Modern.az

Müəllim niyə təhqir olunur?

Müəllim niyə təhqir olunur?

Təhsil

23 Aprel 2013, 13:12

Orta məktəbdə oxuyanda bir coğrafiya müəllimimiz vardı. Bütün dərsboyu əlindən çubuğu yerə qoymazdı. Əslində ondan elə vəzifəsinə uyğun, yəni xəritədə qitələrin, ölkələrin, çayların, dənizlərin yerini göstərmək üçün istifadə edirdi. Müəllimimiz elə zəhmli baxışıyla, bir az səsinin tonunu yüksəltməklə də sinfi öz hökmranlığında saxlayırdı. Amma heç kim bu çubuğun onun başında sınmayacağından da əmin ola bilməzdi.

   Məktəbin şagirdlərinin əksəriyyətinin ən böyük qorxusu riyaziyyat müəllimimizdən idi. Doğrusu, mən heç görmədim, ancaq yoldaşlarımın çoxu bunu təsdiq edirdilər: riyaziyyat müəllimimizin yaman ağır əli vardı. Hər il çox da böyük olmayan kəndimizdən onun sayəsində bir neçə uşaq ali məktəbdə riyaziyyatdan müvəffəqiyyətlə imtahan verirdi. Şagirdlərindən bircə istəyi vardı: dərsə hazırlıqlı gəlsinlər, tapşırıqları yerinə yetirsinlər. Nəinki məktəbdə, hətta evində də saatlarla məsələləri, misalları şagirdlərinə izah eləməyə hazır idi. O zaman repititor anlayışı yox idi,  şagirdlərinin valideynlərindən “Allah köməyin olsun”, duasından başqa nə bir alacağı olurdu, nə də umacağı.

   Əksəriyyətindən soruşsaydın, ondan qorxduğunu söyləyərdi. İndi o keçmiş şagirdlərdən xəbər alsan, riyaziyyat müəllimini çox sevdiklərini deyərlər.

   Vallah, biz belə gördük: müəllimə hörmət edərlər, çəkinərlər və onu çox sevərlər. Hətta tətil günlərində belə futbol, gizlənqaç, dava-dava oynayan uşaqlar müəllimlərini görəndə pərən-pərən olurdular. Müəllimləri ilə qarşılaşacaqlarını görüb, yollarını dəyişirdilər.

   Müəllim-şagird münasibəti bir dəfə yarandısa, ölənədək davam edir. Onlar bizim müəlllimlərimizdir. Nəinki hər gün dərslərimiz başa çatandan, hətta məktəbi bitirəndən sonra da şagirdlik hissi bitmir. Yenə də qarşılaşanda ehtiram göstərəcəyin, minnətdarlıqla xatırlayacağın biri deməkdir bizim üçün müəllim.

   Artıq yeniyetməlik, ilk gənclik çağlarını yaşayan məktəblilər kənd toylarında qol qaldırıb süzəndə gözləri müəllimlərinə sataşan anda ortalıqdan çıxırdılar. Haqq üçün elə müəllimlər də özlərini kəndin sıradan bir sakini – lap oxumuşu, həkimi, mühəndisi, mühasibi kimi aparmırdılar. Elə onlar da “şagirdlərimdən ayıbdır”, düşüncəsiylə çox şeyləri özlərinə yasaq edirdilər. Müəllimlər seçilmiş insanlarıydı. Bunu özləri də belə bilirdilər, şagirdləri də. Əlbəttə, o zaman da oxuyanlar da, oxumayanlar da vardı. Ancaq müəllimə münasibətdə şagirdlərin zəifi, əlaçısı olmazdı.

   Nə dəyişdi? Bu günlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinin birində “Bakı məktəbində şagirdlər müəllimi belə təhqir etdilər” başlıqlı yazını oxuyandan sonra bu barədə çox düşündüm. Xəbərdə bildirlirdi ki, videoda dərs zamanı müəllimin qarşısında rəqs edənlər Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 226 saylı məktəbin “11B” sinifinin şagirdləridir. “Youtube”də yayımlanan, bu günün təbirincə desək, izləmə rekordlarını qıran və qısa müddətdə sosial şəbəkələrdə də müzakirəyə səbəb olan videoda sinif otağında halay vurub, cani-dildən oynayan şagirdlərin müəllimə qarşı təhqiramiz hərəkətlər etdikləri də nəzərdən qaçmır. Müəllim isə aciz, yazıq görkəmlə onları dayandırmağa çalışır.

   Bəziləri bu fikirdədirlər ki, məktəblərdə daha çox kişilərin dərs deməsi təlim-tərbiyənin yüksəlməsinə şərait yaradır. Amma bu videoçəkiliş həmin fikrin doğru olmağını göstərir. Şagirdləri qarşısında rəqs edən cüssəli bir müəllimdir. Bu məsələnin başqa tərəfi də var. Müəllim əsəblərini cilovlaya bilməyib o şagirlərə bir-iki şillə çəkmiş olsaydı, indi kütləvi informasiya vasitələri səs-səsə vermişdilər, Təhsil Nazirliyinə müraciət etmişdilər və ordan da dərhal cavab gəlmişdi. Necə ki, bir neçə ay bundan qabaq belə bir videoçəkiliş olmuşdu. Şagirdlərini döyən müəllim sonra and-aman edirdi ki, onların sinifdə müəllimənin və digər şagird yoldaşlarının qarşısında söyüş söymələrindən hiddətlənib, əsəblərini cilovlaya bilməyib.

   Şübhəsiz, mən şagirdlərin məktəblərdə döyülməsinin əleyhinəyəm. Və təbii ki, bunu da bilirəm: orta məktəb illərinin öz ab-havası var. Kimi dindirsən, özünün, ya da sinif yoldaşlarının məktəb macəralarından danışacaq. Sınıq stulu quraşdırıb qoyaraq, müəllimin gəlib əyləşməsini gözləməkdən, stula tabaşir yaxmaqdan belə nə qədər istəsən, əhvalat eşidərsən. Hətta bizdən bir sinif yuxarıda oxuyan şagirdlər hardansa, hinduşka tutub gətirmişdilər. Məktəbimizə yeni gələn və ilk dərs ili olan gənc müəllim azadlığa çıxmaq üçün haray çəklən hinduşkanı sinifdə tapanadək xeyli əziyyət çəkməli olmuşdu. Axırda onu elə özü əyləşdiyi müəllim stolunun örtülü çəkməsindən tapıb, çıxartmışdı.

   Şagirdlər bu oyunları ən çox belə təcrübəsiz müəllimlərin başına gətirirdilər. Sonra məsələyə direktor, sinif rəhbəri qarışırdı. Nə qədər sorğu-sual olunsa da, kimsə elədiyini boynuna almır, kimsə kimsəni ələ vermirdi. İsrarla: “Bizdən əvvəl kimsə sinfə gəlib eləyib bunu, xəbərimiz yoxdur, görməmişik”, - deyirdilər, ya da, sadəcə, susurdular.

   Dəcəllik və hörmətsizlik bir-birindən tamami ilə fərqli anlayışlardır. Bu gün Azərbaycanın yalnız bir orta məktəbində deyil, çoxunda müəllim-şagird münasibətlərində problemlər mövcuddur. Səbəblərin xeyli hissəsi hər kəsə məlumdur. Orta məktəblərdə müxtəlif adlarla pul yığılması, şagirdin dərs müddədində müəllimindən ala bilmədiyi bilikləri, elə onun özündən repititor kimi pul verib alması və sairə. Bir səbəb də şagirdlərin cəzasiz qalacaqlarından, ya da çox yüngül cəza ilə canlarını qurtaracaqlarından arxayın olmalarıdır. Müəllimin verdiyi qiymətin aşağı olması onları çox vaxt maraqlandırmır, çünki onsuz da birtəhər sinifdən-sinfə keçəcəklər.

   Müəllimin nüfuzu enərsə, onun öyrətdiklərinin də bir anlamı qalmaz. Çünki hansı fənni tədris eləməyindən asılı olamayaraq, pedaqoqlar həm də həyatı, insanlığı, müqəddəs duyğuları aşılamalıdırlar. Buna görə də müəllim-şagird münasibətlərində yaranan boşluq yalnız təhslimizin deyil, həm də cəmiyyətimizin problemidir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı