Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması və rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində hazırlanan qanunvericilik paketi ölkənin yeni inkişaf modelinin hüquqi əsaslarını yaradacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Kraudfandinq haqqında” haqqında qanun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deyib.
Komitə sədri bildirib ki, gündəlikdə yer alan dörd qanun layihəsi ayrı-ayrı sənədlər deyil, vahid innovasiya zəncirinin hüquqi təminatını yaradan inteqrə olunmuş qanunvericilik paketidir. Onun sözlərinə görə, təqdimatın məqsədi layihələrin texniki məzmununu deyil, onların qəbul edilməsinin zəruriliyini izah etməkdir.
Azər Əmiraslanov qeyd edib ki, ölkədə rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətlərini özündə birləşdirən vahid rəqəmsal inkişaf arxitekturası formalaşdırılır. Bu model rəqəmsal dövlət idarəçiliyini, rəqəmsal iqtisadiyyatı və rəqəmsal cəmiyyəti əhatə etməklə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və innovasiyaya əsaslanan iqtisadi modelə keçidin sürətləndirilməsinə xidmət edir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın davamı olaraq "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "Rəqəmsal İnkişaf Konsepsiyası", "Süni İntellekt Strategiyası" və "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı" qəbul edilib. Onun sözlərinə görə, hazırda bu strategiyaların hüquqi bazasının formalaşdırılması mərhələsi həyata keçirilir.
Azər Əmiraslanov bildirib ki, innovativ iqtisadiyyatın inkişafı üçün yeni maliyyələşdirmə mexanizmləri, investorların hüquqlarının etibarlı qorunması, intellektual mülkiyyətin müdafiəsi və startapların təşviqi qanunvericiliklə təmin olunmalıdır. O qeyd edib ki, müzakirəyə çıxarılan layihələr innovasiya sahəsində özəl sektorun genişlənməsinə, investisiyaların cəlb edilməsinə və Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsinə dəstək verəcək.
Komitə sədri diqqətə çatdırıb ki, hazırda dünyada rəqəmsal iqtisadiyyatın həcmi 24 trilyon dollara çataraq qlobal ÜDM-in 21 faizini təşkil edir, rəqəmsal xidmətlərin ixracı isə 4 trilyon dolları ötüb. Onun sözlərinə görə, gələcəyin iqtisadiyyatında əsas üstünlüyü təbii sərvətlər deyil, innovasiya və yüksək texnologiyalar müəyyən edəcək.
O bildirib ki, Azərbaycanda innovasiya sektorunun illik gəlirləri hazırda təxminən 1 milyard manat, ixracı isə 100 milyon dollar səviyyəsindədir. Strategiyada bu göstəricilərin azı 10 dəfə artırılması hədəflənir və bunun üçün innovasiya ekosisteminə əlverişli hüquqi mühit yaradılır.
Azər Əmiraslanovun sözlərinə görə, təqdim olunan qanunvericilik paketi kraudfandinq, vençur kapitalı və "mələk investor" institutlarının hüquqi əsaslarını formalaşdıracaq, startapların maliyyələşdirilməsi imkanlarını genişləndirəcək, innovativ sahibkarlığın inkişafını təşviq edəcək. O vurğulayıb ki, dövlət innovasiyanı özü yaratmır, onun inkişafı üçün hüquqi, institusional və maliyyə mühitini formalaşdırır.
Sonda komitə sədri bildirib ki, qanunvericilik paketi Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidində mühüm hüquqi mərhələ olacaq, milli iqtisadiyyatda keyfiyyət dəyişikliklərinə təkan verəcək və layihələrin birinci oxunuşda qəbul edilməsini məqsədəuyğun hesab etdiklərini söyləyib.