Dövlətə xəyanət kimi xüsusilə ağır cinayətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti cəzaya məhkum edilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Məhkəmənin “Boz kardinal”a məxsus əmlakın dövlət nəfinə müsadirə olunması barədəki qərarından sonra mediada onun mülklərinin siyahısı tirajlanıb.
Modern.az xəbər verir ki, Milli Məclisin sabiq deputatı, keçmiş konsul, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca Ramiz Mehdiyevin sayı-hesabı bilinməyən və milyardlarla dollar dəyərində olan mülklərə necə sahhibləndiyinə təəccüblənib.
“Ramiz Mehdiyevin əmlakının siyahısını axıra qədər oxuyub qurtara bilmədim, gözüm qaraldı, səbrim tükəndi!..
Dövlət adamları, alimlər buna görə ağızları köpüklənə-köpüklənə onu tərifləyirdilər?
Akademikin biri nəyə görə Ramiz Mehdiyevi renesans dövrünün filosofları ilə müqayisə edirdi? Onu tərifləyə-tərifləyə böyük-böyük vəzifələr alanlar, deputat olanlar var! Siz də məhkəmədə cavab verməlisiniz, cənablar!” – deyə Xeyrəddin Qoca vurğulayıb.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
A.Qorxmaz