Modern.az

Bakı–Kiyev xətti: Humanizm üzərində qurulan strateji tərəfdaşlıq

Bakı–Kiyev xətti: Humanizm üzərində qurulan strateji tərəfdaşlıq

Parlament

25 Aprel 2026, 23:21

Azərbaycan–Ukrayna münasibətlərinin hazırkı inkişaf mərhələsi həm siyasi, həm də humanitar müstəvidə yeni dinamika ilə xarakterizə olunur.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatları Azər Badamov və Kamran Bayramov mövzu ilə bağlı fərqli aspektlərdən çıxış etsələr də, hər iki yanaşmada ortaq xətt kimi strateji tərəfdaşlıq, humanitar əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan münasibətlər ön plana çəkilir.

Deputat Azər Badamov dövlət başçılarının Qəbələdə səsləndirdiyi mesajlara diqqət çəkərək bildirir ki, münasibətlərin əsasında fundamental prinsiplər dayanır:

“Bu gün Azərbaycan ilə Ukrayna arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanan qarşılıqlı hörmət müstəvisində inkişaf edir. Qəbələdə dövlət başçılarının mətbuata verdikləri birgə bəyanatlar da bir daha göstərdi ki, münasibətlərimizin əsasını suverenlik, ərazi bütövlüyü və qarşılıqlı dəstək təşkil edir.”

Onun sözlərinə görə, xüsusilə humanitar sahədə əməkdaşlıq son dövrlərdə daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan münaqişə təcrübəsi yaşamış ölkə kimi bu məsələyə həssas yanaşır:

“Bu gün səsləndirilən fikirlərdə də vurğulandığı kimi, münaqişələr zamanı ən çox zərər görən məhz mülki əhali, xüsusilə uşaqlardır. Bu baxımdan Azərbaycan tərəfindən ukraynalı uşaqlar üçün həyata keçirilən reabilitasiya proqramları xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüslər yalnız humanitar yardım deyil, həm də gələcək nəsillərin sağlam inkişafına yönəlmiş strateji addımdır.”

Badamov həmçinin Azərbaycanın Ukraynaya praktiki dəstəyini də önə çəkir və bunun real nəticələrə yönəldiyini vurğulayır:

“Ukraynada enerji infrastrukturuna dəyən zərərin doğurduğu çətinliklər fonunda Azərbaycanın göstərdiyi dəstək xüsusi qeyd olunmalıdır. Elektrik generatorlarının göndərilməsi mülki əhalinin, xüsusilə xəstəxanaların fəaliyyətinin təmin olunmasına real töhfədir və bu, ölkəmizin praktik və operativ humanitar siyasətinin göstəricisidir.”

 

 

Digər tərəfdən, deputat Kamran Bayramov məsələyə daha geniş geosiyasi və strateji kontekstdən yanaşaraq bildirir ki, Azərbaycan-Ukrayna münasibətlərində humanitar faktor artıq sistemli xarakter alır:

“Bu gün mürəkkəb beynəlxalq şəraitdə Bakı və Kiyev arasındakı qarşılıqlı fəaliyyətin əsas xüsusiyyəti siyasi konyunktura deyil, tədricən uzunmüddətli tərəfdaşlığın təməlinə çevrilən humanitar ölçünün ardıcıl inkişafıdır. Bakı ənənəvi olaraq münaqişələrdən zərər çəkmiş ölkələrə və xalqlara dəstək nümayiş etdirir ki, bu da yalnız beynəlxalq məsuliyyətlə deyil, həm də ölkənin öz tarixi təcrübəsi ilə bağlıdır.”

Bayramovun fikrincə, bu siyasət konkret layihələrdə öz əksini tapır və gələcəyə yönəlib:

“Bu mənada Bakının ukraynalı uşaqların reabilitasiyası proqramı mühüm göstəricidir. Bu, təkcə həmrəylik jesti deyil, həm də Ukrayna cəmiyyətinin gələcəyinə yatırılan investisiyadır. Eyni zamanda, yaxın perspektivdə ukraynalı tələbələr üçün reabilitasiya proqramlarının işə salınmasını nəzərdə tutan dövlət təşəbbüsüdür.”

O, həmçinin Azərbaycanın münaqişəyə yanaşmasında balanslı mövqeyini xüsusi vurğulayır:

“Azərbaycan tərəfinin prinsipial mövqeyi beynəlxalq hüquq normaları çərçivəsində bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir. Bununla yanaşı, Azərbaycan Rusiya-Ukrayna münaqişəsində hərbi komponentdən uzaq duraraq, ziddiyyətlərin güc yolu ilə deyil, dialoq vasitəsilə həllinin tərəfdarı kimi çıxış edir.”

 

 

Hər iki deputatın mövqelərindən aydın olur ki, Azərbaycan–Ukrayna münasibətləri təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Humanitar əməkdaşlıq, xüsusilə müharibədən zərər çəkmiş əhali qruplarına yönəlmiş təşəbbüslər bu əlaqələrin əsas sütunlarından birinə çevrilir. Bununla yanaşı, Azərbaycanın balanslı xarici siyasət kursu və dialoqa üstünlük verən yanaşması ölkəni regionda etibarlı tərəfdaş və mümkün vasitəçi kimi önə çıxarır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək