Modern.az

Deputat ATƏT PA-da BMT Təhlükəsizlik Şurasının islahatına çağırıb

Deputat ATƏT PA-da BMT Təhlükəsizlik Şurasının islahatına çağırıb

Parlament

Bu gün, 10:56

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Haaqada keçirilən plenar iclasında beynəlxalq hüququn aliliyinin gücləndirilməsi və BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev Niderlandın Haaqa şəhərində keçirilən ATƏT PA-nın 33-cü İllik Sessiyasının plenar iclasında çıxış edib.

Deputat çıxışına sessiya iştirakçılarının həmin gün Beynəlxalq Ədalət Məhkəməsini ziyarət etdiklərini xatırlatmaqla başlayıb. O bildirib ki, bu məhkəmə beynəlxalq hüququn aliliyinin təmin edilməsinə xidmət edən əsas beynəlxalq təsisatlardan biridir. Bununla yanaşı, müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin və beynəlxalq təhlükəsizlik sisteminin ciddi çağırışlarla üzləşdiyini qeyd edib.

Azay Quliyev vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv şəkildə tətbiq olunur. Onun sözlərinə görə, bu yanaşma beynəlxalq hüquqa və çoxtərəfli institutlara etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxmasına səbəb olur.

Deputat çıxışında BMT Təhlükəsizlik Şurasının mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini bildirərək, qurumun XXI əsrin reallıqlarına uyğun şəkildə islahat edilməsinin vacibliyini qeyd edib. O hesab edir ki, Təhlükəsizlik Şurası daha geniş təmsilçiliyə, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik olmalıdır.

Azay Quliyev diqqətə çatdırıb ki, yeni beynəlxalq nizam haqqında geniş müzakirələr aparılsa da, mövcud qlobal idarəetmə sisteminin islahı və daha ədalətli, effektiv, inklüziv modelin formalaşdırılması istiqamətində kifayət qədər siyasi iradə nümayiş etdirilmir.

O bildirib ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır: ya beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı genişləndirmək və qlobal idarəetmə institutlarını islah etmək, ya da etimadsızlığın dialoqu, qarşıdurmanın isə əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.

Çıxışının sonunda Azay Quliyev qeyd edib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər üçün daha təhlükəsiz dünya qurmaq istiqamətində nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV