşaqların gəzməkdə olduqları, hansısa şənliyə getdikləri və ya valideyinləri ilə birgə vaxt keçirdikləri deyilirdi. Hər hansı bir uşağın uşaq evində bir həftə çox, digər həftə isə az olması heç də normal hal deyildi, lakin rəhbərlik bunu elə formada deyirdi ki, ora gələn qonaqlar və ya könüllülər normal qəbul edirdilər.

Yuxarıda sadaladıqlarım oxucuya hekayə kimi gələ bilər. Lakin şahidi olduğum onlarla faktdan sadəcə bir neçəsidir. Aidiyyatı orqanlardan uşaq evlərinə olan nəzarətin artırılmasını və s xahiş edərkən məqsədim oranın rəhbərliyinin və işçilərinin uşaqlar üzərindəki təzyiqlərini gizlətmək, oranı daha da qapalı hala gətirmək deyil, əksinə lazımi araşdırmaların aparılıb, könüllülərin daha rahat işləmələrinə zəmin yaradılmasını təmin etməkdir. Ümid edirəm ki, bununla bağlı zəruri tədbirlər görüləcək və o uşaqlar gerçəkdən gəzməyə gedəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı