Modern.az

Ailə biznesləri üçün güzəştli kreditlərin ayrılsın - Deputat

Ailə biznesləri üçün güzəştli kreditlərin ayrılsın - Deputat

Ölkə

Bu gün, 11:41

Azərbaycanda ailə bizneslərinin inkişafı üçün ayrıca konsepsiyanın hazırlanması, güzəştli kreditlərin ayrılması, vergi və hüquqi güzəştlərin tətbiqi təklif olunur.

Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Dünyanın inkişaf etmiş iqtisadiyyatlarına baxdıqda görürük ki, ailə biznesləri iqtisadiyyatın əsas sütunlarından biridir. Almaniyada məşhur “Mittelstand” şirkətlərinin böyük hissəsi ailə biznesləridir. İtaliyada, Türkiyədə, Cənubi Koreyada və bir çox başqa ölkələrdə milyonlarla insan məhz ailə şirkətlərində çalışır. Dünyanın ən böyük şirkətlərindən bəziləri də vaxtilə kiçik ailə biznesi kimi fəaliyyətə başlayıb.

Azərbaycanda da minlərlə ailə kiçik mağaza, emalatxana, xidmət sahəsi, kənd təsərrüfatı və digər bizneslərlə dolanır. Son illərdə ölkəmizdə ailə bizneslərinin institusionallaşması istiqamətində addımlar atılıb. Bunun ən gözəl nümunəsi ABAD mərkəzləridir. Yerli təcrübəmiz göstərir ki, dövlət dəstəyi və düzgün marketinq birləşdikdə ailə biznesləri iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilir”.

Deputat ailə bizneslərinin inkişafı üçün xüsusi maliyyə proqramlarının hazırlanmasını vacib hesab etdiyini bildirib:

“Zənnimcə, ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasına ehtiyac var. İlk növbədə güzəştli kreditlərin və xüsusi maliyyə proqramlarının nəzərdə tutulmasını vacib hesab edirəm. Çünki ailə bizneslərinin əsas problemi kapital çatışmazlığıdır. Eyni zamanda ailə bizneslərinin qeydiyyatı, hesabatlılığı və sənədləşdirilməsi daha sadə olmalıdır.

Beynəlxalq təcrübədə ailə bizneslərinin nəsildən-nəslə ötürülməsi üçün vergi və hüquqi güzəştlər tətbiq edilir. Biz də bu istiqamətdə düşünməliyik. Çünki bir çox hallarda biznes sahibi dünyasını dəyişdikdən sonra hüquqi və maliyyə problemləri səbəbindən illərlə qurulmuş biznes fəaliyyətini dayandırır”.

Razi Nurullayev ailə biznesləri üçün xüsusi təlim və məsləhət proqramlarının həyata keçirilməsini də təklif edib:

“Bir çox ailə biznesləri peşəkar idarəetmə, marketinq və rəqəmsallaşma imkanlarından xəbərsizdir. Aidiyyəti dövlət qurumları bu sahədə xüsusi proqramlar həyata keçirə bilər.

Əslində, ailə biznesi sosial sabitlik, regionların inkişafı və məşğulluq məsələsidir. Güclü ailə biznesi yeni iş yerləri yaradır, insanların öz doğma rayonlarında işləməsinə imkan verir və dövlətin sosial yükünü azaldır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi