Yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment ödənişlərinin xarici ölkələrdə tanınması və icrası istiqamətində yeni hüquqi dəyişikliklər hazırlanır.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiqinə dair qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, dəyişikliklərin məqsədi alimentlə bağlı məhkəmə qərarlarının və məhkəmə əmrlərinin iştirakçı dövlətlər arasında tanınmasını daha operativ və effektiv etməkdir. Bu çərçivədə Konvensiyanın bir sıra maddələrinə “məhkəmə əmri” anlayışı daxil edilir və mövcud prosedurlar daha aydın şəkildə tənzimlənir.
Yeni redaksiyaya görə, aliment üzrə qərarların tanınması və icrası üçün müraciət həm qərarı çıxaran məhkəməyə, həm də icranın həyata keçiriləcəyi ölkənin səlahiyyətli orqanına təqdim oluna biləcək. Bu isə prosesin çevikliyini artırmağa xidmət edir.
Bununla yanaşı, icra üçün tələb olunan sənədlərin siyahısı da konkretləşdirilir. Qərarın qanuni qüvvəyə minməsi, tərəflərin məhkəmə prosesinə cəlb olunması, həmçinin qərarın qismən icrası kimi halları təsdiqləyən sənədlər də bu siyahıya daxil edilir.
Eyni zamanda, sənədlərin təqdim edildiyi dövlətin dilində və ya rus dilində təsdiqlənmiş tərcümə ilə təqdim olunması tələbi müəyyənləşdirilir.
Layihədə həmçinin qeyd olunur ki, məhkəmə əmri borcluya qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu hal icra prosesində hüquqi qiymətləndiriləcək.
Layihə səsə qoyularaq qəbul edilib.