Modern.az

Tibb Universitetində 931 tələbə ilk dəfə Bilik gününə qatıldı

Tibb Universitetində 931 tələbə ilk dəfə Bilik gününə qatıldı

Təhsil

16 Sentyabr 2013, 13:40

ATU rektoru Əhliman Əmiraslanov, YAP icra katibi Əli Əhmədov, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli və digər qonaqlar iştirak ediblər.

İlk olaraq akademik Əhliman Əmriaslanov tədris ilinin açılışına toplaşan qonaqları salamlayıb.  Bu il tələbə adını qazanan gəncləri təbrik edən ATU rektoru Azərbaycan dövlətinin səhiyyənin inkişafına göstərdiyi qayğıdan söz açıb. Ə.Əmiraslanov bir neçə gün öncə prezident İlham Əliyevin Tədris-Cərrahiyyə Klinikasının açılışına qatıldığını xatırladadaraq deyib: “Yeni klinika istər tədris, istər elmi, istər müalicə-profilaktika, müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş imkanlara malik olan, dünyanın bir çox universitetlərinin klinikaları ilə bir səviyyədə dayana biləcək bir klinikadır. Universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Tələbələrimizə yalnız səy göstərib yaxşı oxumaq qalır”.

Akademik gəncləri yaxınlarda keçiriləcək prezident  seçkilərində aktiv olmağa, hər kəsi səsvermədə düzgün qərar verməyə çağırıb.

Millət vəkili Əli Əhmədov çıxışında müstəqillik dövrünü xatırladıb. Həmin illərdə ölkənin bütün sahələrində ağır şəraiti, səhiyyənin pis durumda olduğunu xatırladan Ə.Əhmədov son illərdə vəziyyətin tamamilə dəyişdiyini bildirib. O, son 10 ildə həm təhsil, həm də səhiyyə sistemində böyük irəliləyiş olduğunu qeyd edərək, bu uğurda rolu olduğuna görə ATU rəhbərliyini təbrik edib.

ATU psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli, kimya kafedrasının rəhbəri Dilqəm Tağıyev də universitetə ilk dəfə qədəm qoyan tələbələri təbrik ediblər, onlara uğur arzulayıblar. Qəbul imtahanında ən yüksək bal – 700 bal toplayan və artıq ATU-nun tələbəsi olan Osman Müslümov isə çıxışında bu qədim bilik ocağını seçdiyinə görə fəxr etdiyini söyləyib.

Qeyd edək ki, bu il ATU-ya 931 tələbə daxil olub. Onlardan 39 nəfəri hərbi tibb fakültəsini seçib. Qəbul imtahanında 600 baldan yuxarı toplayan 380 tələbə, 700 bal yığan 2 nəfər indi ATU-nun tələbəsi adını daşıyır. Bu il qəbul olanlar arasında 147 nəfər rezidenturaya, 10 nəfər magistratura tələbəsidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı