Modern.az

Pezeşkian Paşinyanın yanında əyləşdi - İrəvanda Azərbaycan rəqsi oynadılar- VİDEO

Pezeşkian Paşinyanın yanında əyləşdi - İrəvanda Azərbaycan rəqsi oynadılar- VİDEO

Reportaj

Bu gün, 12:22

Bu gün Ermənistanda “Təbiət naminə liderlər” şüarı altında beynəlxalq sammit keçirilir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 10-a yaxın dövlət və hökumət başçısı, eləcə də 50-yə yaxın ölkədən yüksək vəzifəli şəxs iştirak edir.

Sammit Ermənistanın dövlət himninin ifası ilə başlayıb. Zalda Ermənistanın Baş naziri Nikol Paşinyanın sol tərəfində İran Prezidenti Məsud Pezeşkian, sağ tərəfində isə BMT-nin Baş katibi Antonio Quterreş əyləşib. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emomali Raxmon, Qırğızıstan Prezidenti Sadır Japarov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze kimi digər ali qonaqlar da iştirak edir

Modern.az xəbər verir ki, tədbirin təntənəli hissəsində diqqətçəkən hadisə baş verib. Ermənistanın “Karin” mahnı və rəqs ansamblı “Karno Koçari” adlı rəqsi təqdim edib.

Bununla da ermənilərin Azərbaycan mədəni irsinə - rəqs sənətinə qarşı plagiat fəaliyyəti növbəti dəfə əyani nümayiş etdirilib.


Məsələ burasındadır ki, ermənilərin “Karno Koçari” adlandırdıqları həmin rəqs əslində Azərbaycanın milli “Köçəri” rəqsidir.

Qeyd edək ki, "Köçəri" rəqsinin ermənilər tərəfindən mənimsənilməsi uzun illərdir ki, həm yerli, həm də beynəlxalq mədəniyyət dairələrində müzakirə mövzusudur.

Ermənilər həyasızcasına iddia edirlər ki, guya onlar “Koçari” adlandırdıqları bu rəqsi təbiətin kult olduğu bütpərəstlik dövründə yaradıblar (?). Ermənilər izah etməyə çalışırlar ki, rəqs heyvana - qoça sitayişlə bağlıdır. Maraqlıdır ki, elə “koç” (qoç) da türk mənşəli sözdür.

“Köçəri” Ermənistanın 4 ən yaxşı rəqsi sırasına daxil edilib. Bununla bağlı dayanmadan təbliğat aparan ermənilər müxtəlif beynəlxalq tədbirlərdə “Köçəri”ni ifa etməklə qədim xalq olduqlarını dünyaya göstərməyə çalışıblar.

Hətta “Eurovision-2011” beynəlxalq mahbı müsabiqəsində Ermənistan müğənnisinin ifa etdiyi mahnıya bu rəqsi də əlavə etmişdilər.

O zaman Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi rəqsin tarixi, onun Azərbaycan xalqına bağlılığı, hətta “köçəri” sözünün etimologiyası barəsində geniş araşdırma hazırlayaraq onu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərmişdi.

Ancaq ermənilər dayanmayıb, dəfələrlə bu rəqsi UNESCO-ya “etnik erməni rəqsi” kimi təqdim ediblər.

Nəhayət erməni təbliğat maşını UNESCO-nu da öz saxtakarlığına inandırmağa nail olub.
Belə ki, 2017-ci ilin 6 dekabrında Cənubi Koreyanın Jeju adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycan milli rəqsi olan “Köçəri” Ermənistana məxsus rəqs kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

“Köçəri” Azərbaycanın məşhur xalq rəqslərindən biridir və qədim türk köçəri həyat tərzini simvolizə edir. Bu rəqs adından da göründüyü kimi, "köç" - yəni hərəkət, yerdəyişmə, köçəri həyatla bağlıdır. Rəqsin ritmi, ifa tərzi və plastikasında döyüş ruhu, birliyə çağırış və qəhrəmanlıq motivləri hiss olunur. Azərbaycanın müxtəlif bölgələrində “Köçəri” rəqsinin fərqli variantları mövcuddur (məsələn, Qarabağ, Naxçıvan, Şəki və s.)

Azərbaycanın mədəniyyət xadimləri və folklorşünaslar “Köçəri”nin erməni xalq rəqsi kimi qəbul olunması məsələsinə dəfələrlə etirazlarını bildirib, tarixi və elmi sübutlarla bu rəqsin Azərbaycanla bağlı olduğunu izah ediblər.

Azərbaycanın Mədəniyyət Nazirliyi UNESCO-ya bu məsələ ilə bağlı müraciətlər edib.

Təəssüf ki, bu müraciətlər nəticəsiz qalıb və “Köçəri” rəqsinin ermənilərin adına rəsmiləşdirilməsi aradan qaldırılmayıb.

“Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür. Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib.

“Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb. Naxçıvanın Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivləri tərəfindən repertuara daxil edilən bu rəqs, toy və el şənliklərində də ifa edilir.

“Köçəri” rəqsi azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda (1988-ci ilədək) onların ifa etdikləri çox populyar rəqs olub.
 


 


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr