Rusiyanın Krasnoyarsk diyarında sərnişin avtobusunun iki yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qəza noyabrın 27-də Krasnoyarsk diyarının İlansk-Nijneinqaş dairəsində baş verib.
Kansk-İlansk marşrutu üzrə hərəkət edən sərnişin avtobusu qarşı hərəkət zolağına çıxaraq əvvəlcə “Volvo” markalı yük maşınına, daha sonra isə “Dongfeng” markalı TIR-a toxunaraq toqquşub.
Hadisə zamanı daha bir yük maşınının sürücüsü vaxtında əyləci basaraq toqquşmadan yayına bilib. Lakin avtomobil yoldan çıxaraq xəndəyə düşüb.
Qəza nəticəsində 5 nəfər – üç qadın, bir yeniyetmə və bir kişi həyatını itirib. Xəsarət alan 13 nəfərin hamısı xəstəxanaya yerləşdirilib.
Rusiya polisi hadisə ilə bağlı cinayət işi açıb. İş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddələri üzrə araşdırılır.
İlkin ehtimala görə, faciəyə avtobusun qarşı hərəkət zolağına çıxması səbəb olub.