İtaliyanın Baş naziri Giorgia Meloni ilə ABŞ Prezidenti Donald Tramp arasında NATO sammiti öncəsi yaranan diplomatik gərginlik Ankarada da özünü göstərib.
Modern.az xəbər verir ki, Ankaradakı NATO sammitində liderlərin foto çəkilişi zamanı Meloni Trampa qarşı məsafəli davranıb və daim başqa istiqamətə baxaraq onunla göz-gözə gəlmək istəməyib.
Giorgia Meloninin bu cür davranışı isə medianın diqqətindən yayınmayıb.
Liderlər arasındakı gərginlik Trampın sosial şəbəkədə Meloni barədə "Uzaqlaşdırma qərarı lazımdır" paylaşımından sonra daha da artıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində yaşanan protokol anları iki lider arasındakı soyuqluğu açıq şəkildə nümayiş etdirib.
Sammitə gəliş zamanı da maraqlı məqam yaşanıb. Trampın ən sonda gələcəyi gözlənilsə də, Meloni bütün liderlərdən sonra Prezident Kompleksinə ayaq basıb. Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan zala daxil olarkən Melonini Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qarşılayıb.

Türkiyə KİV-i yazır ki, ailə fotosu çəkilərkən Meloninin Trampa baxmamaq üçün üzünü müxtəlif istiqamətlərə çevirdiyi müşahidə olunub. Bu davranış son həftələrdə iki lider arasında yaranmış "foto qalmaqalı"ndan sonra baş verib.
Sammitdən əvvəl Tramp sosial şəbəkədə Meloni ilə əl sıxdığı fotonu paylaşaraq üzərinə "Uzaqlaşdırma qərarı lazımdır" ifadəsini yazmışdı. Bu paylaşım İtaliyada geniş rezonans doğurmuşdu.
İtaliya Baş nazirinin administrasiyası isə Trampın paylaşımına cavab verməyəcəyini açıqlamış və Meloninin diqqətini NATO sammitinin gündəliyindəki məsələlərə yönəltdiyini bildirmişdi.
Sammit çərçivəsində Meloni ilə Tramp arasında ikitərəfli görüş baş tutmayıb.
İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Trampın açıqlamalarını "şəxsi fikirlər" adlandırıb.
"Əvvəldən demişdik ki, bu cür bəyanatlara cavab verməyəcəyik. Transatlantik münasibətlərin ayrı-ayrı şəxslərin açıqlamalarından daha vacib olduğuna inanırıq", – deyə Tajani bildirib.
İtaliyanın müdafiə naziri Guido Crosetto isə ABŞ kimi mühüm müttəfiqlə münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.

İki lider arasındakı gərginlik G7 Zirvəsi zamanı başlayıb.
Tramp İtaliyanın La7 telekanalına müsahibəsində Meloni barədə "Mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Mən çəkilmək istəmirdim, amma ona yazığım gəldi" demişdi.
Meloni isə bu iddiaları təkzib edərək, "Mən və İtaliya heç vaxt heç kimə yalvarmarıq" cavabını vermişdi.
Daha sonra Tramp sosial şəbəkədə Meloninin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından sonra yenidən onunla dostluq etmək istədiyini iddia edib.
Meloni isə buna cavab olaraq bildirib:
"Prezident Tramp, bu davamlı və səbəbsiz hücumların heç bir mənası yoxdur. Populyarlığıma gəlincə, sizin dostunuz olmaq mənə heç bir üstünlük qazandırmayıb".
A.Qorxmaz